Kənd Təsərrüfatının İnkişafında Mikrobiologiyanin rolu

Mikroorqanizmlər insanların təsərrüfat fəaliyyətində əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, təbiətdə baş verən hadisələri produksiya, destruksiya, tənzimləmə və indikasiya kimi xarakterizə etsək, mikroorqanizmlərin bu proseslərin aktiv və əvəzedilməz iştirakçısı olduğunu görmək olar. Mikroorqanizmlər bitki qalıqlarının deqradasiyası, torpaqəmələgəlmə, humusun sintezi və deqradasiyası, torpağın fitosanitar vəziyyətinin yaxşılaşdırılması, atmosfer azotunun fiksasiyası və torpaqda bioloji aktiv maddələrin toplanması kimi proseslərdə mühüm funksiya daşıyır.

Mikroorqanizmlərin elmə məlum olan minlərlə növü vardır. Buna baxmayaraq, insanlar tərəfindən təsərrüfatda istifadə edilən mikroorqanizmlər həddindən artıq azdır və bu göstərici elmə məlum olan növlərin 1%-ni təşkil edir. Ancaq bu rəqəm getdikcə yüksəlməkdədir. Bu artıma səbəb mikroorqanizmlərin tez böyümə sürəti və asan becərilmə texnologiyasına malik olması, onlardan istifadənin ekoloji cəhətdən təhlükəsiz və iqtisadi baxımdan səmərəli olmasıdır. Hazırda demək olar ki, bütün sahələrdə mikroorqanizmlərdən istifadəyə yer verilir.

Belə sahələrdən biri də kənd təsərrüfatıdır. Bioloji mülahizələrə görə, bitki mənşəli məhsullar qida rasionumuzun əvəzsiz komponentidir. Bu səbəbdən də kənd təsərrüfatında məhsuldarlığın artırılması və istehsal edilən məhsulların səmərəli istifadəsinə imkan verən metodların hazırlanması aktual məsələlərdən biridir. Kənd təsərrüfatında mikrobiologiya elminin rolu mühüm və çoxşaxəlidir.

 

Kənd təsərrüfatında mikrobiologiya elminin müddəalarından ilk dəfə turş süd məhsullarının alınmasında, daha sonra çörəkbişirmə və spirtli içkilərin istehsalında istifadə olunmuşdur. İstehsal edilən məhsulların həm miqdarı, həm də çeşidləri getdikcə artmışdır. Mikrobiologiyanın köməyilə kənd təsərrüfatında mikrob mənşəli bioloji aktiv maddələrin istehsalı prosesi baş verir. Biopreparatların istehsalı üçün bakteriya və göbələklərdən istifadə edilir.

Biopreparatlar birbaşa bitkilərin inkişafına təsir göstərir və xəstəliklərə davamlılığını yüksəldir. Həmçinin biopreparatlardan bioloji mübarizədə də istifadə olunur. Bu məqsədlə Trichoderma cinsinə aid göbələklər daha perspektivlidir. Hazırda bu göbələklərdən alınan tixodermin preparatı dünyanın əksər ölkələrində geniş istifadə edilir. Trichoderma cinsinə aid göbələklərin Azərbaycanda yayılması və onların əsasında bioloji aktiv maddələrin istehsalının təşkil edilməsi üçün AMEA Mikrobiologiya İnstitutunda aparılan tədqiqatlar nəticəsində elmi və praktik baza yaradılmışdır. Bundan başqa, mikroorqanizmlərdən biohumus, biofungisid, biostimulyatorlar və heyvandarlıqda silos alınması üçün istifadə olunur.

Pənah Muradov

AMEA Mikrobiologiya İnstitutunun direktoru Biologiya elmləri üzrə elmlər doktoru