Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi

Azərbaycan zəngin biomüxtəlifliyə sahib olmaqla yanaşı, bir çox mühüm kənd təsərrüfatı bitkilərinin ilkin əmələgəlmə və mədəniləşmə mərkəzlərindən biri hesab olunur. Cənubi Qafqazda olan biomüxtəlifliyin 66%-nə Azərbaycanda rast gəlinir. Ümumiyyətlə, Azərbaycanda becərilən mədəni bitkilərin yabanı əcdadları genetik olaraq müxtəlifdir və əraziyə uyğunlaşmışdır.
Son illərdə qlobal iqlim dəyişiklikləri, biogeosenozlara düşən yükün dəfələrlə artması, irriqasiya və meliorasiya sistemlərinin primitivliyi, geniş yayılmış monokultura əkinləri nəticəsində bütün dünyada olduğu kimi
Azərbaycanda da ekoloji tarazlıq qismən pozulmuş və genetik aşınma baş vermişdir. Böyük və kiçik ərazilərdə baş vermiş şoranlaşma, səhralaşma prosesləri biosenozların əsasını təşkil edən taxıl və paxlalı bitki növlərinin sayının, rastgəlmə tezliyinin azalmasına və ya nəslinin kəsilməsinə səbəb olmuşdur. XX əsrin əvvəllərində Azərbaycanda toplanılmış nadir bitki növlərinin əksəriyyətinin nəsli kəsilmiş və yaxud növ tərkibi kasadlaşmışdır.
Bu amillər nəzərə alınaraq, 2018-ci ildə Qlobal Ekologiya Fondu, Kənd Təsərrüfatı Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və AMEA Genetik Ehtiyatlar İnstitutunun iştirakı ilə “Qlobal əhəmiyyətli aqro-bioloji
müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin icrasına başlanılmışdır. Mövcud olan aqrobioloji müxtəlifliyi müəyyənləşdirmək, onların mühafizəsi və toplanmasını təmin etmək üçün 2018-2019-cu illərdə ekspedisiyalar təşkil edilmişdir. İlk mərhələdə Qobustan, Şamaxı, Ağsu, Qəbələ, Oğuz, Şəki, Goranboy, Göyçay, Salyan, Biləsuvar, Cəlilabad,İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının düzənlik və dağətəyi ərazilərinə, həmçinin Abşeron və Bakı şəhəri ətrafına ekspedisiyalar təşkil edilmişdir. Nəticədə buğda, arpa və çovdarın mədəni və yabanı əcdadları, həmçinin buğdayıot növlərinə aid 311 nümunə toplanılmışdır. Təyinedicilər vasitəsilə yeni nümunələrin botaniki
növ mənsubiyyəti, növ müxtəlifliyi və formaları dəqiqləşdirilmişdir. Toplanılmış nümunələrin əksəriyyəti Milli Genbanka təhvil verilmişdir. Layihə çərçivəsində toplanmış toxum materiallarının seleksiyada istifadəsini təmin etmək üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və Əkinçilik Elmi-Tədqiqat İnstitutuna müxtəlif avadanlıqlar verilmiş, Milli Genbankda uzunmüddətli saxlanılması məqsədilə AMEA Genetik Ehtiyatlar İnstitutu üçün isə xüsusi soyuducular alınmışdır. Bununla da artıq mədəni bitkilərin yabanı əcdadlarına aid çoxsaylı nümunələrin uzunmüddətli saxlanılması təmin edilmişdir. Toplanılmış nümunələrlə yanaşı, dənli bitkilərə aid xalq və elmi seleksiya sortlarının genofondununyaradılması sahəsində də işlər görülmüşdür. 

Layihə 3 komponentdən ibarətdir:

1. Aqrobiomüxtəliflik barəsində məlumatlılığı artırmaq;
2. Kiçik fermerlərin potensialını artırmaq və onlar arasında
əməkdaşlığı genişləndirmək;
3. Hədəf 3 rayonda – Şəki, Goranboy və Göyçayda yerli
bitkilərin istehsalının dəstəklənməsi və məhsulların bazara
çıxışını təmin etmək.

Seleksiya proqramlarında yerli sortlardan istifadəni təmin etmək məqsədilə Abşeron, Şəki, Qobustan və Tərtər rayonlarında 70-dən artıq nümunədən ibarət sahə genbankları yaradılmışdır. Hal-hazırda nümunələrin
kompleks tədqiqi üzrə fəaliyyətlər davam etdirilir. Layihə ekspertləri tərəfindən məhsuldarlığına və keyfiyyət göstəricilərinə görə seçilmiş yerli sortların toxumları fermerlərə verilmiş və sortların becərilməsi üzrə təlimlər
keçirilmişdir.

Fərid Abbasov
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı
“Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi
və davamlı istifadəsi” layihəsinin rəhbəri