Üzümçülük və şərabçılığın mövcud vəziyyəti və gələcək perspektivləri

Üzümçülük və şərabçılıq sahələri əlavə dəyər yaradılması və məşğulluğun artırılması baxımından ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilməsi, istehsalın artırılması, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli süfrə üzümünə tələbatının ödənilməsi, şərabçılıq və digər emal müəssisələrinin xammalla təmin edilməsinə imkan verir.
Vaxtilə respublikamızda becərilən üzümlüklərin ümumi sahəsinin 60%-ni yerli süfrə və texniki üzüm çeşidləri olan “Mədrəsə”, “Bayanşirə”, “Həməşərə”, “Xindoqnı”, “Mələyi”, “Ağ şanı”, “Sarıgilə” və s. təşkil etmişdir. Bu sortların məhsuldarlıq və yüksək keyfiyyət göstəriciləri bu gün də öz əhəmiyyətini saxlayır.
Yerli üzüm sortlarını xalqımız həyətyanı təsərrüfatlarında becərərək bütün dövrlərdə qoruyub saxlamış və onların mədəni inkişafı ilə məşğul olmuşdur.
Respublikanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında üzümçülük və şərabçılıq məhsullarının potensialı çox yüksəkdir. Yerli üzüm sortlarının zəngin biokimyəvi tərkibi, onlardan müxtəlif növ yüksək keyfiyyətli şərabların istehsalına imkan verir.
Yaxın keçmişdə Azərbaycanın şərab zavodlarında yerli üzüm sortlarından 60 markadan çox, 17 növ turş, kaqor tipli şərablar və konyaklar istehsal edilirdi. Bu gün də bu ənənələri bərpa edərək milli brendlərin istehsalını genişləndirməklə dünya bazarında şərabçılıq məhsullarımızla təmsil oluna bilərik.
Ölkənin ixrac imkanlarının artırılmasında "Təzə süfrə üzümü" istehsalı yüksək potensiala malikdir. Bu, xarici bazarlarda həmin üzüm sortlarına olan yüksək tələbatdan yaranır.
Süfrə üzümünü xarab olmadan uzun zaman saxlamaq və ilboyu istehlakını təmin etmək üçün soyuducu kameralar şəbəkəsinin genişləndirilməsi günün vacib tələbidir. Respublikada üzüm üzrə özünütəminetmə səviyyəsi 85-90% təşkil edir.
Xalqımızın məişətində təzə üzümlə yanaşı, quru üzüm də xüsusi yer tutur. Statistik məlumatlara görə Azərbaycanda adambaşına quru üzümə illik tələbat 2 kq hesabı ilə 18000 ton təşkil edir. Bu qədər kişmiş istehsal etmək üçün 72 min ton kişmiş üzümü istehsal olunmalıdır. Təkcə 7-8 min ha qurutma istiqamətli üzüm sortlarından ibarət yeni bağların salınmasına ehtiyac vardır.
Hazırda respublikaya idxal olunan quru üzüm ölkə əhalisinin tələbatının yalnız 15-20%-ni ödəyir. 2015-ci ildə 1321,43 ton, 2016-cı ildə 3305,67 ton, 2017-ci ilin birinci yarısında isə 884,2 ton quru üzüm idxal olunmuşdur. 2019-cu ildə ölkəmizdə mövcud olan 16.5 min ha sahədən 194,2 min ton üzüm yığılmışdır.

