Arıların pestisidlərlə zəhərlənməsi

Pestisidlər bitkiləri zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından qoruyan kimyəvi tərkibli vasitələrdir. Müvafiq qaydaların pozulması zamanı onların istifadəsi bal arıları və digər tozlandırıcı həşəratların zəhərlənməsinə səbəb olur.
Kimyəvi toksikoz – sahələrin dərmanlanması zamanı bitkilərə çökən pestisid zəhərlənmələri ilə bağlı arı ailələrinin xəstəliyidir.
Yuvaya gətirilən zəhərlərin təsirindən arılar həyəcanlanır, özəklərdəki sürfələrini atır və güclərini itirir. Güclü zəhərlənmə zamanı onlar sahə-çöllərdə, pətəkdə və ya arıxananın ərazisində ölür. Yemlərdə pestisidlərin ölümcül miqdarı ilə arılarda toksikozun uzunmüddətli assimptomatik gedişatı məlumdur. Bu halda arıların nozematoz, çürümə kimi müxtəlif növ dispepsiya əlamətləri ön plana çıxır.

Pestisidlərlə zəhərlənmənin əsas səbəbləri

Pestisidlərin arılar üçün təhlükəli olub-olmaması onların forması və tətbiqi metodu ilə şərtləndirilir. Əksər hallarda onların zəhərlənməsi təsərrüfat səhvləri ilə bağlıdır.

Zəhərlənmənin əsas səbəbləri aşağıdakılardır:
• Dərmanlama işlərinin günorta vaxtı, yaxşı hava şəraitində, arıların balverən bitkilərin üzərinə qonduqları zaman aparılması;
• Arılar üçün təhlükəli olan preparatların istifadəsi;
• Yaşayış məntəqələrinin və su təchizatı mənbələrinin yaxınlığında yerləşən sahələrin təyyarədən istifadə etməklə tozlandırma, çiləmə və aerozol üsulu ilə dərmanlanması;
• Entomofil bitkiləri olan sahələrə yaxın bərkidilməmiş və betonlanmamış meydançalarda işlədiləcək məhlulların hazırlanması;
• Pestisidlərin və mineral gübrələrin primitiv saxlanma yerlərində anbarlara vurulması və ya açıq səma altında sahələrdə saxlanılması;
• Arıxanaların müvafiq avadanlıqlarla kifayət qədər təchiz edilməməsi və ya arı ailələrinin təhlükəsiz yerə daşınmasında qeyri-operativlik;
• Pestisidlərin qarşıdakı istifadəsinin vaxtı, yeri və xarakteri haqqında məlumatların arıçılara gecikdirilərək verilməsi.

Kimyəvi toksikozun diaqnostikası

Zəhərlənmədən zərər çəkmiş arıxananın müayinəsi yerli icra hakimiyyəti orqanları ilə razılaşma əsasında komissiya tərəfindən aparılır. Komissiyanın tərkibinə baytar həkimi, arıçılıq üzrə rayonun zootexniki, bitkilərin mühafizəsi üzrə aqronom və ya təsərrüfatın aqronomu, arıçı, yerli icra hakimiyyəti orqanının nümayəndəsi daxildir.
Komissiya arıların tələf olmasının doğruluğunu əks etdirən akt tərtib edir və burada səbəblər, zərərin miqyası, laboratoriyaya göndərilmiş materialların sayı və növü qeyd edilir.
Zəhərlənmənin əsas əlaməti uçan arıların kütləvi surətdə tələf olmasıdır. Asta təsir göstərən preparatlardan, əsasən pətəkdaxili arılar və bala arılar tələf olur. Tez təsir göstərən zəhərlərlə sahədə uçan arıların əsas hissəsi tələf olur. Hazırkı vəziyyətdə zəhərlənmə ailələrin kütləvi surətdə zəifləməsinə görə müəyyən edilir. Arılarda zəhərlənmənin klinik əlamətləri eyni dərəcədə təzahür edir. Arılar az hərəkətli hala gələrək şanılardan yıxılıb düşür, pətəyin dibində və yerdə sürünür, onların qəzəbliliyi artır.

