Suyun kənd təsərrüfatında rolu və ondan səmərəli istifadə olunması

Subəşəriyyətin əsas həyat mənbələrindən biridir. Susuz həyat yoxdur. Təsadüfi deyil ki, canlı orqanizmlərin əsas hissəsini su təşkil edir. Kənd təsərrüfatı sahəsində suvarma suyunun əhəmiyyəti çox böyükdür. Belə ki, bu sahənin inkişafını suvarma suyu olmadan təmin etmək mümkün deyil.
Ümumilikdə respublikamız arid zonada yerləşir və su ehtiyatlarımız olmalıdır. Azərbaycanda 8350 çay var ki, onlardan da əsasları Kür və Araz çaylarıdır. Daxili çayların axımının əsas hissəsi yaz dövrünə düşdüyündən və onların əksəriyyəti tənzimlənmədiyindən daşqın və sel sularından səmərəli istifadə etmək mümkün olmur, bu suların yalnız 10-15 %-i vegetasiya suvarmaları üçün istifadə olunur, qalanı isə dənizə axır.
Əsas su ehtiyatı mənbəyi kimi irihəcmli Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Varvara, Sərsəng, Taxtakörpü su anbarları kompleks məqsədlər-hidroenergetika və suvarma üçün, Ceyranbatan su anbarından isə suvarma ilə yanaşı, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli və texniki su təchizatı ilə təmin olunması üçün istifadə edilir.
Ölkəmizin su ehtiyatlarının təxminən üçdə ikisi ölkə kənarından gəlir. Həm Kür, həm də Araz çayları ölkə sərhədlərini keçir. İllik su istehlakı təxminən 12 milyard m3 qiymətləndirilir ki, bunun da 8 milyard m3-i lazımi formada istifadə edilir və təxminən 4 milyard m3-i itirilir.
Respublika ərazisində 1,5 milyon hektara yaxın ərazi suvarılan torpaqlardır. Suvarılan torpaqların 77.5 %-i əkin, 8.6 %-i çoxillik əkmələr və 13.9 %-i isə biçənək, örüş, həyətyanı sahələri təşkil edir. Yay aylarında suvarmaya tələbat artdıqca, çayların axımı 10 %-ə qədər azalır, bəziləri bir çox hallarda tam quruyur. Bu da yay aylarında kənd təsərrüfatı əkinlərinin su təminatını çətinləşdirir və əksər hallarda təkrar əkinlərdən gözlənilən məhsulu almağa imkan vermir.
Son illər olduğu kimi, kənd təsərrüfatı istehsalçıları 2020-ci ildə də kəskin quraqlıqla müşahidə olunan və qışı mülayim keçən bir təsərrüfat mövsümü yaşayır.
2018-ci ildə orta illik atmosfer yağıntıları 480 mm, 2019-cu ildə isə 360 mm olub. Hazırda yağıntıların azalma tendensiyası davam edir. Təsadüfi deyil ki, iqlim dəyişmələri ilə əlaqədar Beynəlxalq Təbii Resurslar İnstitutunun (WRI) tərtib etdiyi siyahıda 2040-cı ildə quraqlıqla üzləşəcək 33 ölkənin içində Azərbaycan 18-ci yerdədir.
İqlim dəyişmələri ilə yanaşı ən böyük problemlərdən biri də mövcud su ehtiyatından səmərəli istifadə edilməməsi, yəni itkilərə yol verilməsidir. Suvarma suyunun itkisi əsasən su kanallarının vaxtlı-vaxtında təmizlənməməsi, təmir-bərpa işlərinin aparılmaması, hələ də əsas kanal şəbəkələrinin torpaq məcralı olub müasir tələblərə cavab verməməsidir.
Bu vəziyyət kollektor-drenaj sistemlərinə də aiddir. Drenaj sistemlərinin təmizlənməməsi əkin sahələrində formalaşan minerallaşmış qrunt sularının səviyyəsinin qalxmasına səbəb olur.
Qrunt sularının qalxması torpaqların şorlaşma dərəcəsini yüksəldir ki, bu da məhsuldarlığa ciddi təsir edir.
Qeyd edək ki, bütün dünyada su ehtiyatlarından səmərəli istifadə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Bu gün kənd təsərrüfatının əsas sahəsi olan əkinçiliyin inkişaf etdirilməsi, eləcə də idxaldan asılılığı aradan qaldıraraq ixracyönümlü aqrar sektorun formalaşdırılması üçün torpaq və su ehtiyatlarımızdan səmərəli istifadə edilməsi ən aktual məsələlərdəndir.
Bunun üçün suvarılan torpaqların meliorativ vəziyyətinin öyrənilməsi, onların şorlaşma və şorakətləşmə dərəcəsini əks etdirən xəritələrin hazırlanması, həmin xəritələr əsasında yuma, kollektor-drenaj sistemlərinin
təmir-bərpası, su itkisinin azaldılması mütərəqqi becərmə texnika və texnologiyalarının tətbiqi kimi müvafiq sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi vacib şərtlərdən biridir.