Qrafiklərdən görünür ki, respublikamızda son illərdə üzümlüklərin sahəsi və məhsul istehsalı artmışdır. Ölkədə 2019-cu ildə 2008-ci ilə nisbətən üzüm bağlarının sahəsi 3,2 min ha, üzüm istehsalı isə 78,3 min ton artmışdır.
Hər hektardan məhsuldarlıq 30,5 sentner yüksəlmişdir.
Hal-hazırda ən ciddi məsələlərdən biri fillokseraya davamlı Amerika calaqaltıları ilə calaq edilmiş üzüm tinglərinə olan tələbatın ödənilməsidir. Belə tinglər ölkəmizə xaricdən gətirilir.
Abşeron bölgəsi istisna olmaqla, Azərbaycanın bütün bölgələri filloksera zərərvericisi ilə sirayətlənmiş zonalar hesab edilir və bu ərazilərdə sənaye xarakterli üzümlüklərin salınması olduqca təhlükəlidir.
“2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” şərabçılıq müəssisələrinin istehsal potensialından maksimum səviyyədə istifadə etməklə ölkədə şərab ixracının 2025-ci ilədək 5 dəfə artırılması və min hektarlarla yeni müasir tipli üzüm bağlarının genişləndirilməsi kimi mühüm tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Üzüm bağının salınmasına əkin sxemindən asılı olaraq orta hesabla hər hektara 2750 ədəd ting tələb olunur.
Xaricdən gətirilən tinglər olduqca baha başa gəlməklə yanaşı, çox vaxt virus xəstəliklərinin daşıyıcısı olur. Bu da yerli sortların qorunmasına və milli brendlərin istehsalına mənfi təsir edir.
Üzüm bağının əkin sxemi, becərilmə sistemi və forması üzümün məhsuldarlığı, keyfiyyəti və texnoloji istifadəsinə əhəmiyyətli təsir edir. Üzümlüklərdə illər sonra seyrəkliyin əmələ gəlməsi nəticəsində tənəyin qida sahəsi
4,5 m2-dən artaraq 5-7 m2-ə qədər çatır. Bu halda tənəyin kök sistemi yuxarı qatlarda daha çox inkişaf edərək aşağı nüfuz etmir.
Belə şəraitdə yetişdirilən üzüm torpağın münbitliyindən tam yararlana bilmir və ondan alınan şərablar da keyfiyyətsiz olur. Almaniya, Rumıniya, Çexiya və Avstriyada 1 hektarda minimum tənək sayı 3,8 min ədəd, optimal norma isə 4,55 min ədəd hesab edilir.
Şərabın keyfiyyəti bir hektarda olan salxımların sayından deyil, tənəkdə olan salxımların miqdarından asılıdır.

Şərab bazarlarının alıcılıq qabiliyyəti şərab istehsalı səviyyəsindən bir qədər aşağıdır və emal müəssisələrinin bir çoxu xarici bazara çıxa bilmir. Mövcud şərab növlərinin siyahısında dəyişiklik aparmaq lazımdır.
Orta keyfiyyətli və orta qiymətli şərablar siyahısına ən ucuz və bahalı şərablar da daxil edilməklə, yerli texniki üzüm sortarından istehsal edilən “milli şərablara” üstünlük verilməlidir. Yüngül ekstaktivli, muskat ətirli şərablara da
yer ayrılmalıdır. Ən keyfiyyətli muskat şərabları Krımda Massandra şərab kombinatında istehsal olunur. Hal-hazırda Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) məlumatına görə dünyada üzümlüklərin sahəsi 7,5 mln.
hektar, illik üzüm istehsalı isə 70-75 mln. ton təşkil edir. Dünyada ən çox üzüm Avropa, Şimali Afrika və Yaxın Şərqdə becərilir. Üzümlüklərin ümumi sahəsinin 14,1-14,5%-i İspaniyanın, 10,1-10,5%-i İtaliya və Fransanın, 7,0-7,5%-i Türkiyənin, 6,8-7,3%-i Çinin, 7,0-7,2%-i İranın, 4,8%-i ABŞ-ın, 2,8-3,1%-i Argentinanın, 2,6-2,8%-i Portuqaliyanın, 2,2-2,5%-i Rumıniyanın, 2,3-2,5%-i Çilinin, 2,0-2,2%-i Avstraliyanın və 1%-i Almaniyanın payına düşür.

Üzüm və şərab istehsalının artırılması məqsədilə aşağıdakı tədbirlər görülməlidir: 

• Müasir tipli üzüm bağlarının salınması üçün
aşağı faizli və uzunmüddətli aqrokreditlərin
verilməsi;
• Mövcud üzüm bağlarında intensiv və müasir
becərmə texnologiyalarının tətbiq edilməsi,
ənənəvi üzüm sortlarının yaxşılaşdırılmış sort
və formalarla əvəz edilməsi;
• Milli brendlərin istehsalının artırılması.
• Torpaqlardan və digər təbii ehtiyatlardan
səmərəli istifadə məqsədilə dəmyə və terras
üzümçülüyünün inkişafının dəstəklənməsi;
• Ölkədə peşəkar üzümçü və şərabçı
mütəxəssislərin hazırlanması, fermerlər və
istehsalçıların innovasiyalarla, mütərəqqi
texnologiyalarla maarifləndirilməsi məqsədilə
ixtisasartırma və təkmilləşdirmə kurslarının
təşkil edilməsi;
• Üzümçülük və şərabçılıq üzrə beynəlxalq
təşkilatlarla əməkdaşlığın genişləndirilməsi.

Vüqar Səlimov
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru
Aqrar elmlər üzrə fəlsəfə doktoru