HEYVANDARLIĞIN İNTENSİV İNKİŞAFINDA SÜNİ MAYALANMANIN ROLU

Dövlətimizin ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edərək aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirir. Xüsusilə ötən dövrdə bu sahədə qəbul edilmiş dövlət proqramları müasir dövrdə ərzaq təhlükəsizliyinin necə böyük önəmə malik olduğunu göstərir. Bu gün aqrar sahədə mühüm istiqamətlərdən birini də heyvandarlığın inkişafı təşkil edir.
Heyvandarlığın inkişafında əsas məqsədlərdən biri, təbii ki, məhsuldarlığın yüksəlməsidir. Müasir dövrdə isə bu tələbat süni mayalanma tədbirlərinin həyata keçirilməsi ilə ödənilir. Çünki süni mayalanma heyvanlarda baş sayının artırılması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılmasında da mühüm rol oynayır.
Yüksək məhsuldarlıq və sağlamlıq göstəricilərinə malik olan törədicilərdən alınaraq xüsusi üsullarla emal edilmiş toxumun yeni cinslərin yaradılması və məhsuldarlığın yüksəldilməsi məqsədi ilə süni yolla dişi heyvanların cinsiyyət orqanlarına köçürülməsi prosesi süni mayalanma adlanır.
Təbii mayalanmadan fərqli olaraq süni mayalanma yolu ilə bir buğadan alınmış toxumdan 800-ə yaxın sağlam mayalanma prossesi həyata keçirmək mümkündür.
Bununla yanaşı alınan toxumlar laboratoriya şəraitində analiz edilərək yalnız aktiv və sağlam hüceyrələr seçilir ki, bu da öz növbəsində heyvanların cins tərkibinin yaxşılaşması və sağlam buzovların alınmasında vacib amildir.
Süni mayalanma prosesində heyvanlar arasında birbaşa əlaqə olmadığından, cinsiyyət orqanlarının xəstəlikləri ilə mübarizədə bu üsulun xüsusi xidməti vardır. Süni mayalanmanın tətbiqi yaxşı törədici buğalardan geniş istifadəyə imkan və şərait yaradır
Belə ki, süni mayalanmanın tətbiqi nəticəsində bir törədici buğadan alınmış toxum ilə il ərzində 20000-100000-ə qədər, hətta bəzi hallarda toxumun keyfiyyətindən, onun emalından və mayalanma texnikasından asılı olaraq daha çox inəyi mayalamaq olur.

