“Şumsuz əkin”, “torpağın sıfır becərilməsi” və ya “resursqoruyucu əkinçilik” kimi tanınan əkin texnologiyası 1999-cu ildən etibarən tətbiq edilməyə başlanılıb.
Həmin il bu texnologiya dünyada 45 milyon ha,
2003-cü il 72 milyon ha, 2009-cu ildə isə 111 milyon ha əkin sahəsində tətbiq edilmişdir. FAO-nun məlumatına görə, bu texnologiyanın tətbiqində artım tempi ildə 6 milyon ha təşkil edir.
Torpağın sıfır becərilməsi texnologiyası dünyada ən çox Cənubi Amerika ölkələrində geniş yayılmışdır. Həmin ölkələrdə bu texnologiya ümumi əkin sahəsinin 70%-də tətbiq edilir. Bu texnologiyanı qəbul edən fermerlər torpağı heç vaxt şumlamırlar.
Şumsuz əkin texnologiyası hər cür iqlim şəraitinə uyğunlaşa bilir. Bu texnologiya tropik qurşaqda, dəniz səviyyəsindən başlayaraq 3000 m yüksəkliyə qədər illik yağıntının miqdarı 2500 mm olan ərazilərdə tətbiq edilir.
Sıfır becərmə metodu məhsuldarlığın optimallaşdırılması və ekosistem xidmətləri baxımından həm istehsalçıya, həm də ətraf mühitə fayda verən bir texnologiyadır. Bu texnologiya iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlara cavab verən bir metoddur.
Şumsuz əkin texnologiyası birinci məhsul yığıldıqdan sonra heç bir şum aparılmadan həmin sahədə ikinci məhsul üçün səpin aparmağa imkan verir. Bu məqsədlə toxumsəpən vasitəsilə bir gedişlə həm toxum yatağı səthi yumşaldılır, həm də toxum yumşaldılmış yatağa arzu olunan dərinlikdə yerləşdirilir və səthi örtülür.
Şumsuz əkin texnologiyasında birinci məhsul yığıldıqdan sonra sahədəki bitki qalıqları torpaq səthi üzərində qalaraq nəmliyin saxlanılmasına və onun münbitləşməsinə şərait yaradır.
Bu texnologiyanın üstünlükləri aşağıdakılardan ibarətdir:
• Ənənəvi şumlama nəticəsində torpağın pozulmuş fiziki və kimyəvi strukturu bərpa olunur;
• Torpağın dayanıqlı istifadəsini təhdid edən kənar təsirlər aradan qaldırılır;
• İstehsal xərcləri azalır;
• Torpağın münbitliyi artır;
• Vahid əkin sahəsindən daha səmərəli istifadə olunur və eyni sahədən ikinci məhsul alınır;
• Sahədən əldə edilən gəlirlər artır;
• Torpağın infiltrasiya qabiliyyəti yaxşılaşır.
Azərbaycanda şumsuz əkin texnologiyası, eləcə də resursqoruyucu əkinçiliyə aid edilən tirə əkin üsulu texnologiyalarına dair Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən adaptasiya sınaqları aparılmış və müsbət nəticələr əldə edilmişdir.
İlk dəfə 2012-2013-cü illərdə FAO-nun maliyyə dəstəyi ilə “Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın suvarılan ərazilərində resursmühafizəedici əkinçilik” mövzusunda regional layihə həyata keçirilmişdir.
Resursqoruyucu əkinçilik metodları buğda, arpa, qarğıdalı, soya və darı bitkiləri üzərində tətbiq edilmişdir. Sınaqlar Tərtər və Bərdə rayonlarının fərdi fermer təsərrüfatlarında aparılmışdır. Buğda sahəsi biçiləndən dərhal sonra heç bir şum aparmadan həmin sahəyə qarğıdalı, günəbaxan, soya və darı səpilmişdir.
Toxum səpini Braziliyadan alınmış xüsusi toxumsəpənlə həyata keçirilmişdir. Qarğıdalı sahəsində məhsuldarlıq ənənəvi əkin texnologiyası ilə becərmə şəraitində
5,2 ton/ha, şumsuz əkin texnologiyası ilə becərmə şəraitində isə 4,7 ton/ha təşkil etmişdir. İstehsal xərci hər hektar sahədən müvafiq olaraq 820 və 620 $ olmuşdur.
Bundan əlavə, Asiya İnkişaf Bankının dəstəyi ilə 2004-2007-ci illərdə “Mərkəzi Asiyada təsərrüfat səviyyəsində su və torpağın səmərəli idarə edilməsi ilə kənd əhalisinin dolanışığının yaxşılaşdırılması” layihəsi, 2010-2012-ci illərdə EED və Oxfam Novib “İqlim dəyişikliklərinə adaptasiya və dayanıqlı əkinçilik sistemlərinə mənfi təsirin yumşaldılması" layihəsi çərçivəsində Azərbaycanda resursqoruyucu əkinçiliyə dair müəyyən tədbirlər həyata keçirilmişdir.
Bu layihələrin həyata keçirilməsi nəticəsində
2012-ci ildə resursqoruyucu əkinçilik metodlarının tətbiq edildiyi ərazinin sahəsi 1246 hektara çatmışdır. Kənd təsərrüfatı torpaqlarının getdikcə azalması təbii resurslardan səmərəli istifadəni aktuallaşdırır.
Bu gün dünyanın qabaqcıl aqrar ölkələri əkinçilikdə ənənəvi texnologiyalardan uzaqlaşaraq resursqoruyucu texnologiyaların tətbiqinə üstünlük verir. Belə texnologiyalardan biri də tirə əkin üsuludur. Bu texnologiya ilk dəfə Şimali Meksikada fermerlər tərəfindən tətbiq edilmişdir.
Resursqoruyucu əkinçiliyin tələb etdiyi bir neçə texnologiyanı özündə birləşdirən tirə əkin sistemi suvarılan ərazilər üçün ən yaxşı seçimdir.
Tirə əkin üsulu ənənəvi əkin üsulundan xeyli fərqlənir. Sahə şumlandıqdan və əkinə hazır vəziyyətə gətirildikdən sonra xüsusi hazırlanmış toxumsəpənlə bir gedişlə həm 20-30 sm hündürlükdə tirələr yaradılır, həm də səpin həyata keçirilir.
Seçilmiş bitkidən asılı olaraq şırımarası məsafə
70-90 sm arasında dəyişir. İki cərgə toxum səpiləndə tirə səthinin eni 30-35 sm, üç cərgə toxum səpiləndə isə 45 sm olur.
Tirə əkin üsulunun üstünlükləri:
1. Toxum səpin normasına 40-50% qənaət edilir;
2. Mineral gübrələrdən istifadə səmərəliliyi artırılır;
3. Suvarma suyuna 30% qənaət edilir;
4. Alaqlara qarşı mexaniki mübarizədə pestisidlərdən
istifadə azalır;
5. Bitkinin daha yaxşı kollanmasına imkan yaranır və
məhsuldarlıq artır;
6. Torpağın aqrofiziki vəziyyəti yaxşılaşır;
7. Bitkilərdə yatmaya meyillilik azalır.
Torpaq səthinin bitki qalıqları ilə örtülməsi resursqoruyucu texnologiyanın əsas prinsiplərindən biri kimi qışda və yayda torpağın temperaturunu orta səviyyədə saxlayır, torpağı eroziyadan qoruyur, suyun süzülməsini yaxşılaşdırır.
Həmçinin torpağın tərkibində üzvi maddələri artırır, qida maddələrinin dövriyyəsini asanlaşdırır, buxarlanmanın qarşısını almaqla torpaqda nəmlik itkisini azaldır, eləcə də torpağın flora və faunasının inkişafı üçün əlverişli şərait yaradır. Mulçalama da alaqlarla sirayətlənməni uzun müddət azaldır.
İmran Cümşüdov
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru
Aqrar elmlər üzrə fəlsəfə doktoru