Meyvəçiliyin mövcud vəziyyəti və gələcək prespektivləri

Meyvəçilik Azərbaycanın aqrar iqtisadiyyatının mühüm tərkib hissəsidir. Dünya əhalisinin sürətlə artdığı, qlobal iqlim dəyişikliyinin intensivləşdiyi hazırkı dövrdə dövlətin effektiv fəaliyyət göstərən aqrar sektora ehtiyacı daha qabarıq hiss olunur. Effektiv aqrar sektor, iqtisadiyyatın az resurslar sərf etməklə daha yüksək kənd təsərrüfatı məhsulları istehsalına nail olmağı nəzərdə tutur. Bu mənada beynəlxalq təcrübədə eyni təbii və iqtisadi şəraitə malik olan müxtəlif ölkələrin kənd təsərrüfatında məhsuldarlığın aşağı, yaxud yüksək olması həmin ölkələrin aqrar siyasətinin nə dərcədə effektiv olduğunu göstərir. Müstəqillik qazanmış respublikamızın aqrar iqtisadiyyatı yeni texnologiyaların tətbiqi ilə daim inkişaf etdirilir. Müstəqil Azərbaycan Respublikasının memarı və yaradıcısı, xalqımızın ümumilli lideri Heydər Əliyevin bu sahənin inkişafında çox böyük xidmətləri olub. O, dövlət müstəqilliyi dövründə Azərbaycan Respublikasının aqrar sahəsinin inkişaf modelini qurub, onun layiqli davamçısı cənab İlham Əliyev isə bu sahənin inkişaf strategiyasını müəyyənləşdirib və hazırda uğurla həyata keçirir. Aqrar sahədə aparılan islahatların dərinləşdirilməsi, məhsuldarlığın artırılması, kənd təsərrüfatının texniki təminatının daha da yaxşılaşdırılması və digər tədbirlər nəticəsində daha böyük ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafının müsbət demoqrafik dinamika ilə uzlaşdırılması barədə konkret tapşırıqlar verilib. Respublikamızın dayanıqlı inkişafının təmin olunmasında, sösüz ki, ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, qeyri-neft sektorunun inkişafı ixracyönümlü məhsulların istehsalı, idxaldan aslılığın azaldılması prioritet istiqamətlərdəndit.

Son illərdə respublikamızda kənd təsərrüfatının əksər sahələri kimi meyvəçilik sahəsində də inkişaf nəzərə çarpır. Həmçinin müxtəlif meyvəçilik sahələrinin inkişafı üçün dövlət proqramları hazırlanıb və icra edilir. Buna sitrus, qərzəkli meyvə bitkiləri, üzüm və s. meyvəçilik sahələrinin inkişafı üzrə dövlət proqramlarına aid etmək olar. 

Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” meyvəçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə etməklə kənd əhalisinin bu sahəyə marağının artırılmasına, eyni zamanda sosial rifahının daha da yaxşılaşdırılmasına təkan vermiş və Strateji Yol Xəritəsinin hədəflərinə uyğun olaraq “Azərbaycan Respublikasında meyvəçiliyin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Praqramı” layihəsi işlənib hazırlanmışdır. Dövlət Proqramının icrası nəticəsində meyvə bağlarının ümumi istehsalı, əkin sahəsi və ixracının artması, eləcə də regionların meyvə növləri üzrə ixtisaslaşmasının dərinləşməsi gözlənir.

Meyvəçiliyin çox yüksək ixrac potensialı var. Misal üçün, əgər proqramın icrası nəticəsində 20 min hektar nar bağı, 10 min hektar alma bağı, 10 min hektar xurma bağı, 5 min hektar gilas bağı, 5 min hektar armud bağı və min hektar ərik bağı salınarsa, o zaman Azərbaycanın hazırda 293 milyon ABŞ dolları dəyərində olan meyvə ixracı 10 il ərzində 1,14 milyard ABŞ dollarına çata bilər.

Hazırda dünyada meyvə bağlarının ümumi sahəsi 90 milyon hektara yaxın olub, əkin sahəsinin 6%-ni təşkil edir. Müasir meyvəçiliyin inkişafı, onun cins və sort tərkibi bazarla üzvi əlaqədardır. Vaxtilə ABŞ-da alma bitkisi əsas rol oynadığından bağların çox sahəsində alma sortlarını becərirdilər və məhsulun əsas hissəsini alma təşkil edirdi. Son zamanlar alma bağlarının sahəsi xeyli azaldılaraq, onların yerində sitrus bağları yaradılır. Müasir meyvəçilik intensiv yolla inkişaf etdirilir, qida sahəsi az verilir, adi intensiv bağların her hektarında 600-800 ağac, yüksək intensiv bağların hər hektarında 1800-2000 ağac, superintensiv bağların her hektarında 5000-10000 ağac, ultra superintensiv bağlarda 50-120 min ədəd ağac əkilir. Bu bağlarada sahə vahidindən 40-80 ton və daha keyfiyyətli məhsul yığılır.

