Çəyirtkəkimilərlə mübarizədə müasir texnologiyalardan istifadə

Azərbaycanda çəyirtkəkimilərin 125 növünə təsadüf olunur, bunlardan sürü halında yaşayan 3 növü - Mərakeş, İtaliya və Asiya çəyirtkələri daha təhlükəlidir.
Ceyrançöl - Eldar düzü, Qara su - Padarçöl düzü, Ağdam və Tərtər rayonları, Acınohur sahəsi, Haramı düzü, Lapatin qışlaqları, Küdrü düzü, Quba-Qusar qışlaqları və Abşeron yarımadası Azərbaycanda sürü halında yaşayan çəyirtkələrin məskunlaşdığı ərazilərdir. Bu yerlərdə inkişafa başlayan çəyirtkələr areallarını 200 dəfəyə qədər genişləndirərək, kənd təsərrüfatı bitkilərinə əhəmiyyətli dərəcədə ziyan vura bilir.
Çəyirtkəkimilər geniş polifaq növ olmaqla, dənli və paxlalı bitkilərə, pambıq, günəbaxan, tərəvəz və bostan bitkilərinə, eləcə də biçənəklərə güclü ziyan vurur. Onlar meyvə və iynəyarpaqlı ağacları da zədələyir. Çəyirtkə basqınına məruz qalmış tarla “dolu vurmuş” sahə kimi görünür.
Çəyirtkəkimilər sürətli miqrasiya etdiyi və intensiv qidalandığı üçün təhlükəlidir, bəzən fövqəladə vəziyyət də yarada bilir. Sürfə dəstələri (kuliqalar) ikinci yaşdan etibarən hərəkət etməyə başlayır. Sürfələr bütün inkişafı dövründə isə 3-4 km miqrasiya edə bilir.
15-20 km/saat sürətlə uçan sürülər ölkə daxilində və qonşu ölkələrdə yeni ərazilərə keçə bilir.
Yetkin sürülər 1000 km və daha uzaq məsafələrə uçurlar. Asiya çəyirtkələrinin 2015-ci ildə Həştərxan ətrafından Azərbaycan və Dağıstana, 2020-ci ildə isə səhra çəyirtkələrinin Afrikanın şimalından Pakistan və Hindistana uçub gəlməsi müşahidə olunmuşdur.
Xüsusi təhlükəli zərərverici hesab olunan çəyirtkəkimilərə qarşı Azərbaycanda 2017-ci ildə 40971 ha,
2018-ci ildə 49053 ha və 2019-cu ildə 52349 ha ərazidə qırıcı mübarizə tədbirləri həyata keçirilmişdir.
Son illərdə çəyirtkəkimilər əleyhinə mübarizədə çevikliyi və səmərəliliyi artırmaq məqsədilə innovativ strategiya və texnologiyalardan istifadə olunmağa başlanılmışdır.
Səmərəli mübarizənin başlıca komponenti monitorinqlərin aparılmasıdır. Mövsüm ərzində çəyirtkəkimilərin inkişaf və say dinamikalarına nəzarət etmək üçün 4 dəfə deyil, FAO-nun tövsiyə etdiyi kimi 2 dəfə yoxlama aparılması ilə (yumurtadan çıxma zamanı sürfələr üzrə və cütləşmə zamanı imaqo üzrə) monitorinqlər həyata keçirilir. Azərbaycanda zərərvericilərin monitorinqinin aparılması üçün Coğrafi İnformasiya Sistemindən istifadə edilir.
Fitosanitar yoxlamalar müxtəlif formalarda aparılır. Digər ölkələrdə 2015-ci ildən etibarən dronlardan çəyirtkəkimilərin yayılma sahəsinin öyrənilməsində istifadə olunur. Azərbaycanda da 2019-cu ildən başlayaraq Aqrar Xidmətlər Agentliyi və Kosmik Tədqiqatlar Mərkəzi tərəfindən çəyirtkəkimilərin havadan monitorinqi üzrə tədqiqatlar aparılmışdır.
