Agtech startapları və yeni fürsətlər

AGTECH STARTAPLARI VƏ YENİ FÜRSƏTLƏR
"Agtech startapı" dedikdə, kənd təsərrüfatı sahəsində yeni rəqəmsal texnologiyalardan istifadə etməklə qurulan innovativ şirkətlər nəzərdə tutulur. Agtech startapı Azərbaycan üçün yeni termin olmasına baxmayaraq, artıq bu istiqamətdə fundamental məsələlərin həlli üçün bəzi fəaliyyətlər həyata keçirilmişdir.
Startapların uğurlu olması üçün ölkədəki startap ekosisteminin güclü olması ən əhəmiyyətli faktorlardan biridir. Startap ekosistemi özündə müasir bilik, investisiya, insan resursları və sahibkarlıq düşüncə tərzini ehtiva edir.
Azərbaycanda agtech sahəsində ekosistemin formalaşması üçün müəyyən tədbirlər həyata keçirilib.
Bunlara misal olaraq, 2018-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan “AgTech and Green Energy” Beynəlxalq Forumu, İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə həyata keçirdiyi 12 həftəlik “Agtech Akselerasiya” proqramını və “Startap Azərbaycan” tərəfindən həyata keçirilən “AgroX” startap müsabiqəsini qeyd etmək olar.
Həmçinin “SUP VC” şirkəti də ölkədə agtech sahəsinin daha da inkişaf etdirilməsi üçün “USAID” ilə birlikdə xarici ekspertlərdən ibarət qrupla hakaton və təlimlər təşkil edəcək.

Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən Agtech startapları aşağıdakılardır:

Dr.Agro: Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərərək fermerlər üçün diaqnostik və konsultasiya xidmətləri təklif edir. Dr.Agro həm mobil, həm də veb-versiyada mövcuddur.

Mr.Bee: Arıçılıq məhsullarının istehsalı və satışı ilə məşğul olub 2015-ci ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərir. Mr.Bee Azərbaycanın bəzi rayonlarında yaşayan arıçıların öz məhsullarını bazara daha rahat çıxarması üçün yaradılmış platformadır.

Otmilk: Azərbaycan bazarında artıq bir neçə ildir ki, mövcuddur. İstifadəçilərinə bitkilərdən hazırlanmış və tərkibində kimyəvi maddələr olmayan orqanik süd məhsulu təklif edir. Otmilk südə allergiyası olanlar, yaşlılar və idmançılar üçün ideal içkidir.

HealWith: Süni intellekt vasitəsilə bitkilərdəki xəstəlikləri müəyyən edib müvafiq müalicə metodları təklif edir. İstifadəçilər bu tətbiqin köməyilə bitkinin düzgün yolla müalicə olunduğundan əmin olurlar.

Agropolis: Agropolis fermerlərlə mütəxəssisləri bir araya gətirən mobil tətbiqdir. Fermerlər sadəcə öz mobil nömrələrini və fəaliyyət göstərdikləri bölgəni daxil edib Agropolisdə qeydiyyatdan keçirlər. Bununla da tətbiqin mütəxəssis bazasına çıxış əldə edib istədikləri mütəxəssislə əlaqə qura bilirlər.

Biobone: Bu startap orqanik gübrə sahəsində fəaliyyət göstərir. Əsasən sümük və heyvan mənşəli tullantıları xüsusi formada emal edərək onlardan tam təbii gübrə istehsal edir.

Azərbaycanda agtech sahəsinin inkişafında özünü büruzə verən ən böyük problemlərdən biri bu sahədə cəhdlərin həddindən artıq az olmasıdır. Bir çox sahədən fərqli olaraq, kənd təsərrüfatı sahəsi ilə müasir texnologiyaların sintezi çox az baş verir. Bunun əsas səbəblərindən biri də hər iki sahəni bilən ekspertlərin arasında qarşılıqlı əməkdaşlığın qurulmamasıdır.
Agtech startapının qurulması üçün kənd təsərrüfatı və müasir texnologiyaları bilən ekspertlərin əməkdaşlığı vacibdir. Burada ən böyük rol məhz kənd təsərrüfatı sahəsində ixtisaslaşan təhsil müəssisələrinin üstünə düşür.
Tələbələr kənd təsərrüfatı sahəsindəki biliklərdən istifadə edərək qarşılaşdıqları problemləri müasir texnologiyanın tətbiqi ilə həll edə bilərlər.
Hal-hazırda dünyada baş verən dəyişikliklər, süni intellektin inkişafı, kənd təsərrüfatı sahəsindəki yeniliklər Azərbaycan üçün də yeni imkanlar yaradır. Məhz kənd təsərrüfatı sahəsindəki ənənəvi biliklərimizi yeni texnologiyalarla birləşdirərək ölkədə güclü Agtech startap ekosistemi qurmaq olar. Bu da öz növbəsində məhsuldarlığı artırmaqla yanaşı, Azərbaycanı qlobal səviyyədə kənd təsərrüfatı üzrə ixtisaslaşmış ölkələrdən biri edə bilər.

Vüsal Kərimli
“SUP.VC” şirkətinin direktoru