Aqrar sahənin inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir

Mehman müəllim, son 2 ildə AKİA-nın səlahiyyət və öhdəlikləri cənab Prezidentin bir sıra aidiyyəti fərmanları əsasında artırılmışdır. 2020-ci ildə 2 məsələ diqqəti cəlb edir. Bu ildən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən idarə edilən dövlət dəstəyi (əkin, məhsul, arı, heyvan, barama subsidiyası) və yenicə verilməyə başlamış mikrokreditlər haqqında sizinlə danışmaq istəyərdik.

Ümumiyyətlə, hansı sahələr maliyyələşir?

Aqrar sahədə mikrokreditlərin verilməsi ilə bağlı məsələ bir müddət idi ki, müzakirə olunurdu. Bu sahədə böyük risklər olduğu hər kəsə məlumdur: kreditlərin qaytarılması riskinin və əməliyyat xərclərinin çox olması, bankların aşağı faizli kreditlərdə maraqlı olmaması nəzərə alındıqda əhalinin daha azgəlirli hissəsinə ünvanlanmış mikrokredit müraciətlərinə baxılması və kreditlərin götürülməsində çətinliklərin ola biləcəyi gözlənilirdi. Lakin dövlət başçımızın sərəncamları ilə bütün problemlər öz həllini tapdı.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Əsasnaməsində və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişikliklərin edilməsi barədə sərəncamla aqrar sahədə mikrokreditlərin verilməsinin qanuni əsası təmin edildi.
Qaydalara riskləri azaltmaq üçün qaytarılma riski ilə bağlı fərqli mexanizmlər və optimal faiz dərəcəsi ilə bağlı yeni bəndlər əlavə olundu, mikrokreditlərin müddət və maksimal məbləğ şərtləri yumşaldıldı.
Ölkə başçısının “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” imzaladığı Sərəncamla AKİA-ya
30 milyon manat vəsait ayrıldı. Bu məqsəd üçün ölkənin ən böyük holdinqlərindən olan Paşa Holdinq də əlavə
5 milyon manat vəsait ayırdı.
Mikrokreditlər kənd təsərrüfatı ilə məşğul olanların və olmaq istəyənlərin koronavirus pandemiyası dövründə təsərrüfatlarının inkişafı və məşğulluğun artırılması üçün vaxtında verilmiş dövlət dəstəyinə çevrildi.

Hansı sahələrə vəsait ayrılıb?

Mikrokreditlər tələbat əsaslı olaraq əkinçilik, heyvandarlıq, bağçılıq, arıçılıq və digər ailə kəndli fermer təsərrüfatlarının inkişafına ayrılır. Bu sahədə ilkin mərhələdə heyvandarlığa xüsusi maraq olduğunu vurğulaya bilərəm. Bu həm sahəyə olan maraqla, həm xüsusi investisiya tələb etməməsi, həm də mövsümi amillərlə bağlıdır.
İndiyədək ayrılmış 6.5 milyon manatadək vəsaitdən
5.5 milyon manatdan artığı məhz bu sahəyə verilib. Bu da xırda fermerlərin heyvandarlıq sahəsinə maraq göstərdiyini nümayiş etdirir.

Hansı banklar daha aktivdir?

Biz mikrokreditlər üçün müvəkkil kredit təşkilatları seçərkən onların belə kreditlərlə işləmə təcrübəsini əsas götürmüşük. Eyni zamanda əlçatanlığı təmin etmək üçün prosesə bir çox kredit təşkilatlarını, xüsusilə retail bankları da cəlb etmişik. Məsələn, Access Bank, Bank Respublika, Yelo Bank, Unibank, Bank of Baku xüsusilə fəallıq nümayiş etdirirlər. Biz bu fəallığa, bizə verdikləri dəstəyə və fermerlərlə aktiv işlədiklərinə görə müvəkkil banklarımıza təşəkkür edirik.

Orta çek haqqında məlumat verə bilərsiniz?

Hazırda orta çekin məbləği banklarda dəyişir. Ümumiyyətlə, son göstəricimizdə bu rəqəm 9800 manat idi. Kredit götürənlərin sayı artdıqca bu rəqəm daha da azalır. Bu da bizə mikrokredit vəsaitlərindən daha çox fermerin faydalanma imkanının yaradıldığını söyləməyə imkan verir.

Maariflənmə işləri necə gedir?