Klinik əlamətlər bitkilər üzərində fəal işləyən və  buna görə də zəhərlə daha çox təmasda olan güclü ailələrdə özünü göstərir. Baytar mütəxəssisinin nəzarəti altında yekun diaqnozun qoyulması üçün arılardan, arıçılıq
məhsullarından, dərmanlanmış bitkilərdən nümunələr götürür və laboratoriyaya göndərirlər. Arı ailəsindən 400 - 500 ədəd arı, 200 q təzə toplanmış bal, 50 q tozcuq nümunə kimi götürülür. Nümunələr arıxanada xarakterik zəhərlənmə əlamətləri 10% olan ailələrdən götürülür. Bundan başqa, arılar tərəfindən baş çəkilən sahədən 500- 1000 q yaşıl kütlə miqdarında bitkilərdən nümunə götürmək lazımdır. Seçilərək götürülmüş nümunələr
möhürlənir, nömrələnir və hər birinin üzərinə ailənin nömrəsi qoyulur. Nümunələr 5-7 sutkadan çox olmamaqla soyuducuda və ya zirzəmidə saxlanılır. Arıların pestisidlərlərlə zəhərlənməsi faktına görə yekun laboratoriya diaqnostikasının qoyulması baytarlıq laboratoriyalarında xüsusi metodikalar üzrə aparılır.

Profilaktik-mübarizə tədbirləri

Profilaktik tədbirlər vasitəsilə kimyəvi toksikozu şərtləndirən səbəbləri aradan qaldırmaq mümkündür. Dərmanlamanın aparılmasının başlanmasına 2 gün qalmış təsərrüfat rəhbərliyi yer və müddətlər, istifadə edilən preparatlar və onların istifadə metodları haqqında əhalini və baytarlıq xidmətini məlumatlandırmağa borcludur. Pestisidlərlə bütün işlər səhər və axşam saatlarında aparılır. Ancaq arıların pətəklərdən çıxmadıqları tutqun və sərin havalarda dərmanlama işlərinin gündüz aparılmasına yol verilir. Aqrotexniki tədbirlər sisteminə pestisidlərin düzgün istifadəsi və saxlanılması daxildir. Pestisidlər sanitar-gigiyenik normalara və təhlükəsizlik texnikası qaydalarına cavab verən anbarlarda saxlanılır. Anbarın ərazisi hasarlanır. Onların qazmalarda, zirzəmilərdə və yanacaq üçün olan anbarlarda saxlanılmasına yol verilmir.Torpaq və su mənbələrini çirkləndirən, istifadə edilməmiş pestisid məhlullarını sahədə atıb getmək qadağandır. Təsərrüfatlarda sahələrin kütləvi dərmanlanması zamanı arılar üçün xüsusi yem bazasının yaradılması vacibdir.

Qarşıdan gələn kimyəvi dərmanlama haqqında bildirişi aldıqdan sonra arıçı aşağıdakı tədbirləri həyata keçirməlidir:

•Arıxana təhlükəsiz yerə daşınmalı;
•Arıların pətəkdən çıxmasının qarşısı alınmalı;
•Arı ailələri qış pətəkxanasına köçürülməlidir.

Havanın temperaturunun aşağı düşməsi və rütubətliliyin artması zamanı izolyasiya müddəti 1-2 gün artırılır. İstixanalarda arı ailələrinin izolyasiyası 2-3 gün uzadılır.
Bitkilərin detoksifikasiya vaxtı bitdikdən sonra 1-2 ailədə uçuş bacaları açılır. Əgər 2-3 saatlıq uçuş ərzində arılarda toksikoz əlamətləri meydana çıxmırsa, bütün ailələrdəki uçuş bacalarını açırlar.
Pətəkləri pestisidlərin tətbiq edildiyi yerdən ən azı 7 km aralı məsafədə təhlükəsiz zonaya daşıyırlar. Geriyə köçmə dərmanlanmış balverən bitkilərin çiçəkləmə prosesi dayandıqdan sonra mümkündür.

Sialə Rüstəmova
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru
Aqrar elmlər üzrə fəlsəfə doktoru