Sağlam kartof toxumçuluğu

Kartof bitkisi öz vacibliyinә görә bütün dünya üzrә qarğıdalı, buğda vә düyüdәn sonra dördüncü, respublikamızda isә taxıldan sonra ikinci әrzaq bitkisi sayılır. Buna görә dә bu bitki, demәk olar ki, respublikamızın hәr yerindә yayılmış vә әhali tәrәfindәn geniş becәrilmәkdәdir.
Kartofun artırılması vә toxumun әldә edilmәsi üçün әsasәn iki üsul – vegetativ vә generativ üsullar mövcuddur. Avropaya gәtirilәrәk becәrildiyi 300-400 il әrzindә kartof bitkisi әsasәn vegetativ üsulla, yәni kök yumrularından istifadә edilmәklә artırılır. Kartofun yumrularla yetişdirilmәsindә iki vacib xüsusiyyәti nәzәrә almaq vacibdir. Birincisi, yumruların artırılması zamanı bir çox patogenlәr (xәstәlik törәdәn mikroorganizmlәr vә viruslar) kartofun mәhsuldarlığını vә keyfiyyәtini aşağı sala bilir. İkincisi isә, alınan yumrular arasında çoxlu mutasiyaya uğramış qarışıqlar qala bilir. Mәdәni sortlardan generativ üsulla, yәni çiçәklәrdәn alınan toxumların mәhsuldarlığı aşağı olduğu üçün bu üsul geniş istifadә olunmur.
Sağlam kartof toxumçuluğunun inkişafı üzrә Türkiyә tәcrübәsi
Türkiyәdә kartof buğda, şәkәr çuğunduru, arpa vә pomidordan sonra әn geniş istehsal hәcmi olan beşinci bitkidir. Kartof istehsalına görә Niğde, Nevşehir, Ödemiş, Adana, İzmir, Afyon vә Bolu bölgәlәri әsas yer tutur vә adambaşına istehlak miqdarı isә orta hesabla 50-60 kilogram tәşkil edir.
Türkiyәdә kartof әkinlәrinin sahәsi 1.340.000 dekar (13.400.000 ha), istehsal hәcmi 4.500.000 ton, mәhsuldarlığı isә 3.358 kq/ 1000 m2 , yәni 33.580 kq/ha-dır.
Türkiyәdә sağlam kartof toxumunun istehsalı istiqamәtindә müasir biotexnoloji üsullarla geniş şәkildә tәdqiqat işlәri aparılır. Bunu nәzәrә alaraq, Tәrәvәzçilik Elmi-Tәdqiqat İnstitutu ilә Türkiyәdә kartofçuluğun inkişaf etdiyi әsas bölgәlәrdәn biri olan Niğdә bölgәsindә yerlәşәn Niğde Ömer Halisdemir Universitetinin Kәnd Tәsәrrüfatı Elmlәri vә Texnologiyaları fakültәsinin Aqrar Gen Mühәndisliyi kafedrası arasında tәcrübә mübadilәsi istiqamәtindә hәyata keçirilәn elmi әmәkdaşlıq çәrçivәsindә Türkiyәdә kartof toxumçuluğunun müasir biotexnoloji metodlar әsasında inkişaf etdirilmәsi tәcrübәsi tәhlil edilib. Tәrәvәzçilik Elmi-Tәdqiqat İnstitutunun әmәkdaşları hәmin universitetin biotexnologiya laboratoriyasında görülәn işlәrlә tanış olublar. Eyni zamanda, Nevşehir bölgәsindә yerlәşәn ‘‘Doğa Toxumçuluq’’ şirkәtinә sәfәrlәr çәrçivәsindә şirkәtdә kartofun seleksiya vә biotexnologiya işlәrinin hansı prinsiplәrlә aparıldığı, virussuz bitkilәrin istixanalara köçürülmәsi vә әldә olunan mini yumruların dincәlmә mәrhәsindәn sonra açıq sahәlәrә köçürülmәsi proseslәri izlәnilib. Daha sonra Niğdә kartof yetişdirmә mәrkәzindә biotexnologiya laboratoriyasınin iş prinsipi öyrәnilib, laboratoriya әmәkdaşları ilә birlikdә apikal meristemin alınması (toxuma kulturası) әyani şәkildә yerinә yetirilib.
