Laqun qoyunları

Azərbaycanda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi tədbirləri çərçivəsində xarici ölkələrdən məhsuldar heyvan sortlarının gətirilməsinə maraq artıb. Təchizatçı şirkətlər və sahibkarlar tərəfindən ölkəmizə gətirilən yeni iribuynuzlu və xırdabuynuzlu heyvanların yerli təsərrüfatlarda yetişdirilməsi genişlənir.
Ölkəmizə “Aqronaft” MMC şirkəti tərəfindən Avropadan məşhur Laqun qoyunları gətirilib. Bu qoyunlar yerli sortlardan südlük və ətlik xüsusiyyətləri ilə seçilir, eyni zamanda yerli iqlim şəraitinə sürətlə uyğunlaşırlar.
Laqun qoyun cinsi cənub-şərqi Fransada seleksiya yolu ilə Tarn departamentinin Mon-de-Lakon əyalətində yetişdirilmiş və həmin yerin adı ilə də adlandırılmışdır. Cinsin yaradılmasında Merinos cinsindən istifadə
edilmişdir. Bu cinsin əti, südü və yunu qiymətli xammal hesab edilir. Bu gün Laqun qoyun cinsi dünyanın ən məhsuldar südlük cinslərindən biri hesab edilir. Zəngin tərkibi, nəfis dadı və ətrinə görə Laqun qoyunlarının südü pendir istehsalında geniş istifadə olunur. Fransada ondan məşhur mavi qəlibli yarı sərt Roquefort, İspaniyada isə pasterizə edilmiş sərt
Mancho pendiri hazırlanır. Laqun qoyunlarının rəngi ağ, yunu isə zərifdir. Erkəklərdən 2,5 kq, dişilərdən isə 1,5 kq yun əldə etmək olar. Laqun qoyun cinsi, əsasən yaşıl və quru ot, yonca, dənli yemlər və xüsusi hazırlanmış yemlərə daha çox tələbkardır. Bu cins heyvanları həm otlaqda, həm də qapalı şəraitdə yetişdirmək mümkündür. Laqun qoyunları xəstəliklərə davamlıdır. Bu qoyun cinsini həm aran, həm də dağlıq ərazidə yetişdirmək olur. Heyvanları iri komplekslərdə saxladıqda xüsusi sağım aparatlarına tez uyğunlaşa bilirlər.
Bu cinsin süd məhsuldarlığı yüksəkdir. 150 gün laktasiya dövründə 300-600 kq süd almaq olur. Süddə yağ faizi 6-8%, zülalın miqdarı isə 4,5-6,6%-dir.

Buradan aydın olur ki, Laqun qoyun cinsi ən çox südü laktasiyanın I və II ayında verir. Sonrakı aylarda az da olsa, süd məhsuldarlığı aşağı düşür. Erkək qoyunların canlı kütləsi 90-100 kq, ana qoyunların
canlı kütləsi isə 65-70 kq olur. Anadan olarkən erkək quzuların canlı kütləsi 1,7-3,5 kq, dişi quzuların canlı kütləsi isə 1,5-3,2 kq-a qədər ola bilir. Laqun qoyun cinsi südlük cins olmağına baxmayaraq, onlardan 30-35 kq canlı kütlə almaq mümkündür. Bu cinsin əti yüksək keyfiyyətli mərmər ət hesab edilir. Hal-hazırda bu cins qoyunların baş sayı 1 milyondan çoxdur. Belə məlum olur ki, yerli qoyun cinslərindən Kamar, Larzak, Kose-de-rades, Seqal cinslərinin baş sayından daha çoxdur.

Mahir Hacıyev
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru
Aqrar elmlər üzrə fəlsəfə doktoru