Azərbaycanda aqrar sahibkarlıq və onun inkişafı

Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafı, o cümlədən qeyri-neft sektorunun gücləndirilməsi və təsərrüfat sahələrinin bilik əsaslı formalaşdırılmasının təmin olunması istiqamətində kompleks islahatlar aparılır. Bu islahatların təməlində intellektual insan kapitalının formalaşdırılması əsas məqamlardan biri kimi qiymətləndirilir. Dünya iqtisadiyyatında aparıcı rol oynayan inkişaf strategiyaları intellektual kapitalın gücləndirilməsinə əsaslanır.
Cəmiyyətin tələbləri və qloballaşmanın təsiri ilə bu yanaşma getdikcə daha da aktuallaşır. İntellektual kapitalın inkişafı əlavə dəyər formalaşdıran istehsal gücünün artması ilə bağlıdır. Başqa sözlə, iqtisadi strategiyaların fəlsəfəsində əlavə dəyər formalaşdırılması nə qədər aktualdırsa, həmin strategiyanın reallaşması üçün intellektual kapitala olan ehtiyac da bir o qədər yüksək olur. Müasir istehsal prosesinin davamlılığını nəzərə alaraq əmək, investisiya və təbii resurslarla yanaşı, təşəbbüskarlıq (sahibkarlıq) yanaşmasının mövcudluğu da əhəmiyyətli amildir.
Burada qeyd olunan sahibkarlıq yanaşması aşağıdakı
3 istiqamətdə özünü göstərir:

1. Biznes fəaliyyətində innovativ sahibkarlıq – insanların
müstəqil biznes fəaliyyəti ilə məşğul olmağa maraqlı
olmasından irəli gəlir. İnnovativ təşəbbüskarlıq
fəaliyyətinin mahiyyətində əlavə dəyər formalaşdırmaq
funksiyası vardır. Buna görə də bu cür işlərdə fürsətləri
daha tez görə bilmək, araşdırma, təhlil və müqayisə, fərqli
baxış, planlama, təqdimat, maliyyə və s. kimi bacarıqların
olması önəmlidir.
2. Müəssisədaxili sahibkarlıq – şirkət və firmanın
əməkdaşları onlara verilən tapşırıqları vaxtında və
təhlükəsiz yerinə yetirməklə yanaşı, həm də həmin işin
icrasında daha səmərəli yollar arayışında olurlar. Bu
cür sahibkarlıq fəaliyyəti yeni sahibkarlıq quruluşlarının
meydana gəlməsindən daha çox mövcud şirkətlərin
güclənməsinə və böyüməsinə köməklik göstərir.
3. Məmur təşəbbüskarlığı – burada dövlət məmurları
təşəbbüskarlıq qabiliyyətlərini işə salırlar. Bu
təşəbbüskarlıq fəaliyyəti müəssisədaxili sahibkarlıq
fəaliyyətinə bənzər olsa da, burada xüsusi məqamlar
mövcuddur. Belə ki, dövlət məmurunun təşəbbüskarlığı ilə
özəl sektorda fəaliyyət göstərən bir şəxsin müəssisədaxili
təşəbbüskarlığı arasında fərqlər vardır. Burada şirkətlər
daha çevik ola bildikləri halda, dövlət təşkilatlarında bu
çeviklik çox da asan əldə olunmur.
2019-cu ilin məlumatlarına görə Azərbaycanda əhalinin 47,2 %-i kənd əhalisidir. Ölkə üzrə məşğul əhalinin təqribən 36%-i isə kənd təsərrüfatının müxtəlif sahələrində çalışır. Azərbaycanda həyata keçirilən islahatların başlıca
istiqamətlərindən biri isə kənd təsərrüfatının inkişaf etdirilməsidir.

Dünya təcrübəsindən də məlumdur ki, aqrar sahənin güclü olması təkcə burada çalışan əhalinin sayından deyil, sənayeləşmənin inkişaf səviyyəsindən asılıdır. Başqa sözlə, aqrar sahənin effektiv və dayanıqlı inkişafı səmərəli sənaye istehsalının mövcudluğuna əsaslanır. Azərbaycanın müxtəlif regionlarında yaşayan kənd əhalisinin böyük əksəriyyəti kənd təsərrüfatında fəaliyyət göstərsə də, bu fəaliyyətlər həyətyanı sahənin minimal
şərtlərlə dəyərləndirilməsindən ibarətdir. Müxtəlif regionlarda kəndli fermerlərimizin əksəriyyəti miras qalmış resursların istifadəsini davam etdirirlər. Əgər miras qalmasaydı, həmin fermerlərin mövcud fəaliyyətləri
də olmaya bilərdi. Dövrün iqtisadi tələblərinə isə bu cür fəaliyyətlərlə cavab vermək mümkün deyil. Ənənəvi yanaşmalarla mövcud rəqabətə davam gətirmək mümkün deyil. Biznes təşəbbüskarlığı olmayan kənd
əhalisi öz rifahını sahib olduğu aqrar resursların (torpaq, iqlim, ixtisaslaşma və digər) düzgün və effektiv istifadəsi ilə deyil, müxtəlif sənaye və xidmət sahələrində çalışmaqla təmin etməyə üstünlük verir.
Bu cür iş yeri olmayan kəndli isə özünü işsiz hesab edir. Əslində regionlarda sənaye və xidmət sahələrinin inkişafı da orada mövcud olan aqrar resursların kütləvi formada
effektiv istifadəsi ilə birbaşa bağlıdır. Son illər regionlarda biznes fəaliyyətinə maraq artmışdır. Lakin kənd əhalisinin biznes təşəbbüskarlığı haqqında bilik və bacarıqlarının az olması onların sosial rifahının aşağı olmasına gətirib çıxarır. Buna görə də sahib olduqları aqrar potensialı düzgün qiymətləndirə bilmirlər. Bəzən bu cür vəziyyət resurs və dəyərlərin itirilməsi ilə də nəticələnir.

Aqrar fəaliyyətin inkişaf etdirilməsinin 3 əsas istiqaməti mövcuddur:

1. Yaşayışın təmin edilməsi üçün həyata keçirilən aqrar
fəaliyyətlər;
2. Kommersiya məqsədli aqrar fəaliyyətlər;
3. Sənaye məqsədli aqrar fəaliyyətlər.

Müşahidələr göstərir ki, Azərbaycanda yuxarıda qeyd olunan 3 istiqamətin hamısı eyni zamanda mövcuddur. Əslində isə əsas məqsəd aqrar sektorun
kommersiyalaşdırılması və sənayeləşdirilməsidir. Problemə bu aspektdən baxdığımız zaman Azərbaycanda aqrar sahənin məhsullarının satışının təşkilində effektiv sistemin olmadığı müşahidə edilir. Bu sahəni araşdırdıqda
görürük ki, kənd təsərrüfatı məhsullarının satışı zamanı əsas istehsalçı sayılan kəndli çox pul qazana bilmədiyi halda məhsulun tədarükü zamanı kiçik qruplar daha çox
qazanc əldə edə bilirlər. Buna səbəb olan amillərdən biri də kəndlinin satış işini bilməməsidir. Kəndlinin biznes təşəbbüskarlığı sahəsində bilik və bacarıqlarının olmaması prosesin ən əhəmiyyətli yerində onun sahibkarlıq motivasiyasına mənfi təsir edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, Azərbaycanda aqrar sektorun inkişafını təmin etmək üçün kənd əhalisi arasında biznes təşəbbüskarlığı istiqamətində maarifləndirici tədbirlərin kəmiyyət və keyfiyyət baxımından artırılması müsbət nəticələrin əldə olunmasına səbəb ola bilər. Bununla belə, ölkədə mövcud olan aqrar sahələr üzrə peşəkar kadrların hazırlanması prosesində də təşəbbüskarlığın tədrisinə geniş yer verilməsi faydalıdır. 

İsa Qasımov
Bakı Mühəndislik Universiteti Texnoparkında direktor
Coğrafiya üzrə fəlsəfə doktoru