Zeytun Bitkisinin Əsas Zərərvericiləri

Zeytun bir sıra dünya ölkələrinin iqtisadiyyatında önəmli yer tutur. Təkcə Avropada 5 milyon hektar zeytun sahəsi mövcuddur. Azərbaycanda da becərilən zeytun bitkisinin zərərvericilərinin tədqiqatına XX əsrin əvvəllərindən İ.V.Fiqurkovski, A.A.Mədətzadə, F.O.Əmirov və Y.İ.Həsənov kimi alimlər tərəfindən başlanılmışdır.

Respublikamızın ərazisində aparılan tədqiqatlar nəticəsində mədəni zeytun bitkilərində 15 fəsiləyə aid 38 növ zərərverici aşkar edilmişdir. Bu növlərdən 19-u Homoptera, 12-si isə Coleoptera dəstələrinə aiddir. Hazırkı dövrdə zeytun təsərrüfatlarına ən çox ziyan vuran həşəratlar zeytun qurdu və zeytun milçəyidir. Müxtəlif mənşəli zərərverici, xəstəlik və invaziv növlərə qarşı profilaktik tədbirlərin görülməməsi plantasiyalara çox ciddi ziyan vura bilər.

Zeytun birəsi

Təhlükəli zərərverici sayılan zeytun birəsi erkən yazda tumurcuqların, daha sonra cavan zoğların toxumalarının şirəsini soraraq onları zədələyir. Nəticədə zoğlar quruyur, qönçə və çiçəklər tökülür. O, həmçinin zərərverici çiçəklərin tozlanmasına da mane olur. Yaşlı həşəratlar ağaclarda qışlayır.

Zeytun cüzamı

Göbələk mənşəli xəstəlik olub patogen ksilella bakteriyası tərəfindən yayılır. Bu bakteriya ağac tərəfindən suyun mənimsənilməsinin qarşısını alır. Nəticədə ağac quruyub məhv olur və meyvələri tökülür. Meyvələrin üzərində həmçinin qəhvəyi ləkələr ortaya çıxır. Xəstəlik çox yayıldıqda yarpaqları da zədələyir. Vegetasiyanın əvvəlində avqust-sentyabr aylarında xəstəliyə qarşı ağacları 1%-li Bordo mayesi ilə ikiqat çiləmək lazımdır. Hazırda bu problemin ən effektiv həlli yoluxmuş ağacların kəsilərək yandırılması və bakteriyanın yayılmaması üçün bufer zonaların yaradılmasıdır.

Zeytun güvəsi

Bu ziyanvericinin tırtılları bitkinin yarpaq, qönçə, çiçək və toxumlarının nüvəsini zədələyir. Nəticədə zeytun ağacının yarpaq və meyvələri vaxtından əvvəl tökülür. 

Zeytun milçəyi

Bu ikiqanadlı həşərat 2014-cü ildən etibarən Avropa və Ön Asiyada geniş yayılmışdır. O, zeytun təsərrüfatlarına kütləvi ziyan vuraraq məhsulun 70%-ə qədər itkisinə səbəb ola bilir. Bu səbəbdən 2014-cü ildə təkcə İtaliyada zeytun yağının istehsalı əvvəlki ilə nisbətən 70% azalmışdır. 2020-ci ildə Azərbaycanda da bəzi plantasiyalarda məhsulun 80-90%-i yararsız hala düşmüşdür. Bu zərərverici zeytunun meyvələrini zədələyir. İyun-iyul aylarında dişi fərd meyvənin qabığını deşərək yumurta qoyur və il ərzində 2-5 nəsil verir. Təxminən 15-20 gündən sonra yumurtalardan çıxan sürfələr zeytun mevvəsinin ləti ilə qidalanır və yoluxmuş meyvələr tökülərək istifadə üçün yararsız hala gəlir. Həmçinin sürfələr zeytun çəyirdəyi ətrafında kanallar açaraq çürüməyə səbəb olur. Qeyd edilən faktlar ölkəmizdə bitki mühafizəsi məsələsini kəskin şəkildə aktuallaşdırır. Hazırda feromon tutucu tələlər ziyanvericilərə qarşı ən effektiv mübarizə üsulu hesab edilir. Bu məqsədlə beynəlxalq təşkilatlar və aidiyyəti qurumlarla birlikdə feromon sintezi metodikasının işlənib hazırlanması və kütləvi istehsalı məsələsinin araşdırılması vacib məsələlərdir. Müsbət nəticə əldə edilərsə, bu işlər digər bitkilər üzərində də həyata keçirilə bilər.

  Elman Yusifov

 "Ekostil-Azərbaycan" Təbiəti Mühafizə İctimai Birliyinin sədri / Fizika üzrə fəlsəfə doktoru