Bağların məhsuldarlığının yüksəldilməsində sort həll edici əhəmiyyət kəsb edir. Bu səbəbdən də bağlarda becəriləcək sortların miqdarı xeyli məhdudlaşdırılmış, tez məhsula düşən, artıq və keyfiyyətli məhsul verən sortların sahələri genişləndirilmişdir. Hektardan orta hesabla 20 tondan az məhsul verən sortların becərilməsi tövsiyə edilmir.

Qədim və zəngin tarixə malik Azərbaycan torpağı bir çox meyvə bitkilərinin ilk və təkrar forma əmələgəlmə mərkəzi hesab olunur. Burada çox qədim tarixə malik çoxsaylı yerli alma, armud, heyva, əzgil, innab, ərik, şaftalı, gavalı, alça, qoz, fındıq, badam, püstə, üzüm sortları ilə yanaşı, introduksiya olunmuş cins və sortlar, da becərilir. Hələ 1930-cu illərdə akademik Paşkeviçin məlumatına görə, respublikamızın təkcə Quba-Xaçmaz bölgəsində 280 müxtəlif meyvə sortlarının olduğu qeyd edilmişdir. 1980-ci ilə qədər bölgənin dağətəyi qurşaqlarında( dəniz səviyyəsindən 600-1000 m) 10-a qədər alma, 40-a qədər armud, 5-ə qədər ggilas sortları mövcud idi. Bunlar əsasən maili yamaclarda, təxminən 15x12 m, 14x13 m sxemlərinə uyğun, 1910-1930-cu və ondan əvvəlki illərdə əkilirdi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1976-1980-ci illərdə respublikada meyvəçilik daha intensiv əsaslarla inkişaf etdrilmiş və 20 min hektara qədər yeni alma və armud bağları salınmışdı. Bu zaman respublikaya 30-a qədər Avropa və Amerika mənşəli meyvə sortları gətirildi.

Azərbaycanda meyvəçiliyin intensivləşdirilməsində Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin 2003-2007-ci illərdə Fransanın Luaret Kənd Təsərrüfatı Palatası ilə həyata keçirdiyi “Frazer” ( Fransa-Azərbaycan) layihəsi mühüm rol oynadı. Layihə çərçivəsində respublikaya yeni mütərəqqi bağsalma və suvarma texnologiyaları, müasir bazar tələblərinə cavab verən  meyvə sortları və vegetativ calaqaltıları gətrildi. Bu texnologiya və sortlar üzrə respublikamızda salınmış meyvə bağlarının ümumi sahəsi 3000 hektara yaxındır.

Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, son 10 ildə meyvə və giləmeyvə istehsalı təxminən 40% artıb. Bu illər ərzində meyvə bağlarının ümumi sahəsi 113,3 min ha-dan 185,1 min ha-a qədər, yəni 60% artıb. Bar verən meyvə bağlarının sahəsi isə 93 min ha-dan, 137,2 min ha-a qədər, başqa sözlə, 48% artıb. Bu artım, təbii olaraq, istehsalda da ciddi artıma səbəb olub.

                                                                                       

Meyvə və giləmeyvə bitkilərinin 2017-ci il üzrə ümumi istehsalı 946,4 min ton olub. Bunlardan alma (29,1%), nar (16,6%), xurma (15,6%), armud (5,3%), fındıq (4,8%) və gilas (3,8%) xüsusi çəkiyə malikdir.

                                                                                    

                                                                                    

Ümumi meyvələrin məhsuldarlığı son 10 ildə təxminən 5,2% aşağı düşüb (72,1 sent/ha-dan 68,4 sent/ha-a). Məhsuldarlığın aşağı düşməsi istehsalda xüsusi çəkisi olan nar və xurma kimi subtropik meyvə bitkilərini də əhatə edir. Son illər ərzində ən yuxarı məhsuldarlıq 2013-cü ildə qeydə alınıb (74,6 sent/ha).

