Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Fevral ayından sonra artıq azad olunmuş ərazilərdə intensiv işlərə başlanılıb. İlkin söküntü işləri aparılıb. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara uyğun quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.
Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısı və birinci xanıma məlumat verdi ki, “Ağıllı kənd” pilot layihəsi Zəngilanın I, II və III Ağalı kəndlərini əhatə edir. Layihənin icrası 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla, 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaqdır. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Dövlətimizin başçısı bu səbəbdən xarici şirkət nümayəndələri ilə videoformatda söhbət etdi.
Türkiyə şirkətinin əməkdaşı:
“Ağıllı kənd”də apardığımız çoxistiqamətli təhlillər nəticəsində müəyyənləşdirdik ki, bu, dünyanın təbii dostu olan bərpaedilən enerji qurğusu “Arximed” sistemidir. Bununla yanaşı, karbon dioksid emissiyası sertifikatına malik olan “Arximed” qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Bununla bərabər, sistemdən çıxan isti suyu kənddəki evlərə və otellərə ötürəcəyik. Bu qurğu çox sürətli olmaqla yanaşı, yüksək məhsuldarlıqla işləyir, suyu oksigenləşdirir və heç bir səs-küy yaratmır. Bu sistem günəş enerjisi və digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verir.
İsrail şirkətinin əməkdaşı:
İsrail Zəngilanda 300-400 başlıq camış ferması tikib daha sonra onu 1000 başa çatdırmaq istəyir. Şirkətimiz ağıllı fermalar üzrə texnologiya ilə işləyir. Bütün ferma məlumatların təhlili üzrə proqram təminatına birləşdirilən ötürücülər vasitəsilə mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması təmin olunur. Biz bunu “açar təslimi” layihəsi kimi həyata keçiririk. Buraya texniki-iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, komandanın hazırlanması və mal-qaranın idxalı daxildir. Qeyd etdiyim kimi, heyvanlar sensorlarla təchiz ediləcək.
Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Bu cür ferma çox maraqlı olacaq. İsraildə elə fermalar var ki, orada hər inəkdən 40-45 litr, hər camışdan isə 8-12 litr süd alınır. Beləliklə, biz İsrailin süd ferması texnologiyasını Qarabağ bölgəsinə gətirmək istəyirik.
***
Dünya üzrə aparıcı İKT texnologiyaları şirkəti olaraq “Huayvei-Azərbaycan” şirkəti də “Ağıllı kənd” layihəsində iştirak edir. “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi şirkətin bu sahədə böyük təcrübəsi və 100-dən çox qlobal layihəsi mövcuddur. Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyası istifadə ediləcək. “AirPON” cihazı fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilir. Beləliklə, şəbəkənin qurulması sürətlənir və xərclərə qənaət edilir. Layihənin ilk mərhələsində Qarabağda “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri də yaradılacaq.
***
Bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək. Müharibə və qələbədən sonra əməkdaşlıq üçün dost ölkələrdən şirkətlər dəvət olundu. Türkiyə, Çin, İsrail və İtaliyadan olan şirkətlərlə beynəlxalq əməkdaşlığımız sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək. Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik.
“Ağalı kəndində “Ağıllı kənd” layihəsinin təməl daşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. Qarabağ Azərbaycandır!”
26.04.2021