Qoyunçuluq Təsərrüfatlarında Helmintozlarin Yayılma Dinamikası

Qoyunçuluq heyvandarlıqda çox gəlirli sahələrdən biridir. Əhalinin ət, ət məhsulları və xammal ilə təminatında mühüm rol oynayır. Bu sahənin inkişafına mane olan amillərdən biri helmintozdur.

Helmintoz müxtəlif parazit qurdların – helmintlərin törətdiyi parazitar xəstəlik olub kənd təsərrüfatı heyvanları və ev quşları arasında geniş yayılmışdır. İnvazion xəstəliklərə qarşı aparılan əsaslı tədbirlərə baxmayaraq, helmintoz heyvanlar arasında geniş yayılaraq təsərrüfatlara çox böyük iqtisadi ziyan vurur. Bu xəstəlik heyvanların tələfatı və məhsul itkisinə səbəb olur.

Son illərdə regionlarda yerləşən fərdi və köçəri təsərrüfatlarda müxtəlif yaşdan olan qoyunlar arasında invaziyanın ekstensivlik və intensivliyini müəyyən etmək qarşıya məqsəd qoyulmuşdur.

Tədqiqatlar Şamaxı rayonu ərazisində qoyunçuluq təsərrüfatlarından gətirilmiş patoloji materiallar əsasında aparılmışdır. Yoluxmanın ekstensivliyi koproloji müayinə, intensivliyi isə helmintoloji yarma üsulu ilə müəyyən edilmişdir. Bu məqsədlə fərdi və köçəri qoyunçuluq təsərrüfatlarında olan 240 başdan müxtəlif yaş qrupları üzrə nümunələr götürülmüşdür. Nümunələrə Visnyauskas və Fülleborn üsulları ilə baxılmışdır.

Yoluxmanın intensivliyini müəyyən etmək üçün natamam helmintoloji yarma üsulundan istifadə edilmişdir. Bu səbəblə fərdi və köçəri qoyunçuluq təsərrüfatlarından və ət kəsim məntəqələrindən 90 baş qoyunun daxili orqanları yarılaraq müayinə edilmişdir.

Müayinələr 3-6 aylıq, 1 yaş və yaşlılar olan qruplar üzərində aparılmışdır. Belə ki, koproloji müayinələrə görə 3-6 aylıq qoyunların 22,5%-i monezioz, 13,8%-i fassiolyoz, 17,5%-i diktikaulyoz və 26,3%-i trixosefolyoza yoluxmuşdur.

1 yaşlı qoyunlarda moneziozla 18,8%, fassiolyozla 11,3%, diktikaulyozla 16,5%, trixosefolyozla 20%, yaşlılarda isə moneziozla 15%, fassiolyozla 7,5%, diktikaulyozla 12,5% və trixosefolyozla 15,5% yoluxma halları aşkarlanmışdır.

Aparılan tədqiqatlardan görünür ki, qoyunların helmintoza yoluxması yaşdan asılı olaraq dəyişir. Məsələn, 3-6 aylıq qoyunlar digər yaş qruplarına nisbətən helmintoza daha tez yoluxur. Bu da onlarda immun sisteminin zəif olmasından irəli gəlir.

Natamam yarma müayinəsinin nəticələri

Yaş

Müayinə edilmişdir

Monezioz

Fassiolyoz

Diktikaulyoz

Trixosefalyoz

3-6 aylıq

30

3-5

5-11

8-17

7-18

1 yaş

30

2-4

4-9

6-16

5-14

Yaşlılar

30

2-3

3-7

5-14

4-11

Orta hesabla

90

2-5

3-11

5-17

4-18

 

Natamam yarma müayinəsi 90 baş qoyunun qaraciyər, ağciyər, kor və nazik bağırsaqları üzərində aparılmışdır. Cədvəldən göründüyü kimi, invaziyanın yoluxma intensivliyi moneziozla 2-5, fassiolyozla 3-11, diktikaulyozla 5-17, trixosefalyozla isə 8-18 ədəddir.

Helmintozun təsərrüfat daxilində yayılma arealının öyrənilməsi praktik və nəzəri əhəmiyyət kəsb edir. Praktik əhəmiyyəti xəstəliyin mənşəyinin vaxtında aşkarlanması, nəzəri əhəmiyyəti isə təsərrüfat daxilində parazitofaunanın formalaşmasına təsir edən amillərin müəyyənləşdirilməsidir.

Sialə Rüstəmovaa
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru
Aqrar elmlər üzrə fəlsəfə doktoru