AGRO HACKATHON 2020

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Eazi Start” Startap və İnnovasiya Mərkəzi və Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı, “Bakcell” şirkətinin sponsorluğu ilə fevralın 29-dan martın 2-dək Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində müasir istixana kompleksinin daxilində “Agro Hackathon 2020” müsabiqəsi keçirilib.
Müsabiqənin texniki tərəfdaşı “Microsoft” şirkətidir. Müsabiqədə iştirak üçün ölkənin qabaqcıl ali təhsil müəssisələrini təmsil edən 50-dən artıq komanda müraciət edib.
Onlardan 11 fərqli ali məktəbi təmsil edən 15 komanda müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. İlkin seçim mərhələsindən uğurla keçmiş komandaların ümumi say tərkibi 70, komandalardakı xanım iştirakçıların sayı isə 20 nəfərdən çox olub.

Müsabiqə martın 2-də saat 06:00-da yekunlaşıb. İştirakçılar onlara verilmiş texniki tapşırığın öhdəsindən uğurla gələrək 2020 dəqiqə ərzində ölkə üzrə rekord sayılacaq qədər kod yazmaqla istixanaların suvarma sistemləri üçün proqram hazırlayıblar.

Müsabiqədə xüsusi fərqlənmiş Azərbaycan Texniki Universitetinin komandasının şərəfinə institut tərəfindən yetişdirilmiş yeni pomidor sortuna Tərəvəzçilik Elmi-Tədqiqat İnsitutunun təşəbbüsü ilə “AzTU-2020” adı verilib.

“Agro Hackathon 2020”
müsabiqəsində

I yeri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Mathemates” komandası, II yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Origen” komandası, III yeri isə ADA Universitetinin SPB komandası tutub.
I, II və III yerləri tutan komandalar müvafiq olaraq 6060, 4040, 2020 manat məbləğində pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Müsabiqədə xüsusi fərqlənmiş Azərbaycan Texniki Universitetinin komandasının şərəfinə institut tərəfindən yetişdirilmiş yeni pomidor sortuna Tərəvəzçilik Elmi-Tədqiqat İnsitutunun təşəbbüsü ilə “AzTU-2020” adı verilib.

Bu müsabiqə, təşkil edildiyi yer və qoyulmuş problemin unikallığı cəhətdən dünyada bir ilkdir. “Agro Hackathon 2020” müsabiqəsi çərçivəsində tapılmış texniki həllərin müasir istixana komplekslərinin idarəetməsində tətbiqi nəzərdə tutulur.