Amarant tərəçiçəklilər fəsiləsinə daxil olan birillik bitkidir. Dünyada 65 cinsi və 900-ə yaxın növü məlumdur. E.V.Vuef isə onun 7 növünün olduğunu göstərir. Bir çox sortları qədim dənli bitkilər hesab olunur. Hal-hazırda Şərqi Asiya ölkələrində isə amarantın 2 növü tərəvəz bitkisi kimi becərilir.
Bitkinin hündürlüyü 1,5-2,0 metrdir. Münbit torpaqlarda yaxşı becərildikdə inkişaf edərək boyu 3 metrə çatır. Gövdəsinin diametri 8-10 sm-dir. Bitkinin orta kütləsi 3-5 kq, bəzən 30 kq olur. Yarpaqları iri, uzunsov, ellips şəkillidir. Çiçək qrupu qalın və süpürgə şəkillidir. Dəni ağ, çəhrayı, qəhvəyi və qara rənglidir. Bir süpürgəsində 0,5 kq-a qədər dən olur.
Süpürgələmə fazasında sutkalıq boyverməsi 4-7 sm, vegetasiya müddəti isə 85-150 gündür. Qeyri-adi yüksək sıxlıqda yaxşı inkişafetmə qabiliyyətinə malik bitkidir. 1 hektar sahədə sayı 75 min ədədə qədər olur.
Bir bitkinin çəkisi 3-5 kq olduğuna görə 1 hektar sahədən 200-250 ton bioloji yaşıl kütlə götürmək mümkündür. Ona görə də amarant kənd təsərrüfatı heyvanlarının yemləndirilməsində xüsusi çəkisi olan yemlik bitkidir.
Amarantın aqrotexnikası
Amarant bitkisi toxumla çoxalır. Azərbaycan ərazisində səpin iqlim şəraitindən asılı olaraq aprel ayının ikinci və ya üçüncü ongünlüyündə, bəzən mayın əvvəllərində aparılır və bitkiarası 20-25 sm, cərgəarası isə 60-70 sm ölçüdə dən səpilir. Tam cücərti alınandan sonra ilk 2-3 həftə ərzində sahə alaq otlarından təmizlənməli, bitkinin hündürlüyü 8-10 sm olduqda cərgəarası becərmə başlanmalı və bitkilər seyrəldilməlidir.
Amarant bitkisinin sutka ərzində 5-8 sm sürətlə böyümə qabiliyyətinə malik olması alaq otlarının zəifləməsinə səbəb olur. Dən kütləvi yetişmə fazasında sorqo toxumu yığan CM-2,6 markalı aqreqatla biçilir, qurudulur, kombayn və ya əllə döyülür. Vegetasiya müddətində amarant bitkisi ən azı 4-5 dəfə suvarılır. Toxumu cücərmə qabiliyyətini 4-5 il saxlayır.
Amarantın məhsuldarlığı və qidalılıq dəyəri
Amarant dünya əhalisinin ərzaq probleminin həllində FAO tərəfindən tövsiyə edilmiş yemlik, tibbi, texniki və dekorativ bitki kimi istifadə olunan azməhsuldar və şoranlaşmış torpaqlarda belə əkiləbilən bitkidir. Müalicə və cavanlaşdırma xüsusiyyətlərinə görə tərcümədə onu “ölməzlik bağışlayan” adlandırırlar. Quraqlığa dözümlüdür, hətta 45-500C istiliyə də tab gətirir.
Bitkilərin inkişafı və böyüməsi üçün torpağı azotla zənginləşdirən mikroorqanizmləri aktivləşdirir. 1 hektardan 250 tona qədər yaşıl kütlə və 5 tona qədər dən vermə qabiliyyətinə malikdir. 2011-ci ildə amarant üzrə I dəfə beynəlxalq konfrans keçirilmişdir.
Arıçılıq üçün də yararlı yem mənbəyi sayılan amarant bitkisi nişasta, yağ, vitaminlər, pektin, karotin, protein, mineral maddələr, zülal, şəkər və başqa maddələrlə zəngindir. Bundan başqa bitkinin tərkibində insan orqanizmi üçün faydalı olan 10%-ə qədər lizin və metionin kimi aminturşuları da vardır. Tərkibindəki zülal isə qarğıdalı, buğda və çəltiyin zülalından xeyli çoxdur.
Heyvandarlıq və quşçuluğun tələbata uyğun inkişaf etdirilməsində ən mühüm tədbirlərdən biri möhkəm yem bazasının yaradılmasıdır. Yem bazasının möhkəmləndirilməsində isə ənənəvi yem bitkilərinin əkin sahəsinin artırılması və məhsuldarlığın günün tələbi səviyyəsində yüksəldilməsi problem olaraq qalmaqdadır.
Qışlama dövründə heyvanların yem payındakı qida maddələri çatışmazlığını nisbətən azaltmaq üçün yemlərin hazırlanma texnologiyasına düzgün əməl olunmalıdır.
Bu sahədə aparılmış tədqiqat işlərinin nəticələri göstərir ki, amarant bitkisi yüksək məhsuldarlığı, qidalılığı və yemlik keyfiyyəti ilə mövcud olan ənənəvi bitkilərdən üstünlüyü ilə fərqlənir.
Növündən və becərilmə şəraitindən asılı olaraq 1 hektar sahədən 1200 sentnerdən 1500 sentnerə qədər yaşıl kütlə və 20-30 sentner dən məhsulu götürmək mümkündür.
Amarantın məhsuldarlığı və qidalılıq dəyəri:
1. Yüksək məhsuldar olması;
2. Yaşıl kütlə və dənin keyfiyyət göstəricilərinin yüksək olması;
3. Bitkinin xəstəlik və zərərvericilərə qarşı davamlılığı.
Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycanda amarant bitkisinin yaşıl kütlə məhsuldarlığı 1350 sentnerdir. İlk iki biçimdə isə 30-35 sentner dən məhsulu almaq mümkündür.
Ümumiyyətlə, amarant bitkisi yüksək dən məhsuldarlığına görə xeyli fərqlənir. Əlverişsiz şəraitdə belə hər hektardan 20 sentner, bütün aqrotexniki tədbirlər tətbiq edilməklə isə suvarılan şəraitdə bundan 2-3 dəfə çox dən və yaşıl kütlə götürülür. Bitkinin üstün cəhətlərindən biri də dən və yaşıl kütləsinin protein, yağ, mineral maddələr və vitaminlərlə zəngin olmasıdır. Hətta Avstraliya alimləri amarantın “C” vitamini, makro və mikroelementlərlə zənginliyinə görə ona oxşar ikinci belə bitkinin olmadığını qeyd edirlər.
Kənd təsərrüfatı heyvanlarının yemlə təminatını yaxşılaşdırmaq məqsədilə amarant bitkisinin həm dənindən, həm də yaşıl kütləsindən keyfiyyətli yem, ot unu, silos, briket, qranula və başqa əlavə yemlər hazırlanması üçün səmərəli istifadə edilir.
Respublikada fəaliyyət göstərən fermer və özəl təsərrüfatlarda amarant bitkisinin geniş sahələrdə əkilib-becərilməsi və kənd təsərrüfatı heyvanlarının yem rasionlarının tərtib olunmasında istifadəsi məqsədəuyğundur.
Sevil Abbasquliyeva
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyasının müdiri
Aqrar elmlər üzrə fəlsəfə doktoru