Quraqlığın kənd təsərrüfatına təsiri

İldən-ilə iqlim dəyişikliklərinin kənd təsərrüfatının müxtəlif sahələrinə təsirləri daha aydın hiss olunur və məhsuldarlıq göstəricilərinin aşağı düşməsinə səbəb olur. Aqrar sahə iqlim amillərindən birbaşa asılıdır, istehsal
fəaliyyətinin dağınıq təşkili isə bu sahə üçün ciddi risklər meydana gətirir. FAO-nun məlumatlarına görə, iqlim dəyişikliyi yaradan istixana qazlarının havaya atılmasında kənd təsərrüfatının payı 13,5 %-dir, bu isə böyük göstəricidir.
Əlverişsiz iqlim amilləri kənd təsərrüfatına nə qədər mənfi təsir göstərirsə, aqrar sektorun özü də qlobal iqlim dəyişmələrinə bir o qədər təsir göstərir. 2050-ci ilə qədər bəşəriyyətin bütün tullantılarının 50 %-i kənd
təsərrüfatının payına düşəcək. Ən ciddi risklər əkinçilikdə yaranır. Yağıntıların qeyribərabər paylanması nəticəsində aran bölgələrində qış mövsümündə quraqlıq hökm sürür, payızda əkilmiş taxılın kollanma fazası aşağı olur, bitkilər sükunət dövrünü normal keçirmir. Nəticədə həm zərərvericilər, həm də xəstəliklər üçün münbit şərait yaranır. Son dövrlər taxılçılıqda siçanabənzər gəmiricilər, taxıl böcəyi çox geniş yayılıb. Fermerlər tərəfindən bir
sıra mütərəqqi addımların atılmaması da problemin miqyasına öz təsir göstərir. Məsələn, vaxtında yay şumunun, payızda isə dondurma şumunun aparılmaması qış mövsümündə əkin sahələrində zərərvericilərin artmasına səbəb olur. Quraqlıqla mübarizədə suya qənaət edən texnologiyalara keçid mühümdür.
Qlobal iqlim dəyişikliyinin səbəb olduğu su probleminin həllində innovativ suvarma sistemlərinin tətbiqi, torpaq mühafizəedici sistemlərinin müasir əkinçiliyə gətirilməsi mənfi təsirləri xeyli azalda bilər. Torpaqda olan nəmliyin qorunub saxlanması məqsədilə məhsul yığıldıqdan sonra sahədə diskiləmə aparılması, torpaqda əmələ gələn qaysaqların dağıdılması və yarıqların ləğv olunması həmin dövrdə yağıntıların torpaqda daha çox toplanmasına imkan verir. İri təsərrüfatlarda növbəli əkin sisteminin tətbiqinin vacibliyi diqqətdə saxlanmalıdır.
Elmi yanaşmalara əsasən əlverişsiz iqlim amilləri heyvandarlıqda keyfiyyətsiz yem istehsalı və yem qıtlığı problemini də meydana çıxarır. Orta temperaturun artması bitkilərin məhsuldarlığı və keyfiyyətini dəyişir, bu da öz növbəsində heyvandarlığın inkişafına və heyvan mənşəli məhsulların istehsalına mənfi təsir göstərir. Baytarlıq baxımından iqlim dəyişmələri mikroorqanizmlərdə maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur ki, bu da insanlar və heyvanlar arasında yeni epidemiya və epizootiyaların yayılmasına gətirib çıxarır. Qansoran həşəratlar, böcəklər və meşə zərərvericiləri kütləvi şəkildə vaxtından tez oyanaraq artır və heyvanlar arasında xəstəliklər yayır. Göy dil xəstəliyi, Qərbi Nil qızdırması, Denqe (Tropik) qızdırması, Hanta virusu, Ebola qızdırması kimi keçmiş vaxtlarda tamamilə ekzotik və arealı müəyyən coğrafi sahə ilə məhdudlaşan xəstəliklərin iqlimin istiləşməsi nəticəsində geniş yayılması xüsusi narahatçılığa səbəb olur. Havada hərarətin kəskin sürətdə artması kol və qamışlıq bitkilərinin inkişaf etməsinə gətirib çıxarır, bu da dovşankimilərdə parazitlik edən leptospiroz kimi təhlükəli xəstəliklərin yayılma ehtimalını artırır. Əhalinin qidalanmasında əsas yer tutan tərəvəzçilik sahəsi də iqlim dəyişmələrindən təsirlənir. Bu neqativ təsirlər nəticəsində bir çox kənd təsərrüfatı bitkilərinin, o cümlədən, tərəvəz və bostan bitkilərinin ekoloji həssaslığı artır, onların adaptasiya qabiliyyətinin zəifləməsi qaçılmaz olur.

Tərəvəzçilik sahəsində adaptasiya tədbirləri kimi istisevər, quraqlığa davamlı və yüksək məhsuldarlığa malik sortların seleksiya, introduksiya və təsərrüfata tətbiqi, əsas tərəvəzçilik bölgələrində quraqlığın bitkilərdə yaratdığı bir sıra stress təsirlərini azaltmaq, həmçinin torpaqların münbitlik parametrlərini qorumaq məqsədilə becərilən pomidor, baş soğan, sarımsaq, xiyar, bibər, ağbaş kələm, yerkökü, tərəvəz noxudu, qarpız, yemiş kimi tərəvəz-bostan bitkilərinin yüksək ekoloji plastikliyə və stabilliyə malik yeni məhsuldar sortlarının müəyyən edilməsi və tətbiqi vacibdir. Qlobal iqlim dəyişikliklərinin müşahidə olunduğu şəraitdə zərərli orqanizmlərin kənd təsərrüfatı bitkilərinə vurduğu ziyanı minimuma endirmək üçün aşağıdakı tədbirlər görülməlidir:

1. Zərərli orqanizmlərin çoxalma səbəbləri aşkaredilməli və aradan qaldırılmalı
2. Karantin tədbirləri tətbiq edilməli və nəzarətgücləndirilməli
3. Aqrosenozlarda pestisid yükü azaldılmalı
4. Mineral gübrələrin tətbiq reqlamentlərinə riayət olunmalı və “birtərəfli” istifadənin qarşısı alınmalı

Qlobal istiləşmə probleminə lazımi elmi-texnoloji yanaşma ortaya qoyulmasa, aqrar sahədə risklərin artmasını müşahidə edəcəyik və sonradan onların idarə edilməsi çətin prosesə çevriləcək.

Nicat Nəsirli
Kənd Təsərrüfatı Nazirliyi
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri