Müasir meyvə bağı – “Ağıllı bağ”

Müasir meyvə bağı – “Ağıllı bağ”
Meyvəçilik aqrar iqtisadiyyatın önəmli bir sahəsidir və son dövrlərdə çox sürətlə inkişaf edir. Dünyada meyvə bağlarının ümumi sahəsi 90 milyon hektara yaxın olub ümumi əkin sahəsinin 6%-ni təşkil edir. Müasir meyvəçilik intensiv yollarla inkişaf etdirilir. Adi intensiv bağların hər hektarında 600-800, superintensiv bağların hər hektarında 1800-4000, ultraintensiv bağların isə hər hektarında 5000-10000 ədəd ağac əkilir. Bu bağlardan 40-80 ton və daha çox keyfiyyətli məhsul yığılır. Bağların məhsuldarlığının yüksəlməsində sort həlledici rol oynayır. 1 hektardan orta hesabla 20 tondan az məhsul verən sortların becərilməsi tövsiyə edilmir. Bu səbəbdən də bağlarda becəriləcək sortların miqdarı xeyli məhdudlaşdırılmış, yüksək keyfiyyətli məhsul verən sortların sahələri genişləndirilmişdir. Azərbaycanda meyvəçiliyin inkişafında Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 2003-2007-ci illərdə Fransanın Luaret Kənd Təsərrüfatı Palatası ilə həyata keçirdiyi “Frazer” layihəsinin mühüm rolu olmuşdur. Layihə çərçivəsində ölkəmizə yeni mütərəqqi bağsalma və suvarma texnologiyaları, müasir bazar tələblərinə cavab verən meyvə sortları və vegetativ calaqaltılar gətirilmişdir. Yeni texnologiya və sortlar üzrə salınmış meyvə bağlarının ümumi sahəsi 3000 hektara yaxındır. Buna baxmayaraq, meyvə bitkilərinin ümumi məhsuldarlığı çox aşağıdır.
Azərbaycanda ilk dəfə Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən müasir texnologiyaların tətbiqi ilə “Ağıllı bağ” layihəsi həyata keçirilmişdir. “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağlarının becərilməsi tamamilə avtomatlaşdırılmış və buraya kompüter idarəetməsi tətbiq olunmuşdur. Meyvə bağlarında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becərilir. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi kimi istifadə olunan subartezian quyusu günəş panellərindən alınan elektrik enerjisi ilə çalışır. “Ağıllı bağ” da günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılıb. Burada mərkəzi xəbərdarlıq sistemi də qurulub.
Meyvə ağaclarının suya, gübrəyə tələbatı və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürülür. Bu sistem vasitəsilə, həmçinin meyvə bağlarında bitkilərin böyümə dinamikasına nəzarət olunur. “Ağıllı bağ” intellektual texniki sisteminin tətbiqi nəticəsində meyvə bağlarında məhsuldarlıq 25-30% artmaqla məhsul itkisi 25% azalmış və bununla da əmək məhsuldarlığı xeyli yüksəlmişdir. 

Telli tərbiyə, günəş və doludan qoruma sistemi Proqnozlaşdırma və erkən xəbərdarlıq sistemi

Telli tərbiyə sistemi mexanizmi asanlaşdıraraq çətir balansını saxlayır, qırılma problemlərini aradan qaldırır və erkən məhsul əldə edilməsini təmin edir.
Sistemin quraşdırılması üçün meyvələri dolu, yağış və günəşin təsirindən qoruyan tor, bitişdirici və bağlayıcılardan istifadə olunur.

Bu sistemin aşağıdakı üstün cəhətləri vardır:

• Yağış, günəş şüaları və dolunun mənfi təsirlərindən qorumaq;
• Sahənin daxilində temperaturun aşağı salınmasını təmin etmək;
• Yaz şaxtalarından mühafizə etmək;
• Quşlar və zərərverici həşəratlardan qorumaq.

Proqnozlaşdırma və erkən xəbərdarlıq sistemi
Telli tərbiyə sistemi mexanizmi asanlaşdıraraq çətir balansını saxlayır, qırılma problemlərini aradan qaldırır və erkən məhsul əldə edilməsini təmin edir.
Sistemin quraşdırılması üçün meyvələri dolu, yağış və günəşin təsirindən qoruyan tor, bitişdirici və bağlayıcılardan istifadə olunur.
Kənd təsərrüfatında ən vacib texnoloji inkişaflardan biri də proqnozlaşdırma və erkən xəbərdarlıq sistemidir. Erkən xəbərdarlıq sistemi ana stansiya, torpaq sensoru, fenomon və fenoloji kameralardan ibarətdir.

Bu sistemdən istifadə aşağıdakı imkanları yaradır:

• İqlim monitorinqi;
• Sahəyə uyğun hava proqnozu;
• Xəstəlik və zərərvericilərlə bağlı xəbərdarlıq;
• Real vəziyyətdə torpaq nəmliyinin ölçülməsi;
• Bitkinin su tələbatının hesablanması;
• Şum, kultivasiya, gübrələmə və pestisid səpini üçün ideal vaxtların müəyyənləşdirilməsi.

Günəş panelləri

Suvarma yeraltı su mənbələrinin qazılması yolu ilə həyata keçirilir. Meyvə bağlarının suvarılmasında günəş enerjisi ilə işləyən AC və DC nasos sistemlərindən istifadə edilir.

DC günəş nasosu vasitəsilə suyu çən və ya hovuzdan təchiz edir. Ərazi kameralaşmış müşahidə sistemi vasitəsilə davamlı olaraq izlənilir.

Üstün cəhətləri:
• Elektrik enerjisinə qənaət edilir;
• Mərkəzi su və elektrik təchizatından asılılıq olmur;
• Ətraf mühitə zərər vurmur;
• İstismar müddəti çoxdur

Torpaqaltı damla suvarma sistemi

Son zamanlar meyvə bağlarının effektiv suvarılmasında torpaqaltı damla suvarma sistemindən istifadə olunur. Bu sistem bitkini hər inkişaf mərhələsinə uyğun olaraq ehtiyac duyduğu qida maddələri ilə təmin edir.
Avtomatik gübrələmə məhsulun inkişaf dövrlərinə görə bitkini su və gübrələrlə təmin edir. Bu proseslərin avtomatik idarə olunması istehsalçının gübrələmə üçün sərf etdiyi vaxta qənaət edir və bitkilərə gübrəni bərabər miqdarda paylayır. Bu sistemin də bir çox üstün cəhətləri vardır:
• Torpaqaltı suvarma ilə müqayisədə su sərfi
40-50% azalır;
• Balanslaşdırılmış su rejimi və qidalanma bitkilərin
məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır;
• Üst torpaq qatındakı nəm çatışmazlığı alaq otlarının,
göbələk və bakterial xəstəliklərin inkişafının qarşısını
alır;
• Yuxarı torpaq təbəqəsində buxarlanmanın az olması
qaz mübadiləsini yaxşılaşdırır.
Torpaqaltı damla suvarma sisteminin istismar müddəti 15 ildir. Bu sistemin qurulmasına qoyulan investisiya torpaqüstü suvarma və süni yağış yağdırma üsulu ilə müqayisədə 1,5 dəfə çoxdur.

Zəminə Sərhədova
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun elmi katibi