Yeni İntroduksiya Olunmuş Gilas Sortları

Quba Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzi və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən gilas bitkisinin Regina, Kordia, Summit, Burlat, Ziraat-0900 kimi sortları ölkəmizə introduksiya olunmuş və bu sortlar üzrə yeni meyvə bağları salınmışdır. Bunlardan başqa, gilas bitkisinin GiselA-5, GiselA-6 və MaxMa-14 calaqaltı formaları da introduksiya edilmişdir.

Regina

İlk dəfə 1981-ci ildə Almaniyada bazara çıxarılmışdır. Reginanın meyvələri iri, tünd-qırmızı və dadlıdır. Saplağı uzun və qalındır. Meyvəsinin kütləsi 11-12 qramdır. Ağacları dik piramida şəklində inkişaf edir və olduqca məhsuldar sortdur. Təxminən 25 iyun-5 iyulda yetişir. Bir çox bölgələrdə Regina sortu tozlayıcı kimi Ziraat-0900 üçün istifadə oluna bilir.

Ən yaxşı tozlayıcıları Starks Gold, Kordia, Schneiders Nordvander, calaqaltıları isə Maxima-14, SL-64 və Brookforestdir. Dəniz səviyyəsindən 1000 m yüksəklikdə olan ərazilərdə əkilməsi daha məqsədəuyğundur.

Kordia

Bu sort Çexiya mənşəlidir, Şərqi və Qərbi Avropada geniş yayılmışdır. ABŞ-da Attika olaraq tanınır. Gecyetişən sortdur və təxminən 5-15 iyulda yetişir. Sərt və çatlamaya qarşı davamlıdır. Meyvəsi ürək şəklindədir.

Burlat

Fransa mənşəli sortdur. Məhsuldarlığı sabitdir. Meyvəsinin kütləsi 8-8,5 qramdır. Rəngi tünd-qırmızı və parlaqdır. Yığım may ayının ikinci ongünlüyündə başa çatır. Ən yaxşı tozlayıcıları Giorgia və Lapins sortlarıdır.

Ziraat-0900

Gec çiçəkləyən sortdur. Meyvəsi qırmızı və uzun saplaqlıdır. Çatlamaya qarşı davamlıdır. Meyvənin orta kütləsi 8,5-9 qramdır. Klon calaqaltılar üzərində tam məhsula 7-8-ci ildə düşür və bu zaman ağacın məhsuldarlığı 30-35 kq-a çatır.

Ağacların məhsula düşməsi prosesinin tezləşdirilməsi ilə bağlı problemlərin həlli günün aktual məsələlərindəndir. Məhsula düşmə sortun genetik xüsusiyyətləri ilə yanaşı, calaqaltı, cərrahi əməliyyatlar və fizioloji fəal maddələrin (FFM) tətbiqindən də asılıdır. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, klon calaqaltıların tətbiqi ilə ağacların məhsula düşməsi 2-5 il tezləşə bilir. Meyvə bitkilərinin biometrik göstəriciləri və məhsuldarlığı sort xüsusiyyəti və becərilmə şəraiti ilə yanaşı, calaqaltıdan da xeyli asılıdır. Belə ki, vegetativ calaqaltılarda fotosintetik potensialın artması hesabına hüceyrə şirəsinin qatılığı da yüksəlir. Nəticədə ağac hər il müntəzəm şəkildə məhsul verir.

Eyni zamanda vegetativ calaqaltıya calanmış bitkilər tez məhsula düşür və meyvələri iri olur. Bu bitkinin çətir həcminin kiçik olması vahid sahədə bitki sayını artırmağa və məhsuldarlığı yüksəltməyə imkan verir. Bütün bunları nəzərə alaraq respublikamızın ərazisinə gilas bitkisinin GiselA-5, GiselA-6, MaxMa-14 kimi klon calaqaltı formaları introduksiya edilmişdir. Son 20 il ərzində əkilmiş bağlar, əsasən klon calaqaltılar üzərində olan sortlardan salındığı üçün burada sıxlaşdırılmış əkin sxemlərindən istifadə edilmişdir. Buna görə də həmin bağlarda tətbiq olunan aqrotexniki tədbirlər ekstensiv və adi intensiv tipli bağlardakı texnologiyadan kəskin şəkildə fərqlənir.

 

Belə ki, superintensiv tipli bağlarda bitkilər şpalerdə becərildiyindən budama işləri tamamilə başqa istiqamətdə aparılır. Sahə damcılama üsulu ilə suvarılır. Modern gilas bağlarında bir çox formavermə üsullarından istifadə edilir. Ölkəmizdə daha çox tətbiq olunan tərbiyə sistemi “goble (açıq kasa) sistemi”dir. Üç əsas budaqdan ibarət olan bu forma demək olar ki, bütün meyvə bitkilərinə tətbiq edilə bilər. Goble tərbiyə sistemində gövdənin hündürlüyü 15-80 sm olur. Bu zaman gövdədə 3-5 ədəd əsas budaq və müxtəlif uzunluqlarda kiçik meyvə budaqcıqları inkişaf edir.

Goble tərbiyə sisteminin üstün cəhətləri aşağıdakılardır:

• Asan tətbiq olunur;

• Dayaq sistemi və ağaclarda təpə kəsimi tələb olunmur;

• Tətbiq xərcləri aşağıdır;

• Aqrotexniki tədbirlər sistemi asanlıqla həyata keçirilir.

 Divar şəklində bağın qurulması nəticəsində bu sistem ağacların tez məhsula düşməsinə səbəb olur. Sistemin qurulması üçün 4-5 sıra tel lazımdır. Tinglər 450 bucaq altında əkilməli və 50 sm yüksəklikdə ən aşağıdakı telə bağlanmalıdır. Telin aşağısındakı zoğlar inkişaf etdikcə kəsilir. Martda ana gövdənin boyu ona ayrılan hündürlüyü keçibsə, uc hissələri yuxarıya doğru yönəldilməlidir. Yazın ortasında hər hansı bir zoğ həddindən artıq böyüyübsə, onu kəsib götürmək lazımdır. Üst telə çatan 10 ədəd dik budağı tellərə bağlayıb onlardan meyvə əldə etmək lazımdır. Bu sistemin əsas xüsusiyyəti zəif inkişaf etmiş dik budaqların kəsilməsidir. Son zamanlar müasir bağlarda UFO ( Upright Fruiting Offshoots ) sistemindən istifadə olunur.

İslam Bəyəhmədov

Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Aqrar elmlər üzrə fəlsəfə doktoru