“Yaxşı xəbər tez yayılar” deyirlər. Mikrokreditlər barədə məlumatın yayılması bizdən böyük səy tələb etmədi. Çünki bu kredit məhsuluna ehtiyac çox idi və daha çox adam bu kreditlərdən faydalanmaq istəyirdi. İşi düzgün qurduqda isə insanlar özləri bir-birinə tövsiyə etməklə mikrokreditlərdən istifadə edənlərin sayı artdı. Amma təbii ki, əməkdaşlarımızın da səyi ilə insanların doğru məlumatlandırılması və yönəldilməsi üçün mövcud vasitələrdən, medianın gücündən, banklarla tərəfdaşlığımızdan, maarifləndirici çap vasitələrindən, sosial mediadan – həm AKİA-nın, həm də Kənd Təsərrüfatı Nazirliyinin facebook səhifələrindən geniş istifadə etdik və bu məlumatlandırma davam edir. Bizim səhifəyə olan müraciətlərin hamısı cavablandırılır və lazımi şəxslərə yönləndirilir.
Qeyd edim ki, mikrokreditlər bizim bütün kreditlərin orta çek məbləğinin aşağı düşməsinə səbəb oldu. Məsələn, iyunun əvvəllərinədək 195 fermerə 4 milyon 247 min manat 7%-li güzəştli aqrar kredit vermişik. Bu da orta çekin 21 mindən artıq bir məbləğdə olması deməkdir. Amma həmin müddətə 646 fermer 6,4 milyon manat mikrokredit götürüb. Bu da ümumilikdə güzəştli kreditlərimizdə orta çekin məbləğini 12 min manata salır.

Digər banklar niyə mikrokreditlərin verilməsinə daha həvəslə yanaşmırlar?

Bankların kiçik məbləğli kənd təsərrüfatı kreditlərinə həvəssiz yanaşmalarında özlərinə görə haqlı olduqları məqamlar var. Məbləğindən asılı olmayaraq istənilən kreditin verilməsi üçün görülən iş həcmi, sərf edilən sənədləşdirmə və vaxt eynidir.
Lakin bunun müqabilində kiçik kredit məbləğində az faiz əldə edilir. Bəzi banklar da belə məbləğə görə vaxt və qüvvə sərf etməkdə maraqlı olmur. Digər tərəfdən kiçik məbləğlərdən rəsmi gəlirləri olmayan fermerlərin yararlandığını nəzərə alsaq problemli olmaq riski də daha çoxdur.
Mikrokreditlərin verilməsi ilə bağlı yeni qaydalar isə bankları maraqlandırmağa və riskləri azaltmağa yönəlib. AKİA-nın 2,5% ilə verdiyi məbləğin üstünə banklar 9,5%-dək əlavə edib, 12%-i keçməmək şərtilə fermerlərə təklif edə bilir. Mikrokreditlər üçün girov tələbi yoxdur. Banklar üçün bu kreditlərin daha bir cəlbedici tərəfi risklərin qismən AKİA ilə paylaşılmasıdır.

Fermerlər necə və hansı banklara müraciət etməlidilər?

Bizim 30-a yaxın müvəkkil kredit təşkilatımız – bank və bank olmayan kredit təşkilatları var. Bunların adları və əlaqə saxlamaq üçün nömrələri akia.gov.az saytında mikrokreditlər üçün yaradılmış xüsusi bölmədə yerləşdirilib. Müvəkkil kredit təşkilatlarını seçərkən biz onların xüsusilə regionlarda şəbəkələrinin olmasına diqqət etmişik. Bu da fermerlərə yaxın olmaqla bərabər, onların kredit müraciətlərinin qiymətləndirilməsini banklar üçün asanlaşdırmaq məqsədi də daşıyır.

İlk dəfə idi ki, bütün fermerlər dövlət dəstəyindən yararlanaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçib pullarını Fermer Kartları vasitəsilə aldılar. Bu prosesin fermerlər üçün hansı üstünlükləri var?

Bu il Azərbaycanda ilk dəfə olaraq kənd təsərrüfatı məhsulları istehsalçıları dövlət dəstəyini (subsidiyanı) Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən müraciət etməklə alıblar. Bu sistem aqrar sahəyə verilən bütün subsidiyaları bir yerdə birləşdirir. Əkin, məhsul, heyvandarlıq subsidiyaları almaq üçün fermer özünə şəxsi kabinet açır, təsərrüfatı barədə məlumatı daxil edir və mövcud təsərrüfatı ilə bağlı subsidiya üçün müraciət göndərir.
Müraciət təsdiqləndikdən sonra ona verilmiş Fermer Kartına subsidiya məbləği köçürülür. Əvvəlki illərdən fərqli olaraq, subsidiya məbləğinin məhz təsərrüfata xərclənməsini təmin etmək üçün əkin subsidiyasında nağd və nağdsız istifadə oluna bilən hissə var. Nağdsız hissədən fermerlər yalnız onlara təsərrüfat üçün lazım olan istehsal vasitələrini təchizatçılardan alarkən POS-terminallarda istifadə edə bilirlər.
EKTİS kənd təsərrüfatında mühüm bir məlumat bazası olmaqla yanaşı, fermerin və təchizatçının fəaliyyət platformasıdır. Təchizatçılar burada satdıqları məhsullar barədə məlumatları və ünvanlarını yerləşdirməklə fermerlərə özlərini tanıdır, satışlarının qeydiyyatını aparmaqla sistemdə anbar məlumatlarına nəzarət edə bilirlər. Fermerlər isə onlara lazım olan məlumatları bir platformadan əldə edirlər.
Maraqlı bir məqamı deyim ki, fermerlər barədə bu sistemdəki məlumatlardan biz artıq bankların da təhlil üçün istifadəsinə şərait yaratmışıq və mikrokreditlərin verilməsində təhlil işini sürətləndirmək üçün EKTİS-də toplanmış məlumatlardan istifadə edirik.

