Pandemiya Dövründə Heyvandarlıqda Süni Mayalanma İşi Diqqətdən Kənarda Qalmamalıdır

Ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıq sahəsində daha çox nəzərə çarpır. Heyvan mənşəli məhsulların istehsalı sürətlə artarsa, istehlakın yerli istehsal hesabına tam olaraq ödənilməsi məsələsi də öz müsbət həllini tapar. Bu da ilk növbədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məsələsini gündəmə gətirir. Heyvandarlıqda damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılmalı və səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilməlidir. Respublika Süni Mayalanma Mərkəzində Almaniya, Avstriya və Fransanın yüksək genetik potensiala malik qabaqcıl cinslərindən olan 17 baş törədici buğa saxlanılır. Düzgün təşkil olunmuş süni mayalanma zamanı törədici buğa 1 il ərzində 20-100 minə qədər, hətta bəzi hallarda toxumun keyfiyyəti, emalı və mayalanma texnikasından asılı olaraq daha çox inəyi mayalaya bilir. Toxumun alınması zamanı ən kiçik detallar nəzərə alınmalıdır. Fəaliyyətin düzgün təşkili heyvandarlıq təsərrüfatından əldə olunacaq gəlirlərin nəzərə çarpacaq dərəcədə artmasına imkan verir. Yoluxucu xəstəliklərə qarşı aparılan tədbirlərin sırasında süni mayalanmanın tətbiqi də əsas yer tutur. Təbii cütləşmə zamanı təsərrüfatlarda heyvanları yoluxucu brusselyoz, vibrioz və trixomonoz kimi xəstəliklərdən tam qorumaq mümkün deyildir. Bu xəstəliklər geniş yayılaraq heyvandarlığa böyük iqtisadi ziyan vurur. Süni mayalanma üçün toxum yalnız sağlam törədicilərdən alınır və antibakterial maddələrlə zərərsizləşdirilir. Süni mayalanma damazlıq-seleksiya işlərinin əsasını təşkil edir. Bu proses nəticəsində heyvandarlıqda qısırlığı azaltmaq və balalama faizini yüksəltmək mümkündür. Yeni bala vermiş heyvanların 40-60%-də gizli xəstəliklər müşahidə olunur. Heyvanlar süni mayalanma texniki tərəfindən tam müayinədən keçirilir və bütün bu xəstəliklər aşkar olunur. Belə heyvanlar yalnız tam sağaldıqdan sonra mayalandırılır. Koronavirus pandemiyası ilk günlərdə Süni Mayalanma Mərkəzində də ciddi narahatlıq doğurdu. Məhsul satışı kütləvi ünsiyyət tələb etdiyindən və bunun isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələblərinə zidd olduğundan çıxış yolu kimi səyyar satış metodu seçilmişdir. Süni mayalandırma mütəxəssisləri məhsulu yerlərə çatdırmağı öz öhdələrinə götürdülər. Nəticə isə gözləniləndən daha yaxşı alındı.

Sifarişlər artdı, tələb artdıqca fəaliyyət dairəsi genişləndirildi, onlayn iclas və distant məsləhət saatlarına yer verildi. Bu gün də məhsulların satışa çıxarılması planlı şəkildə aparılır. Respublika Süni Mayalanma Mərkəzi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (ƏKTT/ FAO) tərəfdaşlıq proqramı çərçivəsində texniklərin təlim prosesini onlayn həyata keçirir. Mərkəzdə süni mayalanma üzrə 150 nəfər, embrion köçürülməsi üzrə isə 50 nəfər mütəxəssisin hazırlanması nəzərdə tutulur. Təlimləri ƏKTT-nin beynəlxalq ekspertləri tərəfindən hazırlıq keçmiş yerli mütəxəssislər həyata keçirirlər. Təlim keçmiş 30 nəfər mütəxəssisimiz sertifikatlar almışdır. Hal-hazırda da təlimlər davam etdirilir. Xarici ölkələrdəki kimi süni mayalanmada embrionların köçürülməsi məsələsi perspektivimizdədir. Bu, çox vəsait tələb edən və asan olmayan bir prosesdir. 2021-ci ildən mütəxəssislərin sertifikatları nəzərdən keçiriləcək və bu iş uyğun hazırlığı olanlara həvalə ediləcək. Avadanlıqlar yeniləri ilə əvəz olunmalı, həmçinin laboratoriyalarımız Avropa ölkələrindəki kimi mükəmməl qurğularla təchiz edilməlidir. Düzdür, ölkəmiz təkcə pandemiyadan əziyyət çəkmədi. 27 sentyabr 2020-ci il tarixində başlayan II Qarabağ müharibəsi başqa sahələrə olduğu kimi heyvandarlığa da ciddi təsir göstərdi. Xüsusilə Bərdə, Tərtər, Ağdam, Beyləqan, Ağcabədi rayonları mütəmadi olaraq düşmən atəşinə məruz qaldığından çoxlu heyvan tələfatı oldu. Bu məsələ də diqqət mərkəzimizdədir. Artıq Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuzun böyük qələbəsi hamımızda ruh yüksəkliyini artırmışdır. İnanırıq ki, müharibədən qalib çıxdığımız kimi virus bəlasından da xilas olacağıq. Bunun üçün bizə mükəmməl ərzaq təchizatı gərəkdir. Əsas hədəfimiz də elə budur!

Elton Əbdurəhmanov

Respublika Süni Mayalanma Mərkəzinin direktoru