Kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir

İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələr icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə əks etdirir.   İqtisadiyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri neft sənayesindədir. Burada artım    15,7 faizdir. Bu onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyirlər.  Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Ploymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi  kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişaf üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır.
Kənd təsərüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək.

Ticarət dövriyyəmiz də kifayət qədər artıb – 20 faizdən çox. Qeyri- neft ixracımlz 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6  milyard dollardan çox sərmayə qoyulub. Bu səmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. 

Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artmışdır. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni, plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür.

Bir sözlə, bütün iqtisadi göstəriciləri onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik.

Bildiyiniz kimi,  bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır – minimum əmək haqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əmək haqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımıdır. Biz əlavə gəlirlərimizin, demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər  zaman bu sahə diqqət mərkəzində olub, bu gündə belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın  olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürürlmüşdür və bu bir daha onu göstərir ki, bizim siyasətimiz sosailyönümlü siyasətdir.

BU İLİN 6 AYI ƏRZİNDƏ AZƏRBAYCAN KƏND TƏSƏRÜFFATINDA 13 FAİZ ARTIM QEYDƏ ALINIB

2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə rekord səviyyədə artıb. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 3,67 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründə 13 faiz çoxdur. Bitkiçilik məhsullarının həcmində 25,6 faiz(1,77 milyard manat), heyvandarlıq məhsullarının həcmində 2,9 faiz artım( 1,9 milyard manat) qeydə alınıb. Aqrar sahənin Ümumi Daxili Məhsulda payı 5,6 faizə çatıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kartof istehsalı 10,3 faiz, taxıl istehsalı ( qarğıdalı da daxil olmaqla) 40,7 faiz, tərəvəz istehsalı 13,8 faiz, meyvə və giləmeyvə istehsalı 21,1 faiz, bostan məhsulları istehsalı 37,5 faiz artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 2541,7 min ton taxıl ( qarğıdalı da daxil olmaqla), 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub. 2019-cu ilin ilk yarısında  ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3 faiz, süd istehsalı 2 faiz, yumurta istehsalı 4,5 faiz ,yun istehsalı 0,8 faiz artıb. Yanvar-iyun aylarında ölkədə  252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub. 2019-cu ilin 6 ayı ərzində 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9 faiz artıb. Yanvar- iyun aylarında ölkədən 181,3 milyon dollar dəyərində kartof və tərəvəz məhsulları, 137,2 milyon dollar dəyərində meyvə, 75,7 milyon dollar dəyərində pambıq lifi, 6,4 milyon dollar dəyərində tütün xammalı ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2 faiz artıb.
2019-cu ilin 1 iyul tarixinə kimi 798,1 min hektar taxıl sahəsində biçin aparılıb. Ümumi taxıl sahələrinin 76,6 faizi, o cümlədən, buğda sahələrinin isə 94,5 faizi biçilib. Sahələrdən 1,6 milyon ton buğda, 946,6 min ton arpa yığılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 60 faiz və 18,9 faiz çoxdur.

1 iyul tarixinə buğdanın məhsuldarlığı 33,2 sent/ha, arpanın məhsuldarlığı isə  29,9 sent/ha olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 sent/ha və 2.2 sent/ha çoxdur.

Yanvar – iyun aylarında respublika üzrə 636,6 ton barama tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24 faiz çoxdur. 2019-cu ilin I rübündə  2018-ci ildə istehsal edilib təhvil verilən 230,4 min ton xam pambığa görə 15627 pambıq istehsalçısına 23038,9 min manat, 511 tütün istehsalçısına 2,7 min quru və 22,5 min ton yaş tütünə görə 247,4 min manat, 1936 şəkər çuğunduru istehsalçısına təhvil verdikləri 276,6 min ton şəkər çuğundura görə 1106,6 minmanat olmaqla, ümumilikdə xam pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına 24 milyon 400 min manat məbləğində  subsidiya verilib. Bu, keçən ilin göstəricisindən 8,4 faiz çoxdur.

Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində 52 rayonda 11 hüquqi və 314 fiziki şəxsə 10,9 milyon manat məbləğində güzəştli kreditlər verilib. Güzəştli kreditlərin verilməsi nəticəsində 366 daimi və müvəqqəti iş yeri açılıb. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 30 iyun tarixinədək kənd təsərrüfatının inkişafı məqsədilə ölkənin 4 rayonunda aqrar sektorda çalışan 4 sahibkara 530 min manat məbləğində güzəştli kreditlər verilib, güzəştli kreditlərin verilməsi nəticəsində 18 daimi və müvəqqəti iş yeri açılıb.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti