Şaftalı (Persica) bitkisinin yabanı halda yayılmış 6 növü məlumdur. Bu bitki dünyanın bütün qitələrində becərilir. Şaftalı 3-8 m hündürlükdə ağac, bəzən isə kol tipli ağacdır. Çətiri seyrək, kürə və yığcam formalı olur. Yüksək zoğvermə qabiliyyətinə malik, tez məhsula düşən və nisbətən az ömürlü bitkidir. Dünyada ildə 20 milyon ton şaftalı istehsal olunur. Şaftalı istehsalına görə Çindən sonra İtaliya, İspaniya, ABŞ, Yunanıstan və İran kimi ölkələr aparıcı yer tutur. Ölkəmizdə isə iqtisadi rayonlar sırasında Quba-Xaçmaz iqtisadi zonası şaftalı istehsalının 45,4%-ni təşkil edir. Şaftalı bitkisi sürətlə boy atır və hər il məhsul verir. Meyvələrinin tərkibində 5,49-15,2% şəkər, 0,12-1,84% pektin, 1,11-4,81% sellüloza, C vitamini və mineral duzlar vardır. Ləpəsindəki yağdan həm qida kimi, həm də qulaq ağrılarının müalicəsi zamanı təbabətdə istifadə edilir. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə İspaniyanın “Viveros Veron” şirkəti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən şaftalı bitkisinin yeni sortları ölkəmizə gətirilmiş və onların üzərində tədqiqat işləri aparılmışdır. Yeni introduksiya olunmuş şaftalı sortları Meloks 26, Meloks 31, Meloks 37, Netiks 25, Netiks 28, Netiks 30, Netiks 34, Rediks 25, Rediks 27, Rediks 30, Rediks 2-110, Maliks 25, Maliks 36, Maliks 145, Quayoks 30, Quayoks 35, Qarteyro və Qardeta sortlarıdır. Tədqiqat işləri bağçılıqda ümumi qəbul olunmuş metodikalar əsasında həyata keçirilmişdir. İspan texnologiyasına əsasən ağaclara forma verilmiş, müşahidə və ölçü işləri aparılmışdır.
Meloks 26
Ağacları orta boylu, meyvəsi yumru və məxməri xarici görünüşə malikdir. Məhsul yığımı iyul ayının ilk həftəsinə təsadüf edir. Meyvələrin seyrəlmə intensivliyi aşağıdır. Sortun bütün potensialından istifadə etmək üçün yüngül budama işi aparılır.
Meloks 31
Xarici görünüşünə görə fərqlənir. Şaftalının bu sortunda tük örtüyü yoxdur. Meyvələrin daha böyük ölçülü olması üçün ağacda maksimal müddətdə saxlanması məsləhətlidir. Nəticədə meyvələrin ölçüsü 80 mm və daha böyük olur. Məhsul yığımı avqust ayının ilk həftəsinə təsadüf edir. Meyvələri ətirlidir.
Netiks 25
Çiçəkləmə dövrü martın ortalarından aprelin sonunadək davam edir. Meyvələri parlaq qırmızı rəngli, ətirli və şirin dada malikdir. Ölçüsü 67-80 mm təşkil edir. Meyvələrin seyrəlmə intensivliyi ortadır. Məhsul yığımı iyun ayının ortalarına təsadüf edir.
Netiks 28
Çiçəkləmə dövrü martın ortalarından başlayır. Bu sortun meyvələri çox böyük potensiala malikdir. Meyvələrin ölçüsü 73-80 mm təşkil edir. Məhsul yığımı iyul ayının sonlarına təsadüf edir.
Rediks 2-110
Ağacları yüksək məhsuldarlığa malikdir. Çiçəklənmə dövrü gec başa çatır. Məhsul yığımı avqust ayının ortalarına təsadüf edir.
Maliks 36
Meyvələri dairəvi formalı və çəhrayı rənglidir. Standart ölçüyə malikdir. Məhsul yığımı sentyabr ayının əvvəllərinə təsadüf edir.
Quayoks 35
Çiçəklənmə dövrü gec başa çatır. Meyvələri dairəvi forması və yüksək məhsuldarlığı ilə seçilir. Ölçüsü 80-90 mm təşkil edir. Məhsul yığımı avqust ayının sonlarına təsadüf edir.
Qarteyro
Ağacları olduqca məhsuldardır. Çiçəkləmə dövrü tez başa çatır. Meyvələri oval formalı və çox sərtdir. Buna görə də budaqda uzun müddət qala bilir. Rəngi tünd-qırmızı və ləkəsizdir. Meyvələrinin çəkisi 170-220 qr olur. Məhsul yığımı iyun ayının əvvəllərinə təsadüf edir.
Şaftalı istisevən bitkidir, şaxtaya az davamlıdır. Xüsusilə çiçək tumurcuqları nisbi sükunət dövründə 20-22°C şaxtadan ciddi zədə alır. Həmçinin quraqlığa davamlı və torpağa tələbkardır. Bu bitki göz calağı ilə artırılır. Yaşıl çiliklərlə artırma və qış calağından da istifadə edilir.
Zəminə Sərhədova
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun elmi katibi