Sorqo bitkisi torpaq-iqlim şəraitinə görə məhsuldarlığı aşağı olan bölgələr üçün qiymətli ərzaq və yem bitkisidir. Tərkibində 12% zülal, 65-75% nişasta və 4,5%-ə qədər yağ vardır. Dənin tərkibindəki zülala görə şəkərli sorqo fərqlənir.
Sorqo bitkisi dəmyə şəraitində becərildikdə dənin tərkibindəki zülalın miqdarı çoxalır, nişastanın miqdarı isə azalır. Bu bitkidən 800-900 sentner yaşıl kütlə və 30-35 sentner dən almaq mümkündür. Qarışıq əkinlərdə məhsuldarlıq 20%-dən artıq olur.
Sorqo istiyə və quraqlığa davamlı bitkidir. Kökü torpağın 2,5 m dərinliyinə qədər gedir. Toxumları 20-25 dərəcə C temperaturda daha tez cücərir. Tezyetişən sortların vegetasiya dövrü 90-105, ortayetişən sortların 106-120, gecyetişən sortların isə 120 gündən çox olur. Sorqonun kök sistemi digər bitkilərə nisbətən güclü inkişaf edir. Bitkinin intensiv böyüməsi 12-13 yarpaq əmələ gələndən sonra başlayır, süpürgələmə fazasına qədər davam edir. Çiçəklərinin 40%-i çarpaz, 50-60%-i isə öz-özünə tozlanır. Sorqonun yetişmə müddəti 2 aya qədər davam edir. Kollanma və süpürgələmə fazalarında bu bitki tərəfindən 65-70% azot, 45-50% fosfor və kalium mənimsənilir.
Bu bitki torpağa çox tələbkar deyil, şoran torpaqlarda da yaxşı inkişaf edə bilir. Alaq otları sorqo bitkisinə ciddi ziyan vurur. Bununla mübarizə üçün səpin qabağı əsas şum yaxşı aparılmalı və əkinlərə düzgün qulluq edilməlidir.
Sorqo bitkisi üçün ən yaxşı sələf dənli-paxlalı və bostan bitkiləri hesab olunur. Suvarılan torpaqlarda əkin yerindən daha səmərəli istifadə etmək məqsədilə sorqonun toxumlarını kövşənlikdə səpmək lazımdır. Belə əkinlərdə həm dən, həm də yaşıl kütlə yetişdirmək mümkündür. Səpinə bir neçə gün qalmış toxumun keyfiyyəti yoxlanılmalıdır. Toxum məhsul yığılandan sonra qurudularaq dən halında anbarlarda saxlanılır. Səpinə 7-10 gün qalmış süpürgələrdə saxlanılan toxumlar döyülür. Cücərmə faizini artırmaq üçün toxumlar 1-2 gün ərzində isti havada qızdırılır. Daha sonra göbələk və bakterial xəstəliklərə qarşı 1 ton toxumu 1-2 kq qranozanla dərmanlayırlar. Bu da toxumları bütün səpin müddətlərində xəstəliklərdən qoruyur və onların cücərmə qabiliyyətini artırır .
Səpin prosesi gencərgəli və kvadrat-yuva üsulları ilə həyata keçirilir. Kvadrat-yuva üsulu ilə dən almaq üçün aparılan səpinlərdə əkinlərə qulluq işlərinin tam mexanikləşdirilməsi nəticəsində əl əməyi xeyli azalmışdır. Gencərgəli üsul ilə yaşıl yem almaq üçün aparılan səpinlərdə cərgəarası 45 sm olmaqla, bitkilərin tam sıxlığı təmin edilməlidir.
Bu bitkinin məhsuldarlığı səpin müddətindən də asılıdır. Aran rayonlarında aprel ayında, dağətəyi rayonlarda isə may ayında səpilməlidir. Sorqo səpinlərinə qulluq işləri alaq otlarının məhv edilməsi, torpaqda nəmliyin saxlanılması, gübrələrin verilməsi, cərgəaralarının yumşaldılması, bitkilərin əlavə tozlandırılması və seyrəldilməsi proseslərindən ibarətdir.
Sorqodan yüksək məhsul əldə etmək üçün sahələr minimum 3-4 dəfə kultivasiya edilməli, səpin vaxtı və norması düzgün təyin edilməlidir. I kultivasiya 12-14 sm dərinlikdə, II kultivasiya 8-10 sm dərinlikdə, III kultivasiya isə 6-8 sm dərinlikdə aparılır. Bir hektar sahəyə yaşıl yem üçün 20-22 kq, dən üçün 18-20 kq toxum səpmək tövsiyə olunur. Bitkinin boyu 80-90 sm-ə çatdıqda becərmə işləri dayandırılmalıdır.
Silos üçün sorqonun biçilməsi prosesi dənin tam yetişməsi dövrünə qədər aparılır. Bəzən təsərrüfatlarda dənin tam yetişməsini gözləmədən bitkini yaşıl yem üçün çalırlar. Belə hallar sorqonun bioloji xüsusiyyətlərinin nəzərə alınmamasından irəli gəlir. Qarğıdalıdan fərqli olaraq, bu bitkinin yaşıl kütləsi tam yetişdikdən sonra belə solmur. Çünki sorqonun gövdəsi və yarpaqlarında mum örtüyü olduğuna görə vegetativ orqanlarında buxarlanma zəif gedir. Bundan sonra sorqonun yaşıl kütləsi küləşlə qarışdırılaraq siloslaşdırılır.
Göründüyü kimi, sorqo bitkisi öz tərkibinə görə kənd təsərrüfatında əhəmiyyətli yem bitkisidir. Bu bitkinin digər yem bitkiləri ilə bərabər əkilib-becərilməsi təsərrüfatlar üçün müsbət nəticə verə bilər.
Sevil Abbasquliyeva
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyasının müdiri
Aqrar elmlər üzrə fəlsəfə doktoru