Suvarma suyundan səmərəli istifadənin mühüm üsullarından biri də mütərəqqi suvarma texnologiyasının tətbiqidir. Dünyada kənd təsərrüfatında istifadə olunan torpaqların yalnız 18 %-i suvarılır, lakin bu torpaqlar istehsal olunan
məhsulun 50 %-ni verir. Ölkəmizdə isə kənd təsərrüfatı məhsullarının təxminən 90 %-i suvarılan əkin sahələrindən götürülür. Çiləmə (yağmurlama) və suvarma (pivot) texnologiyasının tətbiqi nəticəsində sudan düzgün istifadə etməklə Azərbaycanda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını əkin sahələrini çoxaltmadan 2-3 dəfə artırmaq olar.

Müasir suvarma sistemləri texnikası və texnologiyalarında əsasən 4 növ suvarma sistemindən istifadə edilir:

Elastik şlanq ilə suvarma
Suçiləyən plastik borularla suvarma
Damcı suvarma üsulu
Pivot suvarma sistemi

Elastik şlanq ilə və suçiləyən plastik borularla suvarma Azərbaycanda geniş yayılmasa da, digər suvarma üsulları geniş yayılıb. Damcı suvarma üsulundan əsasən Quba-Xaçmaz zonasında və istixanalarda geniş istifadə olunur. Pivot suvarma sistemi Azərbaycanda ən geniş yayılmış suvarma sistemidir. Respublikanın müxtəlif ərazilərində pivot suvarma sistemindən istifadə edilir. Bu sistemlər əsasən mərkəzi pivot sistemləridir. Respublika ərazisinin Avropa Kosmik Agentliyinin "Sentinel-2" peykindən çəkilmiş təsvirləri əsasında mövcud pivot suvarma ocaqlarının yeri və sahəsi müəyyən edilmişdir. Tədqiqat zamanı 18 inzibati rayon ərazisində 699 pivot
suvarma ocağından ibarət 38425.63 ha ərazi müəyyənləşdirilmişdir. Pivot suvarma sistemlərinin ən çox tətbiq olunduğu rayonlar Tovuz və Hacıqabul rayonlarıdır. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına bilavasitə
təsir edən infrastruktur layihələridir. Bu sahəyə qoyulan böyük vəsait sahibkarlığa dövlət tərəfindən göstərilən dəstəyin təzahürüdür. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müasir suvarma sistemlərinin alışına 40 % güzəştin tətbiq olunması da qeyd olunanlara bariz nümunədir. 

Pivot suvarma sistemlərinin aqrar sahədə yaratdığı dönüş fermer təsərrüfatlarının inkişafına təkan verəcək. Ölkənin iri əkinçilik təsərrüfatlarında, o cümlədən aqroparklarda pivot suvarma sistemləri uğurla tətbiq olunur. Hazırda tikintisi davam edən Qax Aqroparkında və Sumqayıt Texnologiyalar Parkında da müasir üsullu, özüyeriyən pivot suvarma sisteminin quraşdırılması işləri aparılır. Pivot tamamilə sinklənmiş polad borulardan və müxtəlif sistemlərdən ibarətdir. Texnologiyanın bütün hissələri müsəssisədə yığılır.

Firidun Tağıyev
Kənd Təsərrüfatı Nazirliyi
Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri