Yoluxucu nodulyar dermatit xəstəliyi

Yoluxucu nodulyar dermatit xəstəliyi

İribuynuzlu heyvanlar nodulyar dermatit xəstəliyi ( latınca “ dermatitis nodularis bovum”, ingiliscə “limpy skin disease” adlandırılır) virus mənşəli olmaqla, qısa müddətli qızdırma, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi və dərialtı toxumlarda düyünlərin əmələ gəlməsi ilə səciyələnir.

 

Yayılması

Xəstəlik ilk dəfə 1929-cu ildə Şimali Rodeziyada aşkar olunub. Kliniki əlamətləri isə 1931-ci ildə R.Mac.Donald tərəfindən təsvir edilib. Sonralar bu xəstəlik Cənubi Afrikanın əksər ölkələrində, eləcə də, 1954-cü ildə Madaqaskarda üzə çıxıb. P.C. Lefevre və başqalarının müşahidələrinə görə, son onilliklər ərzində xəstəlik Afrika qitsəinin əksər ölkələrində yayılıb, eyni zamanda, Hindistanın şimali-qərb ştatlarında da qeydə alınıb.

Maddi zərəri

Xəstəlik nəticəsində ölüm halları 10 faizdən yüksək olmur, ancaq bir çox tədqiqatçıların qənaətinə görə, süd və ət istehsalının azalmasına, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsinə, inəklərdə cinsi tsiklin, buğalarda müvəqqəti cinsi fəallığın pozulması maddi zərərin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. D.R.Navathe (1978), R.M. Sharma (1962) və başqaları qeyd edirlər ki,  nodulyar dermatit Hindistana hər il 150 milyon rupi ziyan vurur.

Bu sahədə uzun müddət tədqiqat aparan L.Bakstorm, Robinson və Aleksander xəstəlik nəticəsində dərialtı toxumalarda yaranan düyüncəklərin infeksion xarakterli olduğunu müəyyən ediblər. 1948-ci ildə Van der Ende, Aleksander və Kipps həmin infeksianın törədicilərini yumurta embrionunda yetişdirməyə nail olublar. 1956-1957 ci illərdə isə Aleksander, Plovayt və Halq xəstə heyvanların pataloji matreiallarını buzovun böyrək hüceyrələrində yetişdirməklə xəstəliyin virus mənşəli olduğunu aşkarlayıblar. Həmin viruslar aşağıdakı 3 qrupa bölünür:

  1. Orphelins;
  2. Allerton;
  3. Neethling.

İ. Pridie və V. Coackley 1959-cu ildə nodulyar dermatitin törədicisinin yalnız üçüncü qrup virusuna aid olduğunu sübut edərək, həmin törədicilərinin də çiçək virusu ailəsinə daxil olduğunu bildiriblər. 1961-ci ildə Capsticing və başqaları eksperimental şəraitdə heyvanların Allerton virusuna yoluxma nəticəsində yüngül xəstələndiyini, Orphelins qrupuna aid olan virusların isə onlarda heç bir kliniki dəyişiklik törətmədiyni qeyd ediblər.

 

Düyüncüklərin viruslu matrealı toyuq embrionlarında, buzovların, quzuların və ada do.anlarının ilkin hüceyrə toxumalraında çoxalır. Eksperimental yoluxmaya iri və xırdabuynuzlu heyvanlar, hind donuzları, siçanlar çox, ada dovşanları isə nisbətən az həssasdır.

R.E.V eissin 1959-cu ildə apardığı tədqiqatlarla görə, törədicilər qida mühütinin pH (2-10) dəyişikliyinə nisbətən davamlı olsa da , 20%-li efir və xloroform məhsulu virusu inaktivləşdiri.

Epizooloji məlumatlar

Təbii şəraitdə nodulyar dermatit iribuynuzlu heyvanlar, xüsusilə də zebular həssadır. Xəstəliyin əsas mənbəyi xəstə heyvanlar və virus daşıyıcılarıdır. Xəstəliyin ilkin dövründə sürünün 5-50, ayrı-ayrı hallarda isə 75-100 faiz virusa yoluxa bilər. İnfeksiya əsas etibarilə qansoran həşəratlar-ağcaqanadlar, milçəklər tərəfindən mexaniki yolla yayılır.

1955-ci ildə Haiq bildirib ki, xəstəliyin ötürlməsində əsas amil tüpürcək vəzində virusun yüksək konsentrasiyada mövcud olmasıdır.

Virus quşlar vasitəsilə yayılması haqda fikir yürüdənlər də var. Bəzi müəlliflərin, o cümlədən, B.H.Ali, Abeidin məlumatlarına görə , xəstəlik Sudandan ilk dəfə yaxşı otlaq sahəsi və su mənbələri olan rayonda qeydə alınıb.