Heyvanların süni mayalandırılmasının əhəmiyyəti bunlardır:
• Süni mayalanma heyvanların məhsuldarlıq və damazlıq keyfiyyətini yüksəltməklə bərabər, seleksiya işi üçün də qiymətli genetik materiallar verir.
• Təbii cütləşmə ilə yayılan brusellyoz, vərəm, vibrioz, trixomonoz, balalıq yolunun və balalığın infeksiyaları və s. kimi heyvanların reproduktiv funksiyalarına çox ciddi təsir edən xəstəliklərin qarşısı alınır.
• Genital yolla yoluxan xəstəliklərin profilaktikası nəticəsində bu xəstəliklərin səbəb olduqları qismən və tam qısırlıqlar aradan qaldırılır.
• Hər 20-30 inəyə bir törədici buğa ayrıldığı halda, süni mayalanma zamanı bir törədici buğadan alınmış sperma ilə minlərlə ana heyvanın mayalandırılması təşkil edilir
Bu proseslərin təşkil edilməsinə çəkilən xərclər, müvafiq sayda heyvanların təbii yolla mayalandırılması üçün lazım olan törədicilərin bəslənməsi və saxlanması üçün lazım olan xərclərin 100-200 dəfə azaldılmasını təmin edərək nəticə etibarı ilə heyvandarlıq məhsulları istehsalının maya dəyərini aşağı salır və böyük iqtisadi səmərə verir.
Yüksək məhsuldarlıq göstəricilərinə malik olan qiymətli heyvan genofondlarının qorunması məqsədi ilə çoxdan tələf olmuş qiymətli törədici buğaların və hazırda yaşayan törədicilərin spermasından istifadə edərək, yeni məhsuldar nəsil alınmasına və istənilən mövsümdə heyvanların mayalandırılmasına şərait yaranır.
Süni mayalanmanın tətbiqi nəticəsində nəinki məhsuldar cinslərin artırılması, hətta cinsdaxili rekord göstəricilərə malik olan erkək və dişi heyvanlardan seleksiya məqsədi ilə daha geniş istifadə etməyə imkan yaranır.
Əsasən Avstriya, Hollandiya cinsli buğalardan süni mayalanma yolu ilə əldə olunan heyvanlar yerli cinslərlə müqayisədə iqlim şəraitinə, xəstəliyə daha dözümlü olub, ətlik, südlük, südlük-ətlik və ətlik-südlük məhsuldarlığı istiqamətində də daha gəlirli və əlverişlidir.
Təbii yolla heyvanların mayalanması üçün saxlanılan törədicilərə əhali tərəfindən külli miqdarda yem alınmasına vəsait sərf olunur və müxtəlif yoluxucu xəstəliklərin artmasına, qısırlığın çoxalmasına səbəb olur. Ona görə də hesab edirik ki, heyvandarlıqda süni mayalanmanın sürəti artırılmalı və ona dövlət dəstəyi gücləndirilməlidir.
Biotəhlükəsizlik tələblərinə uyğun olaraq tövlə daxilinə yemləmə və təmizləmə üçün traktorlar və digər mexanizmlər buraxılmır. Kompleksdə saxlanılan heyvanların hərəkəti üçün diametri 14 m olan avtomatlaşdırılmış qurğu quraşdırılıb.
Burada həmçinin baytarlıq klinikası və 340.8 m2-lik karantin məntəqəsi vardır. Burada istehsal olunan yüksək keyfiyyətli buğa toxumları, Dövlət Toxum Fondunun layihəsi olan “Toxumart” regional toxum satış məntəqələri vasitəsilə regionlarda fəaliyyət göstərən süni mayalandırma mütəxəssislərinə daha əlçatan olmuşdur.

Mütəxəssislər artıq istənilən zaman Xaçmaz, Zaqatala, Cəlilabad, Bərdə və Sabirabad “Toxumart” mağazalar şəbəkəsindən buğa toxumu ilə yanaşı, süni mayalandırmada istifadə olunan çeşidli ləvazimatlar və cinslər haqqında məlumat kataloq-kitabçaları əldə edə bilərlər.
Bununla yanaşı “Toxumart” toxum satış mərkəzlərində, heyvandarlıqla məşğul olan şəxslərə süni mayalandırma haqqında məlumatlar verilir, süni mayalandırma mütəxəssisi və cins heyvan toxumu seçimində tövsiyələr edilir.
Respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Respublika Süni Mayalanma Mərkəzi inşa edilərək 2017-ci ildən istifadəyə verilmişdir. Süni mayalanma tədbirlərinin həyata keçirilməsi baxımından bu mərkəzin müstəsna rolu vardır.

Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzi 3.26 ha ərazini əhatə edərək kompleks şəklində inşa edilmiş və daxilində inzibati bina, enerji təchizatı obyektləri, su hovuzları, nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar mövcuddur.
Üçmərtəbəli inzibati-laboratoriya binasının ümumi sahəsi 2320 m2-dir. Burada laboratoriya, azot çənləri, azot təchizatı şəbəkəsi, toxum bankı, genetik materialların satış mərkəzi, təlim-toplantı mərkəzi və təlimdə iştirak edənlər üçün yataqxana, camaşırxana, mətbəx yerləşir.
Laboratoriya süni mayalandırma sahəsində ən müasir avadanlıqlarla təchiz edilmiş və bu avadanlıqlarla işləyən mütəxəssislərə təlimlər keçirilmişdir.
Kompleksin tövlə binası, o cümlədən tövlənin havalandırma və işıqlandırma sistemləri ən müasir standartlara uyğun olaraq qurulub. Tövlənin daxilindəki temperatur və nəmlik, heyvanların yemlənməsi, peyinin təmizlənməsi prosesləri tam sürətdə avtomatik idarə olunur.
Yem anbarı və yem hazırlama sahəsində olan Almaniya istehsalı paylayıcı qurğu, xüsusi proqramla yem rasionuna görə hər bir heyvanın önünə müvafiq miqdarda yem tökmək imkanına malikdir.

Elton Əbdurəhmanov
Dövlət Toxum Fondunun sədr müavini