Aqrar sahədə xarici siyasətin yeni istiqamətləri

Bildiyiniz kimi, ötən il Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Hazırda Azərbaycanda 50-yə yaxın Avstriya şirkəti aqrar, sənayə, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, turizm, əczaçılıq kimi sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür. Avstriya-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətləri haqqında sizə suallarımız olacaq.
Azərbaycan və Avstriya ölkələri arasında kənd təsərrüfatı istiqamətində əməkdaşlığın hansı perspektivləri var?

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük imkanlar vardır. Səfirlik hazırda Azərbaycanda prioritet sahə kimi toxumçuluğun inkişaf etdirilməsi, baytarlıq üzrə ixtisasartırma kurslarının yaradılması
və gənc mütəxəssislərin yetişdirilməsi istiqamətində işlərini davam etdirir. Həmçinin Azərbaycanda kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, yerli fermerlərin layihələrinə qrantların ayrılması məqsədilə Avstriya İnkişaf
Agentliyi ilə Səfirliyin danışıqları davam edir. Bundan əlavə, bəzi hallarda Agentlik layihə üzrə xərcin 50%-ni qarşılayır. Bu imkanlardan istifadə edilməsi aqrar sahənin inkişafına əlavə təkan verir.

Bir müddət əvvəl Səfirliyin təşəbbüsü ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında başlanmış əməkdaşlıq haqqında məlumat verməyinizi istərdik. Bu əməkdaşlıq necə başladı və hansı işlər görülmüşdür?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsinə çox ciddi dövlət dəstəyi göstərilir. 2018-ci ilin aprel ayında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Direktorunun ölkəmizə səfəri zamanı pambıq istehsalında məhsuldarlığın artırılması üçün mutasiya yolu ilə toxumların yetişdirilməsi məsələsi müzakirə edilmişdir.
Səfirlik və AEBA arasında sıx əməkdaşlıq nəticəsində “Mutasiya yolu ilə pambıq toxumlarının xəstəliklərə, quraqlığa və şoranlaşmaya qarşı inkişaf etdirilməsi” layihəsi hazırlanmışdır. Layihə çərçivəsində Azərbaycanda pambıqçılıqla bağlı vəziyyətin qiymətləndirilməsi məqsədilə ölkəmizə ekspert missiyalarının səfəri baş tutmuşdur.

Nüvə texnologiyalarının tətbiqi ilə Azərbaycanda pambıqçılığın inkişafına nail olmaq olar. Məhsuldarlığın artmasında nüvə texnologiyalarının tətbiqi nəticəsində əldə olunan mutant pambıq toxum növlərinin payı 40%, torpaq, su və qidalanma bunun 60%-ni təşkil edir. Bu istiqamətdə Samux və Ucar rayonlarında təcrübələr həyata keçirilmişdir. Həmin rayonlarda şüalanmış hər bir mutant koldan pambıq sortları
yığılaraq analiz aparılması üçün biotexnologiya laboratoriyalarına təqdim olunmuşdur. Bu təcrübə 5-6 il müddətində təkrarlanacaqdır. Gəncədə yerləşən Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun nəzdində
Biotexniki və Molekulyar Diaqnostika laboratoriyası üçün 150 min avro dəyərində müasir laboratoriya avadanlıqları alınmışdır. Eləcə də mutant pambıq növlərinin alınması ilə bağlı digər ölkələrin təcrübələrinin öyrənilməsi,
metodika və protokolların tətbiq edilməsi məqsədilə milli təlim kursları keçirilmiş və təcrübə mübadiləsi aparılmışdır.

AEBA ilə əməkdaşlıq nəticəsində Azərbaycan alimləri bir sıra bölgələrdə məhsuldar və dözümlü pambıq sortunun alınması üçün tədqiqatlar aparırlar. Bu istiqamətdə növbəti layihələr gözlənilirmi?

Azərbaycanda pambıqçılıqda məhsuldarlığın artırılması üçün xəstəliklərə və quraqlığa dözümlü mutant pambıq sortlarının əldə olunması ilə yanaşı, bu istiqamət üzrə torpaq, su və qabaqcıl kənd
təsərrüfatı təcrübələrinin öyrənilməsi də vacibdir.

Bu sahədə torpaq, qida maddələri və suyun zəif idarə olunması ölkəmizdə pambıqçılığın davamlı inkişafına mənfi təsir göstərir. Bu səbəbdən AEBA ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində Avstriya İnkişaf Agentliyinin dəstəyi ilə maddi-texniki yardım, ekspert missiyaları, təcrübə mübadiləsi və kadr hazırlığının həyata keçirilməsi planlaşdırılır.

“Aqroskop” jurnalı aqrar sahə ilə məşğul olan sahibkarlar və fermerlər üçün nəzərdə tutulub. Onlara nə demək istərdiniz?

Göründüyü kimi, jurnalınız kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumların elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsinə və mövcud aktual problemlərin müvəffəqiyyətlə həll edilməsinə, yeni mütərəqqi metod və üsulların fermerlər arasında yayılmasına hərtərəfli kömək etməyi qarşısına əsas məqsəd kimi qoymuşdur. Məlumdur ki, müasir dövrdə ölkə iqtisadiyyatının formalaşması aqrar sahənin inkişafı ilə sıx bağlıdır.
Azərbaycanda aqrar sahə zəngin tarixi ənənəyə və böyük potensiala malikdir. Hesab edirəm ki, Azərbaycan fermerlərinin aqrar sahədə müxtəlif istiqamətlər üzrə xarici ölkələrin təcrübəsi ilə tanış olması zəruridir. Bunun üçün də
biz səfirlik olaraq, hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq!

Qalib İsrafilov
Azərbaycan Respublikasının
Avstriya Respublikasındakı səfiri