Ölkəmizdə çəyirtkəkimilərin tədqiqi və onlar əleyhinə mübarizə zamanı FAO tərəfindən hazırlanan ASDC (məlumatların toplanmasına dair avtomatlaşdırılmış sistem) və CCALM (çəyirtkələrin idarə olunması sistemi) adlı proqramlardan geniş istifadə olunur.
ASDC proqramının Android versiyası çəyirtkəkimilərin tədqiqi zamanı operativ məlumat toplamaq üçün nəzərdə tutulub. Proqram çəyirtkəkimilərin tədqiqi ilə məşğul olan mütəxəssislər üçün real vaxt rejimində məlumatları daxil edib vahid bazaya göndərməyə imkan yaradır. Onun əsasında CCALM sisteminin bütün istifadəçiləri çəyirtkəkimilərə dair cari vəziyyəti təhlil edə bilirlər.
Azərbaycanda FAO-nun tövsiyə etdiyi preventiv mübarizə strategiyasından da geniş istifadə olunur. Bu strategiyanın başlıca məqsədi tək yaşama fazasından sürü fazasına keçidin qarşısını almaqdır.
Preventiv mübarizə çəyirtkələrin çoxalma mənbələrində, məhdud sahələrdə kiçik yaşlı sürfələrə qarşı aparılır. Strategiyanın uğurlu tətbiqi insan səhhətinə və ətraf mühitə mənfi təsirin, kənd təsərrüfatı bitkiləri və otlaqlar üçün zərərin, eləcə də maliyyə xərclərinin azaldılmasına gətirib çıxarır.
Əgər preventiv mübarizə tədbirləri nəticə verməsə, onda kütləvi yayılmanın və çəyirtkəkimilər tərəfindən itkinin qarşısının alınmasının yeganə üsulu qırıcı tədbirlərin görülməsi olur. Azərbaycanda çəyirtkələr əleyhinə kimyəvi üsuldan istifadə olunur.
Bu məqsədlə son 3 ildə qeyri-hədəf canlılar və insan üçün az təhlükəli olan alfa-sipermetrin tərkibli Fastkil 10 ULV, Alpac 10 ULV, Alfa-super 10 ULV və sipermetrin tərkibli Kral 250 EC, Superhard 20 EC və Arrivo 25 EC preparatları geniş tətbiq olunur.
Dərmanlamalarda müasir innovativ texnologiyalara üstünlük verilir. Məhsuldarlığı qoşqulu ventelyatorlu çiləyicilərdən 10 dəfə artıq olan ultrakiçikhəcmli Mikron AU 8115 M çiləyicisindən istifadə olunur. Mikroneyr ilə suya ehtiyac olmadan çiləmə aparılır, 1 hektar sahəyə 1 litr ULV məhlulu sərf olunur.
Məhlul çəninin 1 dəfə doldurulması ilə 100 ha sahəni dərmanlamaq mümkündür. 2020-ci ildə dərmanlama aparmaq üçün traktorlara qoşulan ventelyatorlu çiləyicilər və 10 ədəd Skout 28 s 300 markalı avtonom çiləyicilərlə yanaşı, 13 ədəd ultrakiçikhəcmli məhlul çiləyən mikroneyrdən istifadə olunmuşdur.
Kimyəvi mübarizədə baryer dərmanlama konsepsiyası iqtisadi və ekoloji cəhətdən olduqca səmərəlidir. Dərmanlanmış zolaqlarda çəyirtkəkimilər məhv edilir, dərmanlanmamış zolaqlarda isə entomofaqlar sağ qalır və fəaliyyətini davam etdirir. Zolaqlarla dərmanlama kimyəvi və bioloji metodların kombinasiyasıdır.

Yaqub Cəfərov
Aqrar Xidmətlər Agentliyinin sədr müavini
Biologiya elmləri üzrə fəlsəfə doktoru