AMAL - gənclərin Aqrar məşğulluğu

Kәnd tәsәrrüfatının inkişafı vә iqtisadiyyatının şaxәlәndirilmәsi ölkәnin sosial-iqtisadi gündәmindәdir. Әhalinin böyük qisminin kәnd tәsәrrüfatına çıxışı mümkün olduğu halda, bu sahәdә inkişaf potensialının perspektivlәrinin fәrqinә varılmaması, gәnclәr vә qadınlar arasında işsizlik sәviyyәsinin yüksәkliyi diqqәt çәkir.

Bu problemin әsas sәbәblәri arasında gәnclәrin kifayәt qәdәr kәnd tәsәrrüfatı üzrә bilik vә bacarıqlarının olmaması, hәmçinin maliyyә resurslarına mәhdud çıxışdır. AMAL-ın (Aqrar Mәşğulluğun Artırılması Layihәsi) әsas mәqsәdi dә mәhz qeyd olunan sәbәblәrin aradan qaldırılmasıdır. Çox sevindiricidir ki, layihәyә başladığımız gündәn ideyaya gәnclәr tәrәfindәn maraq durmadan artır. Bu isә yeni tәşәbbüsün vaxtında yaranmasının göstәricisi vә gәlәcәkdә uğurlu olacağına işarәdir.

Gәnclәrin töhfә verә bilәcәyi müasir kәnd tәsәrrüfatı

Qısa zaman әrzindә aqrar sektorda gәnclәrin iştirak sәviyyәsi artacaq, yeni nәsil fermerlәrin formalaşmasına, gәnclәrdә yaradıcı vә innovativ potensialın üzә çıxmasına şәrait yaranacaq, xüsusәn, dә onların tәhsil vә mәşğulluq mәsәlәlәrinә diqqәti artacaq. Nәhayәt, gәnclәr hәm dә kәnd tәsәrrüfatında da innovativ informasiya-kommunikasiya texnologiyalarından sәmәrәli istifadә edә bilәcәk.

AMAL-ın missiyası gәnclәrin, xüsusәn dә, gәnc qadınların kәnd tәsәrrüfatı sahәsindә sahibkarlıq vә mәşğulluq imkanlarını artırmaqdır. İnanırıq ki, gәnclәrimizә bu yolla kәnd tәsәrrüfatı haqqında dolğun vә müsbәt fikir formalaşdırmağa nail olacağıq. Vacib mәqsәdlәrimizdәn biri olan olan mәhsuldarlığın artırılması vә dayanıqlığı nәticәsindә isә kәnd yerlәrindә yoxsulluq azalacaq.

Layihәnin әsas mәqsәdlәri:

• Kәnd tәsәrrüfatında mәhsuldarlığının artırılması vә dayanıqlığı;

• Kәnd yerlәrindә yoxsulluğun azaldılması;

• Aqrar sahәdә innovasiyaların tәtbiqi;

• Aqrobiznes imkanlarının genişlәndirilmәsi ilә gәnc nәslin aqrar sahәyә marağının artırılması;

• Kәndlәrdә yaşayan gәnclәrin fәrdi biznes vә sahibkarlıq imkanlarının genişlәndirilmәsi;

 • Gәnclәrin, qadınların sәmәrәli mәşğulluq vә sahibkarlıq imkanlarının yaradılması.

 

 

AMAL şәbәkәsi

Bir şәbәkәnin uğurlu inkişafı üçün әn vacib aspekt qarşılıqlı ünsiyyәtdir. AMAL şәbәkәsi mәhz aqrar sahәyә marağı olan gәnclәrin bilik vә informasiya mübadilәsini tәmin etmәk üçün yaradılmış platformadır. Nәticә olaraq, hәdәfimiz bütün tәklif, ideya vә biliklәrin öz ünvanına çatıb milli sәviyyәdә dialoqa çevrilmәsi, gәnclәr arasında aqrar sahәdә liderlәrin yetişdirilmәsidir. Mәhz bu sәbәbdәn sözügedәn missiyanı AMAL şәbәkәsinin ölkә üzrә bütün regionlarında fәaliyyәt göstәrәcәk AMAL sәfirlәrinә hәvalә etmәyi düşündük. Müvәffәqiyyәtli namizәdlәr hәm onlayn, hәm dә canlı dialoqa әsaslanan fәaliyyәtlәrlә mәşğul olacaq, öz şәhәr vә regionlarının gәnclәrini ölkә daxilindә tәmsil edәcәk.

Başlanğıc üçün icra etdiyimiz Gәnc Fermerlәr Proqramı aqrar sahәdә 100 әn yaxşı layihә sahibinә fәrdi biznes vә sahibkarlıq imkanlarını inkişaf etdirmәk fürsәti verәcәk. Gәnclәrin bu sahәdә bilik vә bacarıqlarının tәkmillәşdirilmәsi üçün BMT-nin ixtisaslaşmış qurumu olan Beynәlxalq Әmәk Tәşkilatının “Öz biznesini yarat”, “Öz biznesinә başla“, “Biznes plan” mövzularında tәlimlәr keçirildi. 1 ay müddәtindә 8 peşәkar tәlimçi tәrәfindәn aparılmış tәlimlәrә 21 rayondan aqrar sahәyә marağı olan 428 gәnc qatıldı. Marketinq, biznesin idarә edilmәsi, satış planlarının hazırlanması haqqında xüsusi maariflәnәn gәnclәr mәhz tәlimlәrdәn sonra ideyalarını real biznes planına çevirә bildilәr.

 

Pilot layihәlәr

 - Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamәtindә ailә tәsәrrüfatlarının, kiçik vә orta sahibkarlığın genişlәndirilmәsi;

- Şәki rayonunda tütünçülük tәsәrrüfatlarının maddi-texniki bazasının güclәndirilmәsi;

 - Lәnkәran rayonunda sitrus meyvәçiliyi üzrә ailә tәsәrrüfatlarının, kiçik vә orta sahibkarlığın genişlәndirilmәsi;

 - Masallı rayonunda çay tingçiliyinin vә yeni çay plantasiyasının salınması mәqsәdilә müasir ailә tәsәrrüfatlarının yaradılması.

Aqrar sahәdә mәşğulluğun artırılması üzrә daha 4 pilot layihә vә Azәrbaycanda ilk dәfә aqrar sahә üzrә bilik vә bacarıqların artırılması mәqsәdi ilә yaradılacaq AMAL Akademiyası, yay vә qış mәktәblәrindәn ibarәt olacaq akademiya aqrar sahәdә nәzәri biliklәri artırmaq vә onları tәcrübәdә tәtbiq etmәyә kömәk edәcәk.

Şübhәsiz ki, bütün layihәlәrin uğuru gәnclәrimizә bağlıdır. Yaradılan imkan vә şәrait onların motivasiyasını artırıb qısa zamanda özlәrinin, bәlkә dә, gerçәk olacağına inanmadığı ideyalarını reallaşdırmağa tәkan verәcәk. AMAL-ın dayaq yeri elә hәmin gәnclәrdir.

Nәrmin Әliyeva

AMAL Layihә Koordinatoru