Azərbaycanda Yeni Çiyələk Sortları Əkilir

Çiyələk çiçəkli bitkilər aləminin örtülütoxumlular şöbəsi, ikiləpəlilər sinfi, gülçiçəklilər fəsiləsi və Fragaria cinsinə aiddir. Saçaqlı kök sisteminə malik ot tipli bitkidir. Kök sistemi yaxşı drenaj edilmiş münbit torpaqlarda 60-70 sm dərinliyə qədər inkişaf edir. Çiyələk çox qısa gövdəyə malikdir. Yarpağı 3 ayadan ibarətdir və kənarları dişlidir. Çiyələyin hər altıncı yarpağı birinci yarpağın üzərinə düşür. Yarpaqlar üçhissəlidir. Belə ki, bığcıq üzərində olan yarpaqlar sıx birləşib qırçın əmələ gətirir. Yazda temperaturun artması nəticəsində rüşeym yarpaqları 2-3 həftə sonra tam inkişaf edir. Yarpaqlar il ərzində 2 dəfə təzələnir. Kollar yaz boyunca qoltuq tumurcuqlarından meydana gələrək inkişaf edir. Yarpaqların sayı çiyələyin məhsuldarlığına təsir göstərən əsas amillərdən biridir. Çiyələyin çiçəkləri salxım şəklindədir. Bir çiyələk növündə nə qədər çox yarpaq varsa, o qədər çox çiçək salxımı vardır.

Hər çiçək topasında 5-14 ədəd çiçək olur. Kolun çiçəkləməsi 25 gün, bir çiçəyin ömrü 4-6 gündür. Çiçəklər ikicinsiyyətli və özübarlıdır. Çiyələyin özübarsız sortları da vardır. Çiyələk meyvəsi yalançı meyvədir. Çiçəklər mayalandıqdan sonra sürətlə inkişaf edir. Bir çiçək yatağında çoxlu giləmeyvə olur və bunlar bir-biri ilə üzvi əlaqədə olmadan sərbəst yerləşir. Buna görə də çiyələk meyvəsi yığım giləmeyvə adlanır. Çiyələk sortları ilk dəfə Şimali Amerikada seleksiya yolu ilə əldə olunmuş, daha sonralar Avropada becərilmişdir. Dünyada çiyələyin 10 mindən çox sortu vardır. Azərbaycanda daha çox Madam Muto, Mısovka, Komsomolka, Talisman, Festival və Zenqa Zenqana çiyələk sortları yayılmışdır. 2019-cu ildə İngiltərədən ölkəmizə 5 çiyələk sortu introduksiya edilmişdir. Həmin sortlar Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi adına Elmi-Təcrübə Bazasında sınaq sahəsinə əkilmişdir.

Aşağıda yeni introduksiya olunmuş çiyələk sortlarının pomoloji təsviri verilmişdir:

Kristin

İngiltərəli seleksioner Derek Jennings tərəfindən əldə edilmişdir. Meyvəsi konusvari, parlaq qırmızı rəngli və iridir. Əla dad keyfiyyətinə və ətrə malikdir. Vertisillioz soluxma və unlu şeh xəstəliklərinə qarşı davamlı, fitoftoroz xəstəliyinə qarşı isə həssasdır.

Florens

1997-ci ildə seleksioner Late Midseason tərəfindən EM931 X EM972 formalarının hibridləşməsi nəticəsində əldə edilmişdir. Meyvəsi küt konusşəkilli, parlaq narıncı və ya qırmızı rənglidir. Kolu və yarpaq ayası iridir. Vertisillioz soluxma və meyvə çürüməsi xəstəliklərinə qarşı davamlı, unlu şehə qarşı isə həssasdır.

Kubid

2002-ci ildə EM786 X EM701 formalarının hibridləşməsi nəticəsində əldə edilmişdir. Meyvəsi iri konusvari formalıdır. Vertisillioz soluxma, fitoftoroz, qara ləkə və unlu şeh xəstəliklərinə qarşı davamlıdır.

Flamenko

2002-ci ildə Evitata sortu və EMR77 formasının hibridləşməsi nəticəsində əldə edilmişdir. Meyvəsi yumru konusvari formalıdır. Yarpağı iri və tünd-yaşıldır. Vertisillioz soluxma xəstəliyinə qarşı davamlı, unlu şeh xəstəliyinə qarşı isə nisbətən həssasdır.

Fenella

2001-ci ildə EM931 x EM972 formalarının hibridləşməsindən əldə edilmişdir. Meyvəsi konusvari formalı olub qırmızı rənglidir. Kolu möhkəmdir. Yüksək məhsuldarlığa malikdir. Vertisillioz soluxma və unlu şeh xəstəliyinə qarşı davamlıdır.

İntroduksiya edilmiş çiyələk sortları müasir texnologiyaya əsasən 80x35 m əkin sahəsində tirə üzərində əkilmişdir. Sahənin suvarılması üçün müasir tipli damla suvarma sistemi qurulmuşdur. Vegetasiya dövrünün əvvəlində suvarma həftədə 2 dəfə, yüksək temperatur şəraitində gündəlik 2 saat olmaqla həyata keçirilmişdir. Bununla yanaşı, sahədə mütəmadi olaraq alaq otları və ilbizlərə qarşı mübarizə tədbirləri aparılmışdır. Çiyələk yarpaqlarında müşahidə edilən qida çatışmazlığına qarşı aprel ayında Ditianon tərkibli Delan və 6%-li dəmir tərkibli Oligo Optimum İron mikroelementlərindən istifadə olunmuşdur. İntroduksiya edilmiş çiyələk sortları üzərində fenoloji müşahidələr aparılmışdır və nəticələri aşağıdakı cədvəldə verilmişdir.

 

Cədvəldə qeyd olunduğu kimi introduksiya olunmuş Kristin və Flamenko çiyələk sortları daha tez məhsul vermişdir. Florens çiyələk sortu digər sortlardan meyvəsinin daha iri olması ilə fərqlənmişdir. İntroduksiya olunmuş bu çiyələk sortlarının hər biri respublikamızın torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşmış və gələcəkdə əkin üçün fermerlərə tövsiyə olunmuşdur.

 Bahar Eldarova

 Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu İnformasiya və elmi nəticələrin tətbiqi şöbəsində baş mütəxəssis