                                                                                        

Cari meyvə ticarətinə nəzər saldıqda ixracın dəyər olaraq idxaldan təxminən 3,9 dəfə çox olduğunu görürürk. Belə ki, 2017-ci ildə 75 milyon 251,5 min ABŞ dolları dəyərində meyvə idxalı olduğu halda, ixracımız 292 milyon 736.7 min ABŞ dollar həcmində olub. Miqdar olaraq 80 min 67 ton meyvə idxalı və 261 min 636 ton meyvə ixrac olunub. İxrac məhsulları  içərisində əsas yeri fındıq, xurma, alma, albalı, nar və gilas, idxal məhsullarında isə banan, sitrus meyvələri, təmizlənmiş qoz və quru meyvələr tutur.

                                                                                       

 Respublikamızın meyvəçilik sektorunda mövcud vəziyyət haqqında belə qənaətə gəlmək olar:
-Azərbaycan coğrafi mövqeyinə görə ən böyük idxal bazarlarına yaxındır.                                                     

- İstehsal ənənəvi yolla aparılmaqla yanaşı, son illərdə klon calaqaltıları üstündə bağ salma layihələri həyata keçrilir.                                                                          

- Meyvə istehsalında əsasən ənənəvi sortlara üstünlük verilir. Azərbaycanda meyvə istehsalı üçün emal və paketləmə, deploma bazası yetərsizdir.

- Daşıma uyğun olmayan nəqliyyat ilə həyata keçrilir. Azərbaycanda kənd təsərrüfatına ayrılan dəstək, dövlət büdcəsinin kiçik bir hissəsini təşkil edir.                                                                                                                              

-İstehsalçı – yayımçı – tədqiqat arasında bilik mübadiləsində axsamalar mövcuddur.

-İstehsalçıların xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri, modern becərmə üsulları, calaqaltı sort, budama kimi vacib mövzularda bilikləri azdır. 

-Sektorda çox sayda təşkilatların mövcud olmasına baxmayaraq faydaları azdır və bu cür təşkilatlanma ilə gözlənilən fayda əldə etmək mümkün deyil.

-İstehsalçılar bazar təşkilatlanmalarında yer almalarına görə məhsullarını fərdi bazara çıxarırlar. İstehsalçıların bir qismi məhsulu aşağı qiymətə və nisyə satmaqda, istədikləri anda alıcı tapa bilmirlər.                                  -Azərbaycanın torpaq və iqlim şəraiti meyvə istehsalı sahəsində ixracatçı dövlət olmağa tamamilə imkan verir.  

-Ölkəmiz dünyanın ən böyük alma idxalçısı olan Rusiya federasiyası ilə həmsərhəddir, mülayim iqlim şəraitində yerləşir və Rusiya bazarlarına çıxış imkanı olduğuna görə bu sahəni genişləndirmək mümkündür.

Azərbaycanda meyvə istehsalını artırmaq və meyvə ixracatı üzrə ölkənin ixracatçı dövlət olması üçün prioritet istiqamətlər aşağıdakilardan ibarətdir:

-Meyvə bağlarının sahəsinin artırılaraq maksimum həddə çatdırılması, bağsalmada superintensiv tipli bağların dəstəklənməsi;
- Mövcud meyvə bağlarının intensivləşdirilməsi, yəni ənənəvi sortların daha intensiv sortlarla əvəz edilməsi və müasir becərmə texnologiyalarının tətbiqi yolu ilə məhsuldarlığın yüksəldilməsi;
- Dağlıq ərazilərdə meyvəçiliyin inkişaf etdirilməsi;
- Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaların (torpaq-bitki analizi, keyfiyyəti üzrə laboratoriyalar) təşkili;
-Meyvəçiliyin elmi təminatının yaxşılaşdırılması sahəsində və eyni zamanda seleksiya üzrə MAS metodların tətbiqi, kadr hazırlığı proqramının olması;
-Meyvə istehsalı üçün emal, paketləmə və depolama bazasının gücləndirilməsi;
-Kənd təsərrüfatı məhsullarının xarici bazara çıxışı üçün əlverişli şəraitin yaradılması, ixracın dövlət himayəsinə götürülərək ixrac subsidiyalarının tətbiqi;
-Yeni superintensiv tipli meyvə bağlarının salınması üçün aşağı faizli aqrokreditlərin verilməsi;
-Meyvə bağlarının becərilməsində və məhsul istehsalında istifadə olunan dərman preparatlarının alınmasında mineral gübrələrdə olduğu kimi güzəştli şərtlərin tətbiq edilməsi.

 

İlham Qurbanov                                                                                      

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik  və Çayçılıq Elmi-Tədqiqat İnstitunun direktoru