Azәrbaycanda sağlam kartof toxumçuluğunun inkişafı
Respublikamızın kartofçuluqla mәşğul olan tәsәrrüfatlarının keyfiyyәtli kartof toxumu ilә tәmin edilmәsindә biotexnologiya üsullarından istifadә әvәzsizdir. Belә ki, ölkәmizdә yaradılmış vә ya introduksiya olunmuş kartof toxumlarında bir neçә yumrunun olması kifayәtdir ki, qısa bir müddәtdә bu sort xәstәliklәrdәn vә sort qarışığı olmadan klonlaşdırma üsulu ilә bәrpa olunsun vә tәsәrrüfatlar kifayәt qәdәr toxumla tәmin edilsin.
Odur ki, Azәrbaycanda xәstәliklәrdәn azad (sağlam) kartof toxumçuluğunun inkişaf etdirilmәsi mәqsәdilә BMT Әrzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatı (FAO) vә Tәrәvәzçilik Elmi-Tәdqiqat İnstitutu arasında icrası qeyd olunan texniki yardım layihәsi çәrçivәsindә Tәrәvәzçilik Elmi-Tәdqiqat İnstitutunda müasir avadanlıqlarla tәchiz olunmuş Biotexnologiya laboratoriyası yaradılıb (TCP/ AZE/3402, 2013-cü il yanvar - 2014-cü il dekabr). Laboratoriya (in vitro) vә müasir istixana şәraitindә kartofun toxuma kulturasından mәrhәlәli şәkildә virus xәstәliklәrindәn azad toxum materialı yetişdirilir vә tәsәrrüfatlarda artırılması istiqamәtindә lazimi tәdbirlәr görülmәkdәdir.
Laboratoriyada aparılan tәdqiqat işinin mәqsәdi virus xәstәliklәrdәn azad kartof toxumlarının alınması, iş prosesindә regenerat bitkilәrin vә mikroyumrulardan alınmış bitkilәrin ELISA üsulu ilә virusla sirayәtlәnmәsinin, in vitro şәraitindә müxtәlif kartof sortlarının hәm regenerat bitkilәrin, hәm dә mikroyumruların alınması vә onların istixana şәraitindә adaptasiya olunmasının öyrәnilmәsidir.
Bitkilәrin süni qida mühitindә yetişdirmәk mәqsәdi ilә T.Murashige vә F.Skooge üsulu әsasında makro vә mikroduzlardan, hәmçinin vitaminlәrdәn istifadә edilmәklә ayrı-ayrılıqda regenerat bitkilәr vә mikroyumruların alınması üçün qida mühitlәri hazırlanıb vә istifadә edilib. İn vitro şәraitindә alınmış bitkilәrin viruslara yoluxmasını öyrәnmәkdәn ötrü isә ELISA üsulundan istifadә olunub. AM üsulundan istifadә etmәklә in vitro şәraitindә müxtәlif sortlardan olan kartofun regenerat bitkilәrinin alınması, test üsullarından istifadә etmәklә bitkilәrin virus vә göbәlәk xәstәliklәrindәn azad olunmasının öyrәnilmәsi, nәzarәt olunan şәraitdә müxtәlif qida mühitlәrindәn istifadә etmәklә kartofun mikroyumrularının alınması, istixana şәraitindә regenerat bitkilәrdәn kartofun miniyumrularının alınması, miniyumruların vә regenerat bitkilәrin becәrilmәsi üçun әn sәrfәli substratların seçilmәsi, әn yaxşı tәsәrrüfat vә әmtәәlik xüsusiyyәtlәrinә görә fәrqlәnәn kartof sortlarının sürәtli artırılması, superelit vә elit kartof toxumlarının alınması istiqamәtindә işlәrin yerinә yetirilmәsinә artıq start verilib.
Tәdqiqat işlәrindәn alınmış әsas nәticә ondan ibarәtdir ki, respublikada ilk dәfә olaraq in vitro şәraitindә viruslardan azad, yüksәk reproduksiyalı super-superelit kartof toxumları alınıb vә sükunәt dövrünü keçirdikdәn sonra artırılmaq üçün Tovuz rayonunda Sarıtala әrazisindә açıq sahәdә әkilib. Alınan toxum materialı fermerlәr üçün yüksәk keyfiyyәtli toxum olmaqla yanaşı, saf xәtt kimi sortun tәmizlәnmәsinә dә xidmәt göstәrir.
Belәliklә, aparılmış müqayisәlәr nәticәsindә müәyyәn olunub ki, Azәrbaycanda virussuz kartof toxumçuluğu sisteminin inkişaf mәrhәlәlәri Türkiyәnin kartof toxumçuluğu sisteminә uyğun şәkildә tәşkil edilir vә heç dә geri qalmır.

Elmar Allahverdiyev 
Tәrәvәzçilik Elmi-Tәdqiqat İnstitutunun direktoru