Respublikamızda sitrus meyvəçiliyinin mövcud vəziyyəti və gələcək prespektivləri


Respublikamızda sitrus meyvəçiliyinin mövcud vəziyyəti və gələcək prespektivləri
 

Sitrus meyvəçiliyi sektorunda mövcud vəziyyət
Respublikamızda həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verir, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşır, normativ hüquqi baza təkmilləşdirilir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. 
Aqrar sektorun inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və inistitusional dəyişikliklərin müəyyən edilməsi bu sektorun keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyur.
Kənd təsərrüfatında özünəməxsus yeri olan sitrus meyvə bitkilərinin becərilməsi üçün ölkəmizin cənub bölgəsində əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması sitrusçuluğun inkişafını zəruri edir.

Tarixə nəzər salaq
Vətəni Şərqi Asiya olan sitrus meyvələrinin (portağal, limon, naringi, qreypfrut və s) istehsalına XIX əsrdə ABŞ-də başlanılıb, digər ölkələr də sürətlə yayılıb. Azərbaycanda isə sitrus meyvəçiliyinin əsası 1930-cu ildə Astara rayonunda ümumi sahəsi 800 hektar olan Subtropik Bitkilər Sovxozunun yaradılması ilə qoyulub. Sovxozun 500 hektara yaxın ərazisində limon, naringi, portağal, feyxoa, çay, nəcib dəfnə və s. bitkilərin becərilməsinə başlanılıb.
1930-cu ildən etibarən ölkədə sitru meyvə bağları sahələrinin planlı surətdə artırılmasına start verilib. Bu sahənin inkişafı 70-80-ci illərdə daha da sürətlənib. Bu dövrdə Lənkəran iqtisadi rayonunda aqrar sənaye kompleksinin inkişafı ilə bağlı həyata keçirilən uğurlu siyasət nəticəsində bölgədə digər subtropik bitkilərlə yanaşı, sitrus bitkilərinin əkin sahələri də əhəmiyyətli dərəcədə genişləndirilib.
90-cı illərin əvəllərində kənd təsərrüfatının digər sahələrində olduğu kimi, sitrus meyvəçiliyi sahəsində də tənəzzül yaşandı. Sitrus meyvə bağlarının bir qismi ləğv edilərək yerində dənli-taxıl, tərəvəz və digər bitkilərin becərilməsinə başlanıldı. Bununla belə, mövcud bağların konustruksiyasının dəyişdirilməsi hesabına məhsul istehalının kəskin azalması baş verməyib.
Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsasən, ölkəmizdə meyvə bağlarının sahəsi 2000-ci ilə qədər sürətlə azalmağa başlayıb, 2000-2008-ci illər ərzində azalma nisbətən ləngiyib, 2009-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin daha da gücləndirilməsi sitrus meyvə bağlarının sürətlə genişlənməsinə səbəb olub.  

Son beş ildə ölkədə sitrus meyvə bağlarının ümumi sahəsi artaraq 3735,1 hektar təşkil edilib. Məhsul istehsalı isə 44720,4 min tona çatdırılıb. Belə ki, 2018-ci ildə limonun əkin sahəsi  575,8 ha (36,8%), portağalın əkin sahəsi 494,6 ha(238,9%), naringinin əkin sahəsi isə 2664,7 ha(109,1%) təşkil edib. Sitrus meyvə bitkilərinin məhsuldarlığında isə 14,2% azalma müşahidə olunub.
“Azərbaycan Respublikasında sitrus meyvələri istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” (bundan sonra “Dövlət Proqramı”) ölkəmizdə sitrus meyvəçiliyinin inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, sitrus meyvələrinin istehsalının stimullaşdırılmasına yönəlib.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsasən, son 5 ildə respublikamızda sitrus meyvə bitkilərinin əkin sahələri 103% artıb. Lənkəran iqtisadi rayonu əsas sitrus meyvəçiliyi bölgəsi olduğu üçün respublikada mövcud olan sitrus meyvə bağlarının əsas hissəsi bu zonanın payına düşür. Belə ki, son 5 ildə Lənkəran iqtisadi rayonunda limon bağlarının ümumi sahəsndə 160,3 hektar, portağal bağlarında 348,4 hektar, naringi bağlarında isə 1394,4 hektar artım müşahidə olunub. Məlumdur ki, respublikamızın torpaq-iqlim şəraiti sitrus meyvə bitkilərinin yüksək məhsul verməsi üçün tamamilə uyğundur. Lakin buna baxmayaraq, respublika üzrə bu bitkilərin ümumi məhsuldarlığı çox aşağıdır. Belə ki, son beş ildə limon bitkisində 8,7 t/ha, naringi bitkisində isə 15,9 t/ha azalma müşahidə edilib. Sitrus meyvə bitkilərinin orta məhsuldarlığı Lənkəran iqtisadi rayonunda  respublikanın göstəricilərinə yaxındır. Naringi bitkisinin orta məhsuldarlığı 2018-ci ilin məlumatına görə, 22,7 t/ha təşkil edib. Sitrus meyvə bitkilərinin, əsasən də limon bitkisinin becərilməsi üçün münbit şəraitin olmasına baxmayaraq, Lənkəranda bu bitkinin orta məhsuldarlığı çox aşağıdır- bölgə üzrə  2018-ci ildə limon bitkisinin məhsuldarlığı 10,4 t/ha olub.

