Perspektivli Noxud Nümunələrinin Təsərrüfat Əhəmiyyətli Göstəriciləri

Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı məhsullarının, o cümlədən paxlalı məhsulların istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsi əsas rol oynayır. Paxlalı bitkilər, əsasən cərgəarası becərilir və nisbətən quraqlığa davamlıdır. Respublikamızın torpaq-iqlim şəraiti paxlalı bitkilərin becərilməsi üçün çox əlverişlidir. Bu bitkilərin dəni vitamin, şəkər və amin turşuları ilə zəngindir. Dənin tərkibində olan triptofan, lizin, metionin, valin və leysin kimi amin turşuları insan və heyvan orqanizmlərinin inkişafında mühüm rol oynayır. Bununla yanaşı, metionin və triptofanın çoxluğuna görə noxud bitkisi digər paxlalı bitkiləri qabaqlayır.

Paxlalı bitkilər gübrə istifadəsini azaltmaqla bərabər, növbəli əkinlərdə əvəzolunmaz sələf bitkisi rolunu da oynayır.

Noxud qiymətli paxlalı bitkidir. Bu bitki Asiya, Mərkəzi və Cənubi Amerikada daha çox yetişdirilir. Dənin qidalılığı baxımından bu qrupa daxil olan bütün bitkilərdən üstündür. Noxudun dəni eyni zamanda mineral maddə, vitamin və başqa qiymətli bioloji maddələrin mənbəyidir. Zülallarla zəngin olan dənin tərkibində 8,2% yağ, həmçinin 60% nişasta və şəkər vardır. Respublikamızda bu bitkinin istehsalını artırmaq üçün yüksək keyfiyyətli və xəstəliklərə davamlı sortların yaradılması, toxumçuluğun təşkili, becərmə texnologiyalarının müəyyən edilməsi, yığımın mexanikləşdirilməsi və təsərrüfatlarda tətbiq edilməsi qarşıya qoyulmuş əsas məqsədlərdən biridir.

Material və metodlar

Tədqiqat obyekti olaraq 290 noxud nümunəsi götürülmüşdür. Bitkilərin üzərində fenoloji müşahidələr, tarla duruşu, xəstəliklərə davamlılığın qiymətləndirilməsi Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin (ICARDA) təklif etdiyi metodika əsasında aparılmışdır. Tarla təcrübələrində bitkilər 8 m2 sahədə 4 təkrarda becərilmişdir. Vegetasiya müddətində noxud bitkilərinə N30P60K45 normasında gübrə verilmişdir. Tarla təcrübələri 2019-cu ildə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatında aparılmışdır.

Məqsədyönlü seleksiya işlərinin aparılmasında bitkilərin vegetasiya müddətinin uzunluğu, bitki boyu, xəstəliklərə davamlılığı və məhsuldarlığı kimi göstəricilərə xüsusi diqqət yetirilir. Odur ki, paxlalıların bu göstəricilərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Fenoloji müşahidələrdən aydın olmuşdur ki, tezyetişən nümunələr 5 iyun, gecyetişən nümunələr isə 12 iyunda yetişmə fazasına daxil olmuşdur. Aralarındakı fərq 8 gündür.

Perspektivli noxud nümunələrinin təsərrüfat əhəmiyyətli əsas göstəriciləri

 

Noxud bitkisinin təsərrüfat əhəmiyyətli əsas göstəricilərindən biri də boyudur. Uzunboylu bitkilərin mexaniki yığımı zamanı daha az məhsul itkisinə yol verilir. Tədqiq olunan nümunələrin 6%-nin boyu 40 sm-dən qısa, 94%-nin boyu isə 40 sm-dən hündür olmuşdur. Noxud bitkisinin məhsuldarlığını məhdudlaşdıran əsas amillərdən biri də onun askoxitoz və fuzarioz xəstəliklərinə yoluxmasıdır. Bu xəstəliyə yoluxmuş bitkilər zəif inkişaf edir və assimilyasiya orqanlarının fotosintetik aktivliyi aşağı düşür.

Xəstəliyə tutulma dərəcəsi yüksək olan hallarda isə barvermə orqanları əmələ gəlməmiş bitkilər tələf olur. Nümunələrin xəstəliklərə davamlılığı 9 ballıq şkala əsasında qiymətləndirilmişdir. Noxud nümunələrinin askoxitoz xəstəliyinə davamlılığı metodikaya uyğun olaraq çiçəkləmə, paxlanın əmələ gəlməsi və yetişmə fazalarında öyrənilmişdir. Noxud bitkisinin ərzaq və toxum kimi istifadə olunmasında əsas göstəricilərdən biri də dənin iri və dolu olmasıdır. Buna görə də nümunələrdə 100 dənin kütləsi müəyyən olunmuşdur. Nümunələrdə 8,3% dənin kütləsi 30 qramdan az, 83,3% dənin kütləsi 30-40 qram arasında, 8,4% dənin kütləsi isə 40 qramdan çox olduğu məlum olmuşdur. Beləliklə, məhsuldarlığa nəzər saldıqda noxudun Seçmə L. nümunəsinin fərqləndiyi aydın olur və ondan seleksiya işlərində başlanğıc material kimi istifadə etmək daha məqsədəuyğundur.

Kamilə Şıxəliyeva

AMEA Genetik Ehtiyatlar İnstitutunda böyük elmi işçi / Biologiya elmləri üzrə fəlsəfə doktoru