“Samux rayonunda tərəvəz toxumlarının istehsalı” dəyər zənciri sublayihəsi

Samux rayonunun iqtisadiyyatında kənd təsərrüfatı üstünlük təşkil edir. Samux rayonu, xüsusən də, rayonun Füzuli kəndi tərəvəz toxumları istehsalında böyük nailiyyətlər əldə edib. Rayonda bir ildə 300-400 ton tərəvəz toxumu istehsal olunur. Yerli toxumçuların istehsal etdiyi tərəvəz toxumlarının böyük bir hissəsi yerli bazarla yanaşı MDB ölkələrinə də satılır. Təəssüf ki, toxumlar emal edilmədən və heç bir sertifikatı olmadan açıq şəkildə satılır. Bu da istehsal olunmuş məhsulun ucuz qiymətə satılması deməkdir. Dünya Bankı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin birgə layihəsi olan “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinn dəstəyi ilə 2016-cı ildə Samux rayonunun Füzuli kəndindən olan 12 fermer və Samux rayonunun Çobanabdallı kəndindən olan Qarayev Anar “Samux rayonunda tərəvəz toxumlarının istehsalı, emalı və satış üçün qablaşdırılması dəyər zənciri” sublayihəsində əməkdaşlıq etməyə qərar verdilər. Bu məqsədlə sahibkar Anar Qarayev tərəvəz toxumlarının emalı müəssisəsi – “Samux Toxum MMC”ni təsis etdi. Bu dəyər zənciri sublayihəsinin yaranması üçün əsas zərurət tərəvəz toxumlarının bazar qiymətlərinin tez-tez dəyişməsi, istehsal olunmuş tərəvəz toxumları bazarının qeyri-stabil olması, fermerlərin bazar tapa bilməməsi, eyni zamanda, tətbiq etdikləri becərmə texnologiyalarının zəif olması səbəbindən məhsuldarlığın aşağı olması idi. Aşağı məhsuldarlıq və bazarın zəif olması fermerlərin gəlirlərinin azalmasına səbəb olmuşdu.

 

Dəyər zənciri

“Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin investisiya dəstəyi məhsulun istehsalçıdan alıcıya çatdırılmasınadək bütün dəyər zənciri boyu mövcud və yarana biləcək problemlərin aradan qaldırılmasına hədəflənib. İndiyə qədər ölkədə tərəvəz toxumlarının emalı ilə məşğul olan yox idi. Fermerlər sertifikatsız toxuma etibar etmədiklərindən, yerli toxumlarla müqayisədə qiyməti baha olsa da, xarici ölkələrdən gətirilmiş, qablaşdırılmış və sertifikatla təmin olunmuş toxumlar almağa üstünlük verirdilər. Yerli istehsal olunmuş toxumlar keyfiyyətli olsa da, tərəvəz istehsal edən fermerlərin onlara inamı az idi. Yeni yaradılan dəyər zənciri bu problemləri kökündən həll etməyə qarşısına məqsəd qoyub. Bu dəyər zənciri sublayihəsinin həyata keçirilməsi fermerlərin bol və yüksəkkeyfiyyətli məhsul əldə etmələrinə, toxum emalı müəssisəsinin də onların məhsulu üçün stabil bazar olmasına şərait yaratdı. Toxum emalı müəssisəsi “Samux Toxum MMC” üçün isə yüksəkkeyfiyyətli və bol xammal əldə etmək imkanı verdi. Bu səbəbdən hər iki tərəf “Samux rayonunda tərəvəz toxumlarının istehsalı, emalı və satış üçün qablaşdırılması” dəyər zənciri sublayihəsində çox həvəslə əməkdaşlıq etdilər.

İstehsal artımı və satış

 “Samux rayonunda tərəvəz toxumlarının istehsalı, emalı və satış üçün qablaşdırılması” dəyər zənciri sublayihəsində məhsul artımı təxminən 45% təşkil edib. Fermerlərin istehsal etdiyi məhsulun hamısı “Samux Toxum MMC” tərəfindən bazar qiymətinə uyğun olaraq fermerlərdən satın alınıb. Yeni yaradılmış “Samux Toxum MMC”də bir ildə 300 ton toxumun emal olunub qablaşdırılması gözlənilir.

 

İnnovasiya

 Sublayihənin əsas innovativ tərəfi toxum emalı müəssisəsinin müasir avadanlıqlarla təchiz olunmasıdır ki, bu da əl əməyi olmadan beynəlxalq standartlara uyğun şəkildə toxumun emal prosesini sürətləndirir və emal həcmini artırır. Təmizlənmiş, çeşidlənmiş və kimyəvi emal olunmuş tərəvəz toxumları müasir, nəm keçirməyən paketlərdə qablaşdırılır.Qablaşdırılmış tərəvəz toxumları sertifikatla təmin olunub. Tərəvəz istehsalçıları sertifikatlı toxuma daha çox etibar edir. Cazibədar qablaşdırma və sertifikatla təmin olunması yerli məhsulun ixracını asanlaşdırır. Dəyər zənciri sublayihəsinin ikinci innovasiyası fermerlərin müasir becərmə avadanlıqları ilə təmin olunması idi. Müasir səpin və becərmə avadanlıqlarının tətbiqi fermerlərin becərmə xərclərini 40%-ə qədər azaldır və daha keyfiyyətli, bol məhsul istehsal etməyə şərait yaradır. Növbəti innovasiya isə dəyər zəncirinə cəlb olunmuş fermerlərin və emalçının keyfiyyətli məhsul istehsal etmək üçün bilik və bacarıqlarının artırılmasıdır. Bu məqsədlə layihəyə cəlb olunmuş beynəlxalq ekspert tərəfindən onlara ən müasir dünya təcrübəsi öyrədilir. Bu dəyər zənciri sublayihəsində tətbiq olunan daha bir innovasiya isə fermerlər və emalçı arasında müqavilə əsaslı işgüzar münasibətlərin formalaşmasına şərait yaradılması idi.

Rayonda bir ildə 300-400 ton tərəvəz toxumu istehsal olunur. Yerli toxumçuların istehsal etdiyi tərəvəz toxumlarının böyük bir hissəsi yerli bazarla yanaşı, MDB ölkələrinə də satılır.

 

Nəzakət Əsədova

Dünya Bankı və Azərbaycan Respublikasının Kənd Təsərrüfat Naziriyini yanında Aqrar Kredit və İnkişaf Agentliyinin birgə layihəsi olan “ Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin Aqrobiznes Dəyər Zəncirlərinin İnkişafı Komponentinin aqrobiznes üzrə mütəxəssis