“Accessbank” Güzəştli Aqrokreditlər təklif edir

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. “AccessBank” dövlət xətti ilə verilən kreditlərin sahibkarlara, xüsusilə də aqromüştərilərə çatdırılmasında fəal iştirak edir.

Yevgeniya xanım, “AccessBank” dövlət xətti ilə sahibkarlara verilən vəsaitlərin onlara çatdırılmasında fəal rol oynayır. Bilmək istərdik, bank olaraq, kənd təsərrüfatı sahəsində çalışanlara hansı xidmətlərinizi təklif edirsiniz?

Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) xətti ilə dövlət tərəfindən verilən kreditlərlə yanaşı, bizim daxili kreditlərimiz də vardır. Bu kreditlər, əsasən daimi gəliri olmayan müştərilərə verilir. Kreditin maksimal məbləği 15000 AZN-dir və 9 ay güzəşt müddəti tətbiq olunur. Kredit 12-16% aralığında verilir. Komissiya haqqı 3%-dək təşkil edir.

Müştəri kredit üçün banka müraciət etdikdə sorğu bankdaxili analiz edilir və maksimum 1 gün ərzində müştəriyə cavab verilir. Təkrar müştərilərdə isə qərarvermə müddəti 2-3 saat çəkir. Bu məhsul sırf kiçik həcmdə bizneslə məşğul olan müştərilərə təklif olunur.

Mikrokreditlərlə bağlı şərtləriniz nələrdir?

“AccessBank”da istər aqro, istərsə də mikrokreditlərin maksimal müddəti 48 ayadəkdir. Məbləğ isə 500-100000 AZN aralığındadır. Faiz dərəcəsi müştərinin bankla münasibətinin tarixi, kreditin məbləği və tələb olunan müddətdən asılı olaraq təyin olunur, həmçinin güzəşt müddəti də verilir.

“AccessBank”dan aqrokredit götürməyin üstünlükləri nələrdir?

Bizim geniş filial şəbəkəmiz və mikrokreditləşmə sahəsində böyük təcrübəyə malik mütəxəssislərimiz var. Bu da bizə qısa müddət ərzində düzgün maliyyələşdirmə aparmağımıza kömək edir. Bizə müraciət edən hər bir vətəndaş müştəridən qabaq, tərəfdaşımızdır. Müştərini anlamaq, maliyyə dəstəyi göstərmək və məsləhət vermək əsas məqsədimizdir. Bu halda bank və müştəri arasında münasibətlər daha da yaxınlaşır və tərəflər arasında etibar artır. Bundan başqa, bankımızda sənədləşmə işi çox sadələşdirilmişdir. Məsələn, artıq bu ilin sentyabr ayından müştərilərimiz banka gəlmədən, bir telefon zəngi ilə və ya rəsmi saytımızda sorğu yaradaraq 10000 AZN-dək biznes krediti əldə edə bilərlər. Bu xidmətdən həm mikro, həm də aqromüştərilər yararlana bilərlər.

Azərbaycanda aqrar sahənin inkişafında “AccessBank”ın təklif etdiyi kreditlərin rolu böyükdür. Sizcə, bu sahədə uğurlu olmağınızın səbəbi nədir?

Bank olaraq verdiyimiz mikrokreditlərin təqribən 40%-ni aqrokreditlər təşkil edir. Kredit verdiyimiz sahələr arasında heyvandarlıq ilk sıradadır. Belə ki, müştərilərimiz aqrokreditlərin 25%-ni məhz heyvandarlığın inkişafı üçün götürmüşlər. Həmçinin burada bağçılıq və istixanalar da xüsusi paya sahibdir. Qeyd etmək istərdim ki, “AccessBank”ın müştəri bazasını, əsasən daimi müştərilər təşkil edir. Demək ki, biz müştərilərimizin güvənini qazanmışıq. İlk dəfə kredit verdiyimiz müştərilər daha da irəliləmək üçün yenidən bizə müraciət edirlər. Yeni müştərilər cəlb etmək və biznesin tələblərinə cavab vermək üçün daim yeniliklər edirik. Bizim kiçik biznes seqmenti üçün nəzərdə tutulmuş çoxlu planlarımız da var. Ümid edirik ki, bank-müştəri münasibətlərimiz daim inkişaf edəcək və biz gələcəkdə daha çox bizneslərə dəstək olacağıq!                 

 Yevgeniya Qaşikulina

 "AccessBank"ın İdarə heyəti sədrinin birinci müavini