Samux rayonunda meyvə qurusu istehsalı

Təxminən 57 min nəfər əhalisi olan Samux rayonu ölkəmizin Gəncə-Qazax iqtisadi rayonuna daxildir. Rayonun əsasən düzənlik olan ərazisi 1455 kvadratkilometdir. Bunun da 708 kvadratkilometri kənd təsərrüfatına yararlı torpaqlardır. Bu torpaqlarda çalışan fermerlər daha çox taxılçılıq, tərəvəzçilik və meyvəçilik, xüsusilə də, üzümçülük üzrə ixtisaslaşıblar.

 

Qeyd edək ki, Samux, Göygöl və Şəmkir rayonlarında üzümçülük geniş yayılıb. Son 10 ildə rayonda kişmiş üzümü bağlarının salınmasında ciddi inkişaf müşahidə olunmaqdadır. Fermerlərin bu sahəyə böyük maraq göstərməsinə rəğmən, təəssüf ki, bazar problemləri, məhsulun saxlanması və emalı üçün heç bir şəraitin olmaması, onları kişmiş üzümünü dəyərindən ucuz qiymətə satmağa məcbur edirdi. Nəhayət, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Dünya Bankı ilə birlikdə “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” adlı layihə reallaşdırmağa başladı. Beləliklə, 2016-cı ildə Samux rayonunun Sərkar kəndindən olan fərdi sahibkar Şamil Cahangirov və Samux, Şəmkir və Göygöl rayonlarından olan daha 10 fermer “Samux rayonunda meyvə qurusu istehsalı dəyər zənciri” sublayihəsində əməkdaşlıq etməyə qərar verdilər. Bu dəyər zənciri sublayihəsinin yaranması üçün əsas zərurət təzə üzümün bazar qiymətinin tez-tez dəyişməsi, mövsümdə tələbatın qeyri-stabil olması fonunda fermerlərin məhsullarına bazar tapa bilməməsi, eyni zamanda, tətbiq edilən becərmə texnologiyalarının zəif olması səbəbindən məhsuldarlığın aşağı olması idi.

Aşağı məhsuldarlıq və bazarın zəif olması fermerlərin gəlirlərini azaltmaqla yanaşı, onlar üçün kişmiş üzümü istehsalını maraqsız edirdi.

Dəyər zənciri

“Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin investisiya dəstəyi məhsulun istehsalçıdan alıcıya çatdırılmasınadək bütün dəyər zənciri boyu mövcud və yarana biləcək problemlərin aradan qaldırılmasını hədəf götürüb. Bu dəyər zənciri sublayihəsinin həyata keçirilməsi fermerlərin bağlardan bol və yüksəkkeyfiyyətli məhsul əldə etmələrinə və meyvə qurutma müəssisəsinin onların məhsulu üçün stabil baza olmasına şərait yaratdı. Emalçıya isə yüksəkkeyfiyyətli və bol məhsul əldə etmək imkanı verdi. Bu səbəbdən hər iki tərəf “Samux rayonunda meyvə qurusu istehsalı dəyər zənciri” sublayihəsində çox həvəslə əməkdaşlıq edir.

 

İstehsal artımı və satış

“Samux rayonunda meyvə qurusu istehsalı dəyər zənciri” sublayihəsində üzüm bağlarında məhsuldarlığın 1 hektara görə təxminən 30% artması nəzərdə tutulur. Sublayihənin icra edilməsindən keçən müddət ərzində üzüm bağlarında məhsul artımı 30% təşkil edib. Fermerlərin istehsal etdiyi məhsulun hamısı meyvə qurusu istehsal edən müəssisə tərəfindən bazar qiymətinə uyğun olaraq satın alınıb.

 

İnnovasiya

 Sublayihənin əsas innovativ tərəfi emal müəssisəsinin müasir avadanlıqlarla təchiz olunmasıdır. Bu halda əl əməyi azalır, meyvəqurutma prosesi sürətlənir, emal həcmi artır. Meyvə qurusu istehsalında əvvəllər meyvələrin qabığını çatlatmaq üçün onları qaynar qələvi məhlula batırırdılar, daha sonra isə kükürdlə emal olunurdu. Şamil bəyin müəssisəsində isə meyvələr ozonlu su ilə dezinfeksiya olunur. Bu da istehsal olunmuş quru meyvələrdə sonradan mikrotoksinlərin əmələ gəlməsinin qarşısını alır və yeni emal olunmuş məhsullar qida təhlükəsizliyi baxımından daha rəqabətədavamlı olur. Belə yanaşma xüsusilə ixrac zamanı beynəlxalq qida təhlükəsizliyi standartlarına cavab verdiyindən, məhsulun Avropa ölkələrinə ixracını asanlaşdırır. Həm emalçı, həm də fermerlərin keyfiyyətli məhsul istehsal etməsi üçün onların bilik və bacarıqlarının artırılması məqsədilə sublayihəyə cəlb olunmuş beynəlxalq ekspert tərəfindən ən müasir dünya təcrübələri öyrədilir. Bu dəyər zənciri sublayihəsində tətbiq olunan daha bir innovasiya isə fermerlər və emalçı arasında müqavilə əsaslı işgüzar münasibətlərin formalaşmasıdır.

 

Azərbaycan bir ildə 3306 ton kişmiş idxal edir. Bunun üçün 4.42 milyon ABŞ dolları vəsait ölkədən kənara çıxır. “Samux rayonunda meyvə qurusu istehsalı üzrə dəyər zənciri” sublayihəsinin həyata keçirilməsi qurudulmuş meyvə idxalının yerli istehsalla əvəz olunmasına imkan verəcək.

 

Ölkə üzrə əhəmiyyəti

 Dəyər zəncirinin yekun məhsulu olan quru meyvələr ölkəmiz üçün əhəmiyyətli məhsul hesab olunur. Azərbaycan bir ildə 3306 ton kişmiş idxal edir. Bunun üçün 4.42 milyon ABŞ dolları vəsait ölkədən kənara çıxır. “Samux rayonunda meyvə qurusu istehsalı üzrə dəyər zənciri” sublayihəsinin həyata keçirilməsi qurudulmuş meyvə idxalının yerli istehsalla əvəz olunmasına imkan verəcək. Eyni zamanda, qeyd etmək lazımdır ki, emal olunmuş yekun məhsulun ixrac potensialı yüksəkdir. Onu “Made in Azerbaijan” brendi altında asanlıqla Rusiyaya və digər xarici ölkələrə göndərmək mümkün olacaq. Beləliklə, qurudulmuş meyvə istehsalı Azərbaycanda daxili bazarın tələblərini ödəməklə yanaşı, xarici bazarlara da çıxacaq. Bu da ölkəmizin kənd təsərrüfatı sektoru üçün böyük əhəmiyyət daşıyır.

 

Rəşad Kərimov

Dünya Bankı və Azərbaycan Respublikasının Kənd Təsərrüfat Naziriyini yanında Aqrar Kredit və İnkişaf Agentliyinin birgə layihəsi olan “ Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin Aqrobiznes Dəyər Zəncirlərinin İnkişafı Komponetinin rəhbəri