Azərbaycanda sitrus meyvə sektorunda mövcud vəziyyəti aşağıdakı kimi qiymətləndirmək olar:
•    Azərbaycan bir çox meyvə bitkilərinin gen qaynaqlarından biridir və ekoloji cəhətdən tropik meyvə bitkilərindən başqa bütün meyvə bitkilərini yetişdirməyə tam uyğundur;
•    Azərbaycanda sitrus meyvə istehsalı və əkin sahəsi artmaqdadır;
•    Respublikamız sitrus meyvə istehsalı üçün əlverili coğrafiyaya malik olmasına baxmayaraq, meyvə ixracatında çox geridədir;
•    Respublikamızda meyvələr həm təzə halda, həm də emal edilərək (şirə, konsentrant və s.) ixrac edilir;
•    Azərbaycan coğrafi mövqeyinə görə ən böyük idxal bazarlarına yaxındır;
•    İstehsal ənənəvi yolla aparılmaqla yanaşı, son illərdə klon calaqaltıları üstündə bağsalma layihələri həyata keçrilir;
•    Sitrus meyvəçiliyi sahəsində kadr potensialı və seleksiyası üzrə elmi-tədqiqat işləri qənaətbəxş deyil;
•    Azərbaycanda sitrus meyvə istehsalı üçün emal və paketləmə, depolama bazası yetərsizdir
•    Sitrus meyvəçiliyi sahəsində innovativ texnologiyalar tətbiq edilmir;
•    Meyvə istehsalçıları arasında uzunmüddətli kooperasiya əlaqələri mövcud deyil;
•    Daşınma uyğun olmayan nəqliyyatla həyata keçirilir;
•    Azərbaycanda kənd təsərrüfatına dəstək dövlət büdcəsinin kiçik bir hissəsini təşkil edir;
•    İstehsalçı-yayımçı-tədqiqat arasında məlumat mübadiləsində axsamalar mövcuddur;
•    Istehsalçıların xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri, modern becərmə üsulları, calaqaltı, sort, budama kimi vacib mövzularda bilikləri aşağadır.

Sektorda çox sayda təşkilatın olmasına rəğmən, onların faydası azdır və bu cür təşkilatlanma ilə gözlənilən fayda əldə etmək mümkün deyil.

Azərbaycanda sitrus meyvə istehsalını artırmaq və ixracatçı ölkəyə çevrilmək üçün prioritet istiqamətlər aşağıdakılardan ibarət olmalıdır;
•    Sitrus meyvə bitkiləri sahəsində standartların təkmilləşdirilməsi və beynəlxalq tədbirlərə uyğunlaşdırılması;
•    Mövcud meyvə bağlarının intensivləşdirilməsi, yəni ənənəvi sortların daha intensiv sortlarla əvəz edilməsi və innovativ texnologiyaların tətbiqi yolu ilə məhsuldarlığın yüksəldilməsi;
•    Sitrus meyvəçiliyi sahəsində infrastruktur təminatının yaxşılaşdırılması;
•    Meyvə istehsalı üçün emal, paketləmə və depolama bazasının gücləndirilməsi;
•    Sitrus meyvəçiliyi sahəsində innovativ texnologiyaların tətbiqi;
•    Məhsulların satışı üzrə marketinq fəaliyyətinin gücləndirilməsi;
•    Sitrus meyvə bitkilərinin əkin sahələrinin genişləndirilməsi;
•    Virusdan azad, sağlam əkin matrealının istehsalı, reproduksiya və sənaye tinglik təsərrüfatlarının yaradılması;
•    Sitrus meyvə bitkilərinin tinglik təsərrüfatlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsi.

 

Vahid Əliyev
Azərbaycan Respublikası Kənd Təsərrüfatı  Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnistitutunun direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru