Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında buğda bitkisi mühüm rola malikdir. Buğda əkin sahələrinin və məhsuldarlığının artırılması dövlətimizin xüsusi nəzarəti altındadır.
Аzərbаycаndа tахılın məhsuldаrlığının аşаğı düşməsinə təsir göstərən əsаs fаktоrlаrdаn biri də bitki xəstəlikləridir. Tахıl bitkilərinə bir çох хəstəliklər böyük ziyan vurur. Məsələn, qоnur, sаrı və gövdə pаsı, unlu şеh, sürmə, sеptоriyа, hеlmintоspоriоz, fuzаriоz və s.
Bu xəstəliklər içərisində məhsuldarlığa zərərvurma səviyyəsinə görə pas xəstəlikləri daha çox fərqlənir. Ona görə də bu xəstəliyə qarşı davamlı buğda sortlarının yaradılması və istehsalata tətbiqi hazırda öndə duran əsas məsələlərdən biridir.
Qeyd etmək lazımdır ki, pas xəstəlikləri uredospor mərhələsində və vegetasiya dövründə bir neçə dəfə nəsil verərək göbələyin yayılmasını sürətləndirir. Pas xəstəliklərinin məhsuldarlığa və keyfiyyət göstəricilərinə təsiri digər xəstəliklərə nisbətən daha yüksəkdir.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun araşdırmaları nəticəsində məlum olmuşdur ki, xəstəliyin şiddətli inkişafı ilə bitkinin dəni tam dolmur və belə dənlərin cücərmə qabiliyyəti aşağı olur. Sünbüldə dənin miqdarı və çəkisi azalır, nəticədə məhsul itkisi yüksək olur.
Buğda bitkisi də digər bitkilər kimi botaniki, fizioloji, aqrotexniki xüsusiyyətlərə malikdir və vegetasiya dövründə bir sıra təhlükəli göbələk xəstəliklərinə yoluxur. Bunlardan biri də gövdə pası xəstəliyidir.
Gövdə pası xəstəliyinin buğda bitkisində törədicisi - Puccinia graminis göbələyidir. Xəstəliyə bitkilərin gövdəsi, yarpaq qınları, bəzən isə sünbülün pulcuq və qılçıqları da yoluxur. Əvvəlcə orqanlarda göbələyin narıncı-qonur rəngli uredoyastıqcıqları, vegetasiyanın sonunda isə qara rəngli teleytoyastıqcıqları əmələ gəlir. Güclü zədələnmiş gövdə və yarpaq qınlarında epidermis təbəqəsi dağılır.
Gövdə pası xəstəliyinin törədicisi piknidi və esidi mərhələsində zirinc bitkisinin yarpağı üzərində inkişaf edir. Törədicinin uredino mərhələsində optimal temperatur
18-28 0C-dir. Xəstəlik yüksək ziyanvericilik xüsusiyyətlərinə malik olmaqla yanaşı, məhsulun 70%-ə qədər məhvinə səbəb ola bilər.
1971-ci idə D.R.Knott qeyd etmişdir ki, gövdə pası xəstəliyinin məhsula vurduğu ziyanı yox dərəcəsinə çatdırmaq mümkün olmasa da, təbii populyasiyada geniş yayılmış, eyni zamanda aqressiv raslara qarşı davamlı sortların təsərrüfata tətbiqi nəticəsində onu nisbətən azaltmaq olar. Xüsusilə də davamlı genlərə malik olan sortların yetişdirilməsi və davamlı yazlıq buğda sortlarında Sr6 geninin olması üzrə aparılan işlər genişləndirilməlidir.
A.Y.Çumakov, K.M.Gteparov, Z.İ.Şestiperova və başqa alimlər gövdə pası xəstəliyinin yayılması və inkişaf xüsusiyyətlərini öyrənərkən belə bir nəticəyə gəlmişlər ki, bitkinin bu xəstəliyə yoluxma intensivliyi iqlim faktorlarından asılıdır.
Fitopatoloji tədqiqatların köməyi ilə müəyyən edilmişdir ki, bu faktorlardan xəstəliyin inkişafına daha çox təsir göstərən yağmurlu hava şəraiti və havanın nisbi rütubətidir.
Müxtəlif iqlim şəraitində becərilən rayonlaşmış sortlar üzərində aparılan müşahidələr göstərir ki, eyni bir sortda gövdə pası xəstəliyinə müxtəlif səviyyədə rast gəlinir. Belə ki, dəniz səviyyəsindən yüksəyə qalxdıqca və xüsusilə yağıntının miqdarı ilə əlaqədar olaraq, xəstəliklə ümumi sirayətlənmə yüksək olur. Bunu Cəlilabad, Zaqatala, Şamaxı və Tərtər rayonlarında Bezostaya-1 sortunda aparılmış hesabatlar bir daha təsdiq edir.
Dəniz səviyyəsindən 22 m yüksəklikdə olan Cəlilabad rayonunda Bezostaya-1 sortu gövdə pası xəstəliyinə zəif yoluxduğu halda, dəniz səviyyəsindən xeyli yüksəklikdə olan Zaqatala və Şamaxı (517.8 və 749 m) rayonlarında həmin sortun bu xəstəliyə güclü yoluxması halları qeydə alınmışdır.
Məlum olduğu kimi pas xəstəlikləri törədicilərinin hər birinin morfoloji cəhətdən eyni quruluşa malik, lakin fizioloji xüsusiyyətlərinə görə
bir-birindən ciddi surətdə fərqlənən bir çox rasları mövcuddur. Bu raslar hər bir bölgənin iqlim şəraiti və bitki örtüyündən asılı olaraq müxtəlif səviyyədə yayılmaqla ziyanvurma həddinə görə də
bir-birindən fərqlənir.
Hazırda “Ug99” (uqanda-99) kimi məlum olan gövdə pasının təhlükəli rası qonşu İran İslam Respublikasının Azərbaycanla 400-500 km məsafəlik sərhəd ərazisində tapılmış, hələki respublikamızda müşahidə edilməmişdir.
Amerika fitopatoloqları qeyd edirlər ki, hazırda buğdanın gövdə pası xəstəliyinin bu yeni rası yayılmaqda davam edir və dünya miqyasında buğda məhsulunu kütləvi halda məhv edə bilər. Bu xəstəliyin törədicisi alimlərə “Ug99” rası kimi tanışdır.
Xəstəliyin kütləvi epidemiyası XX əsrin əvvəllərində Şimali Amerikada baş vermişdir. Bu rasın inkişafının qarşısını almaq üçün
1950-ci illərin ortalarında Amerika alimləri tərəfindən xəstəliyə qarşı genetik cəhətdən davamlı buğda sortları yaradılmışdır.
Bu müvəffəqiyyətə baxmayaraq, xəstəliyin törədicisi 1999-cu ildə Uqandada ortaya çıxaraq qısa müddətdə Kenya, Həbəşistan və Yəmənə yayılır. Xəstəlik az bir zamanda Afrikanın geniş taxıl becərilən şimal hissəsini əhatə etmiş və şərqə tərəf yayılaraq Misir, Suriya və İranda da müşahidə edilmişdir.
Pakistan, Hindistan, Çin kimi taxıl becərən ölkələr potensial olaraq bu təhlükə ilə üz-üzə qalmaqdadır. “Ug99” rasının inkişafını və yayılma arealını öyrənən qrupun rəhbəri Devid Marşal bəyan etmişdir ki, xəstəliyin dünyada yayılmasının qarşısı alınmasa, əhalinin daha sıx məskunlaşdığı Asiya qitəsində 1,7 mlrd insan kütləvi aclıqla üzləşəcəkdir.
Qeyd edək ki, Amerika seleksiyaçı-alimi, Nobel mükafatı laureatı Norman Borlaq da həmkarının fikrini təsdiqləmiş və xəstəliklə mübarizə aparılmazsa, dünya əhalisinin aclıqla üzləşəcəyini bildirmişdi. Hazırda Beynəlxalq Taxılçılıq Mərkəzlərində “Ug99” rasına davamlı buğda sortlarının alınması üçün laboratoriya şəraitində tədqiqatlar aparılır.
Nəticə olaraq qeyd edilməlidir ki, pas xəstəliyinə qarşı effektli mübarizə tədbiri olaraq, öncə törədicilərin ras tərkibləri öyrənilməli və bu raslara qarşı davamlı genlər müəyyənləşdirilməlidir. Hibridləşmədə bu genlərdən istifadə edərək yeni davamlı sort və nümunələr əldə etmək mümkündür.
Ehtibar İbrahimov
Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Xəstəlik və zərərvericilərə
nəzarət laboratoriyasının aparıcı elmi işçisi
Aqrar elmlər üzrə fəlsəfə doktoru