Yeni subsidiya mexanizmi nədir?

“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. Yeni qaydaya əsasən aqrar subsidiyalar fermerlərə EKTİS (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) vasitəsilə verilir.
Kənd təsərrüfatı sahəsində tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizm bu sahədə hesabatlılığın, şəffaflığın artmasına, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsinə, fermerlər üçün müraciətlərin sadələşdirilməsinə, elektronlaşdırılaraq asanlaşdırılması və əlçatanlaşdırılmasına xidmət edir. Yeni mexanizm aqrar sahə istehsalçılarına verilən dövlət dəstəyini vahid platformada birləşdirir.

Təbii ki, ilkin adaptasiya çətinliklərini nəzərə almasaq, ümumilikdə yeni subsidiya mexanizmi fermerlər və sistemin digər iştirakçıları üçün yeni imkanlar yaradıb. Fermer EKTİS-dəki şəxsi kabinetindən çıxmadan həm
subsidiya üçün müraciət edə bilir, həm də özünə lazım olan istehsal vasitələrinin təchizatçılarını sistemdən tapa bilir. Belə ki, EKTİS həm aqrar sahə ilə məşğul olanları, həm də onlara xidmət göstərənləri bir yerə toplayıb.
Məsələn, fermerlərə ödənilən əkin subsidiyasının 25%-i nağdlaşdırılan, 75%-i isə nağdsız hissədir. Fermer nağdsız hissədən istifadə edərək EKTİS-də qeydiyyatdan keçib POS-terminal almış təchizatçılardan özünə gübrə, pestisid, toxum, ting ala bilir. Süni mayalandırma ilə cins buzov əldə etmək istəyən heyvandarlıqla məşğul olan şəxslər EKTİS-də öz təsərrüfatına yaxın olan süni mayalandırma mütəxəssisini axtarıb tapa bilərlər. Təchizatçılar üçün EKTİS həm marketinq platforması, həm də anbar qalıqlarını da görə bildikləri sistemdir. Digər tərəfdən bu sistem iqtisadi araşdırma və planlamalar üçün ciddi bir baza formalaşdırır.

Bu barədə fermerləri məlumatlandırmaq üçün hansı maarifləndirici tədbirlər görülməkdədir?

Yeni subsidiya mexanizmi barədə qanunvericilik ötən ilin ortalarında qəbul olunub. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə yeni qaydalar təsdiq edilib. Demək olar ki, yarım il hazırlıq və
məlumatlandırma mərhələsi keçmişik. Buna həm fermerlərin EKTİS-də qeydiyyatdan keçirilməsi və şəxsi kabinet yaratmaları, həm də onların payızlıq əkin bəyanlarının doldurulmasında dəstək kimi bizim yerli DAİM və ASAN Xidmətlərin birgə fəaliyyətini nümunə göstərmək olar.

Hazırda isə mütəmadi olaraq, kütləvi informasiya vasitələrində, sosial mediada məlumatlandırma aparırıq. Subsidiya ilə bağlı hər bir xəbər mediaya yayılır, müsahibələr təşkil edilir. Hətta ən kiçik xəbər olduqda belə
biz mütləq subsidiya sistemi haqqında məlumatı oraya daxil edirik ki, məlumatlandırmanı daha da dərinləşdirək.

Bir sıra təchizatçıların POS-terminalı bloklanıb. Bunun səbəbi nədir?

Həm fermerlər, həm də təchizatçılar bilməlidirlər ki, yeni subsidiya mexanizmi verilən subsidiyanın şəffaf şəkildə təsərrüfata xərclənməsini nəzərdə tutur. Fermer Kartından təyinatsız istifadə halları izlənilir. Burada əsas məqsəd dövlət vəsaitinin təyinatı üzrə istifadə olunması və sui-istifadə hallarına yol verilməməsidir. Hər hansı qayda pozuntusu təchizatçının və fermerin cavabdehliyi ilə nəticələnir.

Fermerlərə olan tövsiyələriniz nələrdir?

Fermerlərə dövlətin verdiyi bütün güzəştlərdən istifadə etməklə təsərrüfatlarını genişləndirməyi, ölkəmizin ərzaq təhlükəsizliyinin qorunmasında daha çox paya sahib olmağı tövsiyə edirik. Məhsulunuz bol olsun!

Mehman İsmayılov
Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini