Zirvədə Qərarlaşan Əsas Ətraf Mühit Problemləri

Zirvədə Qərarlaşan Əsas Ətraf Mühit Problemləri

İnsanların fəaliyyət dairəsi genişləndikcə maddi nemətlər istehsalı və buna uyğun olaraq tullantıların həcmi də artır. Ekoloji problemlərin həyatımıza necə təsir etdiyini göstərmək üçün tədqiqatçılar tərəfindən yüzlərlə araşdırma aparılmışdır. Lakin insanların çoxu bu dəyişikliklərə səbəb olan konkret məsələlərdən xəbərdar deyildir.

Tullantıların əmələ gəlməsi

Tullantılar insan sağlamlığına təhlükə yaratmaqla yanaşı, ətraf mühiti çirkləndirir. Gündəlik həyatda insan orta hesabla 2 kq tullantı əmələ gətirir, təkcə ABŞ-da bu rəqəm ildə 220 milyon ton təşkil edir. Bu tullantıların böyük bir hissəsi atılır və nəticədə külli miqdarda metan əmələ gəlir. Metan partlayış təhlükəsi yaratmaqla yanaşı, yüksək istiləşmə potensialına görə ən pis istixana qazlarından biridir. Daim sayı artan əhalinin nəqliyyata ehtiyacı vardır. Nəqliyyatın böyük bir hissəsi neft məhsulları kimi ətraf mühitə istixana qazları emissiya edən təbii resurslarla hərəkətə gətirilir. 2014-cü ildə ətraf mühitə emissiya edilmiş bütün istixana qazı tullantılarının 26%-i nəqliyyatın payına düşmüşdür. Bundan başqa, nəqliyyat təbii yaşayış mühitinin məhvi və hava çirkliliyinin artması kimi bir sıra ekoloji problemlərə səbəb olur.

İqlim dəyişiklikləri

İqlim dəyişiklikləri və canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) tərəfindən aparılan statistikaya əsasən 1880-ci ildən bəri qlobal istilik 1,70C artmışdır. Bu da Arktik buz örtüyünün 13,3% azalması ilə birbaşa əlaqəlidir. Azərbaycan da qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə ərazimizdə orta illik temperatur 1,30C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 ildə kiçik dağ çaylarında sel və daşqınların sayı artmışdır.

Mədəni bitkilərin genetik modifikasiyası

Süni kimyəvi preparatların yaratdığı ekoloji problemlər aydın şəkildə özünü büruzə verir. Məsələn, ABŞ-da “Monarx” kəpənək populyasiyasında 90% azalma olmuşdur ki, bu da qlifosat tərkibli alaq otu öldürücülərinin mənfi təsiri ilə əlaqələndirilir. Genetik cəhətdən modifikasiya olunmuş bitkilərin kimyəvi birləşmələri kökləri vasitəsilə torpağa daxil olub mikroorqanizmlərə təsir edir.

Əhali artımı

Ekoloji problemlərin çoxu ötən əsrdə Yer kürəsinin yaşadığı kütləvi əhali artımından qaynaqlanır. Planetimizdə əhali artımı ildə 1,13% təşkil edir ki, bu da 80 milyon insan sayına bərabərdir. Əhali artımı şirin su çatışmazlığı, vəhşi heyvanlar üçün yaşayış yerlərinin itirilməsi, təbii ehtiyatlardan həddindən artıq istifadə, flora və fauna növlərinin məhv olması kimi bir sıra problemlərə yol açır. Hazırda ildə 30000 növ itkisi baş verir.