Navathe və başqaları 1978-ci ildə Nigeriyada iribuynuzlu heyvanlar arasında xəstəliyi ən çox iyul-avqust aylarında (25-75faiz) müşahidə ediblər. İlin quraqlıq dövründə isə epizooteiya müşahidə edilməyib. Gövşəyən heyvanlar arasında xəstəlik qeydə alınmayıb. Leferre və başqaları 1979-cu ildə Afrika qitsəindəki epizootik vəziyyəti analiz edərək nodulyar dermatitetin tədricən bu materikin şimal və qərb zonalarına yayıldığı qənaətinə gəliblər.

Patogenizin lazimi səviyyədə öyrənilməməsi çox vaxt eksperimental şəraitdə tipik klinik əlamətlərin müşahidə olunmaması ilə izah edilir. Iribuynuzlu heyvanlar dərialtı yolla viruslu materialla yoluxdurullduqdan 4-7 gün sonra həmin nahiyyənin mərkəzində düyüncəklər əmələ gəlir ki, onların ətrafında  da iltihabi proses gedir. İltihablaşma dər, dərialtı nahiyə, bəzi hallarda isə əzələ toxumasını da əhatə edir. Yoluxmanın 7-19-cu günü 48 saat ərzində qızdırma, sonra generalizasiya prosesi müşahidə olunur.

Qandakı virus 3-4 gündən sonra temperaturun qalxması və düyüyncüklərin əmələ gəlməsi şəklində özünü göstərir. Həmin dövrdə virus qanla ağız boşluğunun, burunun, gözün, cinsiyyət yolunun selikli qişasına, tüpürcək, süd vəzilərinə, xayalara sirayət edir. Düyüncəklərin əmələ gəlməsi dərinin epiteli hüceyrələrinin hiperplaziyası ilə müşayiət olunur. Dərinin derma hissəsinin şişkinliyi və dərmanların trombozu nəticəsində ətraf toxumalar nerkozlaşır. İltihabi proses limfa vəzilərinidə əhatə edir. Amma bu prosesin mexanizmi axıra qədər öyrənilməyib.

Kliniki əlamətləri

Təbii yoluxmada inkubasiya dövrü 2-4 həftə çəkir. Xəstəliyin kəskin forması ilk dövrlərdə qızdırma, iştahın zəifləməsi, gözdən yaş axması, burnun selikli qişasından axıntılarla müşayiət olunur. Xəstəlik baş verdikdə 48 saat sonra dəri üzərində 0,2-5 sm ölçüdə girdə formalı səpgilər əmələ gəlir. Dərialtı limfa vəziləri həcmcə böyüyür və aydın şəkildə müşahidə olunur. Xəstə heyvanlar sürətlə arıqlayır, sağmal heyvanlarda isə süd vəzilərinin mastiti nəticəsində südün miqdarı azalır. Nadir hallarda heyvanlarda aqressivlik müşahidə olunur. Bəzən inəklərdə balasalma hallarıda qeydə alınır.

Xəstəliyin ağır forması uzunmüddətli qızdırma, iştahın kəsilməsi, arıqlama baş verir. Bədənin hər yerində və görünən selik qişalarında düyüncüklər əmələ gəlir, xəstəliyin ağırlaşması dövründə traxeyanın, udlağın zədələnməsi və bronxopnevmaniya nəticəsində heyvanlarda asfiksiya müşahidə olunan və ölüm halı baş verə bilər.

Nodulyar dermatit kəsskin formasında dəridə nəzərə çarpan zədələnmələr qeydə alınmır. Xəstəlik vaxtı qısamüddətli qızdırma və iştahın kəsilməsi baş verir. Xəstəliyin atipik forması yeni doğulmuş buzovlarda fasiləli diareya, qızdırma özünü biruzə verir, kliniki əlamət kimi dəri örtüyündə heç bir dəyişiklik hiss olunmur.

Yaşlı heyvanlarda iştahın kəsilməsi, arabir qızdırma halları baş verir. Nadir hallarda xəstəlik simptomsuz, amma virus daşıyıcı və virusneytrallaşdırıcı anticisimlər əmələ gəlməsi ilə müşayiət olunur.

Pataloji anatomik dəyişikliklər

Düyüncəklərin kəsiyində ağ bozumtul rəngdə bərk konsistensiyalı birləşdirici toxuma nəzərə çarpır, dəri və dərialtı toxuma qırmızımtıl maye ilə dolur. Nekrozlaşmış düyüncəklər laxtalanmış kütlə halında olur, onların dibində isə xora əmələ gəlir. Düyüncəklər ağciyərin, mədənin, işgəmbənnin və balalığın əzələ lifləri arasındada nəzərə çarpır.

