Pomidor Bitkisinin Əsas Xəstəlikləri

Dünya ölkələrində tərəvəzçilik açıq sahə və istixana tərəvəzçiliyi istiqamətləri üzrə inkişaf etmişdir. Əkinə yararlı torpaq sahələri azaldıqca istixana tərəvəzçiliyi daha çox üstünlük qazanmışdır. Hazırda müxtəlif ölkələrdə binaların
üstündə və ya yeraltı hissələrində tərəvəz bitkiləri becərilir və məhsuldar F1 hibridləri yaradılır.

Pomidorun tərkibində çox əhəmiyyətli vitamin və mineral duzlar vardır. Tərkibindəki şəkərin turşuya münasibəti nə qədər çox olarsa, meyvə daha dadlı olar.

Meyvəsinin tərkibində orta hesabla 6-7% quru maddə, 0,8-1% zülal, 0,5-0,6% mineral maddələr, 4-5% şəkər, 0,8-0,9% sellüloza, həmçinin A, B1, B2, C, PP vitaminləri vardır.
Pomidorda olan bütün qiymətli maddələr insan orqanizminin normal inkişafı və əmək qabiliyyətinin saxlanılması üçün vacibdir. Odur ki, hər bir insan gün ərzində azı 300-400 q pomidor yeməlidir.
Ölkəmizdə pomidor bitkisinin tezyetişən Utro, Elnur, İlyas, Alsu, ortayetişən Nuru, Şəkər, Xəzər, Zəfər, Titan, İlkin, Vətən-1, Leyla və Zərrabi sortları rayonlaşdırılmışdır. İstixana şəraitində yüksək temperatur və nəmlik
olduğuna görə virus, göbələk və bakteriya mənşəli patogenlər sürətlə çoxalaraq inkişaf edir. Bununla əlaqədar hər əkin dövriyyəsi üçün zərərvericilərə qarşı dərman preparatlarını
düzgün seçmək mümkündür. İstixana qurğularında müxtəlif növ tərəvəz məhsullarını yetişdirmək üçün növbəli əkin sistemi, profilaktik, aqrotexniki tədbirlər və bioloji mübarizə üsullarına ciddi şəkildə riayət etmək lazımdır.

Pomidor bitkisi də digər bitkilər kimi bir çox göbələk, bakterial və virus mənşəli xəstəliklərə yoluxur. Bu bitkinin xəstəliklərə güclü yoluxması yüksək nəmlik, temperaturun 16°C-dən aşağı olması və əkin sıxlığına görə baş
verir. İstixanada işıqlanma və havalandırmanın zəif olması xəstəliklərin inkişafını intensivləşdirir. Azərbaycanda bu bitkiyə ən çox ziyan vuran xəstəliklər fitoftora, septorioz, unlu şeh, mozaika, alternarioz, bakterial xərçəng, vertisilliyoz və fuzarioz soluxmadır. Xəstəliklərə qarşı mübarizədə müasir funqisidlərdən istifadə olunur.

Fitoftora (qonur çürümə)

Pomidorda fitoftora xəstəliyi yazın ortaları və ya sonunda müşahidə edilir. Fitoftoranın ilkin əlamətlərinə kolun aşağı yarpaqlarında xırda qonur rəngli ləkələrin əmələ gəlməsi aiddir. Əsasən bitkinin yarpağı, gövdəsi və meyvələri
yoluxur. Əlverişli hava şəraitində ləkələr tez böyüyür və yarpağın bütün səthini əhatə edir. 

Septorioz

Bu xəstəlik 2-3 mm diametrli çoxlu sayda çirkli ağ ləkələr formasında özünü büruzə verir. Güclü yoluxma zamanı ləkələr birləşərək yarpağın səthini tamamilə tutur. Nəticədə yarpaqlar saralıb quruyur. Göbələyin inkişafı üçün havanın nisbi rütubəti 72-94% olmalıdır. Belə şəraitdə patogenin inkubasiya müddəti 8-14 gün çəkə bilər. 

Vertisilliyoz və fuzarioz soluxma

Vertisilliyoz və fuzarioz soluxma xəstəliklərinə pomidor bitkilərinin əksəriyyətində rast gəlinir. Hər iki xəstəlik rütubətli hava şəraitində inkişaf edir. Əvvəlcə alt yarpaqların bir hissəsində saralma olur, daha sonra açıq-sarı rəngli ləkələr meydana çıxır və bitki tədricən solur. Xəstə bitkinin gövdəsindəki borularda qaralma müşahidə edilir. Bəzən sirayətlənmiş bitkilər vegetasiyanın sonuna qədər tələf olmur, lakin tədricən inkişafdan qalaraq az məhsul verir.

Alternarioz (quru ləkəlilik)

Bu xəstəlik alt yarpaqlardan başlayaraq pomidorun səthində qəhvəyi rəngli məxməri örtük əmələ gətirir. Rütubətli hava şəraitində ləkələr böyüyür və yarpaqlar solur. Saplaq və gövdələrdə isə uzunsov tünd ləkələr yaranır.
Göbələyin inkişafı üçün optimal temperatur 24-30 dərəcə C-dir. Əlverişli şəraitdə göbələk üçün inkubasiya müddəti 3-4 gün təşkil edir. Quru və qızmar hava xəstəliyin inkişafını sürətləndirir.

Unlu şeh

Pomidor bitkisi bu xəstəliyə meyvəvermə fazasına qədər yoluxur. Xəstəlik yarpaqların üst səthində ağ örtük əmələ gətirir. Bir müddət sonra örtük qonur rəng alır. Patogenlər rütubətli şəraitdə 18-28 dərəcə C temperaturda inkişaf edir.

Bakterial xərçəng

Pomidor bu xəstəliyə vegetasiya dövründə yoluxur. Bakterial xərçəng diffuz və yerli yoluxma formasında özünü göstərir. Diffuz yoluxma nəticəsində şitillər və yaşlı bitkilər quruyur. Bakteriyalar bitki toxumasına mexaniki zədələnmələr vasitəsilə keçir. İnfeksiya mənbəyi sirayətlənmiş toxum və çürüməmiş bitki qalıqlarıdır. Xəstəliyi törədən bakteriyalar mülayim və rütubətli hava şəraitində daha intensiv inkişaf edir. Havanın orta temperaturu 30-33°C və nisbi rütubəti 80%-ə yaxın olduqda patogenin yayılması intensivləşir.

Mozaika

Xəstəliyin törədicisi çubuqşəkilli virusdur. Bu virusla yoluxan yarpaqların səthində şəffaf yaşıl ləkələr əmələ gəlir. Belə bitkilər zəif məhsul verir. Bitkidən bitkiyə mənənə və başqa həşəratlar vasitəsilə yayılır. Mozaika xəstəliyinə daha çox meyvələrin toxumları sirayətlənir. Nəticədə pomidorun məhsuldarlığı 10-15% azalır.

Pomidor bitkisinin gübrələmə sisteminə əsas və əlavə yemləmə şəklində verilən gübrələr daxildir. Əsas gübrələmə zamanı 20 ton peyin, fosfor və kalium gübrələrinin 50%-i şum altına, 20%-i şitil torpağa əkiləndən 12-15 gün sonra, qalan 30%-i isə ilk meyvə əmələ gələn vaxt verildikdə yaxşı nəticə alınır.

Elmar Allahverdiyev
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu
Publik hüquqi şəxsin İdarə heyətinin sədri