Turşu yağışı

Turşu yağışı havanın tərkibində olan kükürd və azot oksidlərinin su molekulları ilə birləşərək turşu əmələ gətirməsi nəticəsində baş verir. Əsasən yanacaq yanması zamanı ətraf mühitə atılan kimyəvi maddələr səbəbindən meydana gəlir. Turşu yağışının təsiri ən çox su ekosistemlərində özünü büruzə verir. İsveçdə 14000-dən çox gölün suyu yüksək turşuluğa malikdir. Qabaqlayıcı tədbirlər görülməzsə, 2100-cü ilə qədər okean turşuluğunun 150% artacağı güman edilir. Suyun turşuluğunun artması heyvanların ölümünə səbəb olur. Bu hadisə ağaclara da mənfi təsir göstərir. Avropada hər 40 ağacdan biri turşu yağışlarından ziyan çəkir. Turşu yağışı ağacları birbaşa məhv etməsə də, yarpaqlara ciddi ziyan vurur və ağacları zəhərləyərək mövcud qidaları qəbul etməsini məhdudlaşdırır.

Su hövzələrinin çirklənməsi

Yer kürəsindəki su ehtiyatlarının 97,5%-i şor, yalnız 2,5%-i içməli sudan ibarətdir. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, son 100 il ərzində içməli suya olan tələbat əhalinin artım tempinə nəzərən 2 dəfə artmışdır. İçməli şirin su həyat üçün çox vacibdir, lakin insan fəaliyyəti nəticəsində hər il getdikcə daha çox su mənbələri çirklənməyə məruz qalır. Qlobal miqyasda hər gün 2 milyon ton kanalizasiya suyu, kənd təsərrüfatı və sənaye tullantıları sulara qarışır. Dənizlərdə suyun çirklənməsi reproduktiv dövrləri dəyişir və ölüm səviyyəsini artırır. Bu vəziyyət davam edərsə, artıq 2030-cu ildə əhalinin 47 %-i su çatışmazlığı ilə üz-üzə qalacaq.

Ozon qatının dağılması

Atmosferə kimyəvi maddələrin, ilk növbədə xlor və bromidlərin atılması ozon qatının dağılmasına səbəb olur. Bu iki kimyəvi maddə minlərlə ozon molekulunu məhv etmək potensialına malikdir. Ozon qatının dağılması nəticəsində Yer səthinə daha çox ultrabənövşəyi şüa radiasiyası düşür. Ultrabənövşəyi şüalanma dəri xərçəngi və göz xəstəliklərinə səbəb ola bilir. Bu şüalanma bitki həyatına da təsir edir və dəniz mühitində planktonların azalmasına gətirib çıxarır.

Biomüxtəlifliyin azalması

Davamlı insan fəaliyyəti və fəaliyyət sahələrinin genişlənməsi biomüxtəlifliyin azalmasına gətirib çıxarmışdır. Biomüxtəlifliyin azalması nəticəsində gələcək nəsillər zərərvericilərə qarşı həssas bitkilər və şirin su mənbələrinin qıtlığı ilə üzləşəcəklər. Bəzi tədqiqatlar müəyyən etmişdir ki, bioloji müxtəlifliyin azalması iqlim dəyişiklikləri və ekosistemlərdəki çirklənmə qədər həyatımıza təsir göstərir. Bizi əhatə edən ekoloji problemlərin həlli üçün daha çox işlər həyata keçirilməlidir. Qabaqlayıcı tədbirlər görülmədiyi halda, planetin böyük əraziləri gələcəkdə yaşayış üçün əlverişsiz hala düşəcəkdir.

Meşələrin deqradasiyası

Son 30 il ərzində Azərbaycanda dağ meşələrinin sahəsi 5 dəfə, düzənlik və tuqay meşələrinin sahəsi isə 13 dəfə azalmışdır. Meşələrin ümumi sahəsi ölkə ərazisinin 14%-ni təşkil etsə də, meşə ilə örtülü sahələr 11%-dən artıq deyildir. Uzun müddət təbii qazın kəsilməsi, enerji daşıyıcılarının qıtlığı və baha qiymətə olduğundan əhali odun tədarük etmək məqsədilə meşələri qırmaqla məşğul idi. Bununla yanaşı, tikinti materialları və mebel istehsalı üçün qiymətli ağac növlərinin seçilərək qırılması da meşələrin deqradasiyasına səbəb olmuşdur. Son illərdə mal-qara sürülərinin artmasının meşələrə göstərdiyi mənfi təsiri də nəzərə almaq lazımdır.

https://ecavo.com/top-environmental-problems/