Plevra pərdəsində, ürək əzələlərində, qaraciyərdə qan sağıntıları qeydə alınır. Histomorfoloji dəyişikliklər prosesin inkişaf mərhələsindən aslıdır. Xəstəliyin ilk dövrlərində epiteli hüceyrələri həcmcə böyüyür və onlardavakuollar əmələ gəlir. Düyüncəklərin histokəsiyində çox vaxt nüvədən böyük olmaqla girdə və ya uzunsov törəmələr qeydə alınır. Həmin törəmələr epiteli hüceyrələrdə aşkar olunur.

 

Diaqnoz və differensial diaqnoz

Düyüncəklərin tipik forması asanlıqla müəyyən olunur. Atipik və sporadik halları aşkar etmək çətindir. Belə hallarda virusu ayırıb identifikasiya etmək lazımdır. Epizotoloji məlumatlar və simptomatik xüsusiyyətlər əsasında klinik diaqnoz qoymaq olar. Nodulyar dermatitin xarakterik əlamətləri orqanların seroz və selikli qişasında düyüncəklərin əmələ gəlməsi, səthi limfa vəzilərinin reaksiyası ilə səciyyələnir. Yekun diaqnoz labaratoriya müayinələri nəticəsində qoyulur. Dərinin histopotoloji kəsiyində epiteli hüceyrələrində stioplazmatik törəmələr aşkar olunur. Həmin törəmələri düyüncəklərin 90%-də müşahidə etmək mümkündür. Virus toxuma kulturaarasında neyrtallaşma reaksiyası vasitəsilə ayrılır və identifikasiya edilir. Diferensial diaqnoz zamanı xəstəliyin ilkin dövrünün böyük əhəmiyyəti vardır. Xəstəliyi sterptotrixoz, onxoserxoz, dəri vərəmindən, eləcə də, həşərat və ilan sancması zamanı dərinin dəyişməsi hallarından fərqləndirmək lazımdır.

 

Pofilaktika və mübarizə tədbirləri

Nodulyar dermatit zamanı, adətən xəstə heyvan sağalır. Ölüm halları 1-2 faiz təşkil edir, ümumilikdə 10%-i keçmir. Sağalan heyvanlarda immuitet əmələ gəlir. Heterogen vaksinlə peyvənd olunmuş heyvanlarda immunitet 2 ilə qədər qalır. Hazırda ən çox Neethling ştammından lioflizasiya edilmiş kultural vaksin tətbiq edilir. Həmin vaksin 3 il ərzində immuniteti qoruyur. Cnub və Şimali Afikanın bir çox ölkələrində milyonlarla heyvan peyvənd edilib və müsbət nəticə əldə olunub.

Yuxarıda da qeyd olunduğu kimi, bu xəstəliyə yoluxmuş heyvanların 90% sağalır. Bunun üçün heyvanlara yaxşı saxlanma və yemləmə şəraiti yaradılmalıdır. Eyni zamanda , heyvanların dezinfeksiyaedici maddələr və duş qurğuları vasitəsilə çimizdirmək lazımdır. Xəstəlikdən sağalmış heyvanlarda virusa qarşı güclü immunitet yaranır. Amma , məsələn, nodulyar dermatitə qarşı qoruyucu karantin tədbirləri Afrika və Madaqaskarda arzu olunan nəticəni verməmişdir, xəstəlik tədricən Cnubi, Şimali, Qərbi Afrika zonasına yayılıb. Çox güman ki, yayılma arealının belə çox olmasının səbəbi xəstəliyin epizootologiyasının az öyrənilməsi və mənşəyinin qeyri-dəqiqliyidir.

Xəstəliyin baytarlıq-sanitariya pofilaktikasında vahid sistem işlənib hazırlanmayıb. Bununl abelə, diri heyvanın yerdəyişməsi və dərinin daşıınması qadağan edilir, xəstə və şübhəli heyvanlar izolyasiya olunur. Ölmüş heyvanların cəsədləri yandırılır və yaxud basdırılır. Bu hallarda südün əmtəəsinə də qadağa qoyulmalıdır.

Baytarlıq-sanitariya tədbirlərilə yanaşı, kompleks şəkildə spesfik pofilaktika tədbirlərinin aparılması bu xəstəliyin aradan qalxmasına gətirib çıxara bilər. Respublikamızda profilaktika məqsədilə iribuynuzlu heyvanların peyvəndlənməsi qoyunlarrın çiçək vaksini aparılır. Peyvəndləmə 6 aylığa qədər heyvanlarda 5 doza, 6 aydan yuxarı bütün iribuynuzlu heyvanlarda isə 10 doza miqdarında dəri altına inyeksiya edilməklə həyata keçirilir.

 

Ramiz Salmanov

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri