Qaramalın kökəldilməsi üsulları

Heyvandarlıqda qaramalın bəslənməsi xüsusi yer tutur. Ətlik qaramal cinslərinin əti daha keyfiyyətli olması ilə seçilir. Belə heyvanların ət çıxarı 60-70%- dir. Bu növə Ağbaşlı Qazax, Hereford, Şorthorm cinsləri aiddir. Hereford cinsinə aid qaramalın çəkisi 614 kq, buğaların çəkisi isə 800-1000 kq olur. Südlük istiqamətli qaramalın Qara-ala, Cersey, Xolmoqor cinsləri vardır. Bu heyvanların ət çıxarı 55%-dir. Qarışıq istiqamətli qaramala aid olan Kostroma, Simiental, Şvis cinslərinin ət çıxarı isə orta səviyyədədir. Qaramalın ət məhsuldarlığına təsir edən əsas amillərdən biri də kökəltmə və onun düzgün təşkilidir. Kökəltmənin səmərəliliyi qaramalın saxlanma sistemindən asılıdır. Bu prosesdə kökəldiləcək heyvanların sayı və yaş tərkibi də nəzərə alınır. Beləliklə, kökəltmənin strukturu həm istehsal edilən məhsula, həm də kökəldiləcək heyvanların düzgün seçilməsinə təsir göstərir. Məlumdur ki, kök heyvanın əti arıq heyvanın ətinə nisbətən daha qida tutumlu olur. 

Məsələn, arıq buzovda 1 kq ətin qidalılığı 695 kkal olduğu halda, kök buzovda 1140 kkal-dır. Kökəltmə nəticəsində ətin kimyəvi tərkibi dəyişdiyindən onun kaloriliyi də yüksəlir. Kökəltmə iqtisadi cəhətdən də çox faydalıdır. Belə ki, maldarlıqda rentabellik artır və ətin maya dəyəri azalır.

Zərif buzov əti buzovun doğulduğu gündən 4-6 aylığadək aparılan kökəltmə nəticəsində əldə edilir. Bu kökəltmədə buzovlara 20 günlükdən başlayaraq üzsüz süd və qüvvəli yemlər verilir. Bu üsul ABŞ, İngiltərə və Fransada geniş yayılmışdır. Kökəldilmiş buzovların çəkisi 3-3,5 aylıqda 100-120 kq-a çatdırılır. Bu çəkidə əti əldə etmək üçün Fransada buzov 2 ana altında bəslənilir. Pəhriz buzov əti əldə etmək üçün isə buzovlar doğulduğu gündən 45-60 günlüyə qədər südlə, son mərhələdə isə qüvvəli yemlə kökəldilir. “Beybi-bif” üsulu ilə 6-8 aylıq ətlik cinslər və mələzlər 3-4 ay müddətində kökəldilir. Heyvanlar quru ot, meyvə kökləri və xüsusi olaraq hazırlanmış qarışıq yemlə qidalanır. Bu üsulla kökəltmə ABŞ, Cənubi Amerika, Avstraliya və Yeni Zelandiyada daha çox həyata keçrilir. “Süfrə dana əti” istehsal etmək üçün cavan qaramal 16-18 aylığadək kökəldilir və bu zaman onların çəkisi 380-400 kq-a çatdırılır.

Ətlik istiqamətli danalar əvvəlcə otlaq, daha sonra isə bordaq şəraitində bəslənilir. Onların çəkisi 2 yaşında 400-450 kq-a çatdırılır. Ətin kaloriliyi 90-120 gün müddətində kökəldilən cavan heyvanların çəkisinin 1,5%-ə qədər artması ilə yüksəlir.

Heyvanlar hər ay tərtib edilmiş gündəlik yem payına əsasən yemlənməlidir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, təcrübə qrupundakı heyvanların 1 kq diri çəki artımına orta hesabla 6,8 kq yem vahidi, hər yem vahidinə 109 q həzm olunan protein sərf olunmuşdur. Fermalarda kökəltmə prosesi 90-120 gün müddətində aparılır. Çünki bu müddətdə daha çox heyvan kökəltmək mümkün olur. Ətlik və südlük istiqamətli cinsləri süfrə əti üçün bəsləyərkən hər bir yem vahidinə görə 110 q həzm olunan protein sərf olunur. Bu halda heyvanlar 6 aylıq olarkən 174-185 kq çəkiyə çatır. Hər bir yem vahidinə görə protein səviyyəsinin 125 q-dək artırılması cavan mal ətinin keyfiyyətini yaxşılaşdırmaqla bərabər, ətin məhsuldarlığına da müsbət təsir göstərir.

Qaramal ətinin köklük dərəcəsi (kateqoriyaları)

Köklük kateqoriyalarına görə əti böldükdə onun hansı növ heyvandan alınması, yaşı və cinsiyyəti nəzərə alınmalıdır. Çünki ətin qidalılıq dəyəri və mənimsənilməsi yalnız onun köklük dərəcəsindən deyil, həmçinin yaşı, cinsi və cinsiyyətindən asılıdır. Buna görə də əti köklük dərəcəsinə görə bölməzdən əvvəl heyvanları yaş qruplarına görə ayırmaq daha məqsədəuyğundur. Mal ətinin keyfiyyəti onun tərkibinə daxil olan əzələ, yağ və sümük toxumalarının nisbəti ilə müəyyən olunur. Cəmdək kütləsinin 50-60%-ni əzələ, 18%-ni yağ, 15-32%-ni isə sümük toxuması təşkil edir. Ətin keyfiyyətinin dəyişməsi bir sıra amillərdən asılıdır. Bu amillərə heyvanın köklüyü, cinsi, yaşı, yemlənmə şəraiti və saxlanması aid edilir. Dondurulmuş ət -80C temperaturda və 70-85% nisbi nəmlikdə taxta məhəccər üzərinə nizamla yığılmaqla saxlanılmalıdır. Tərkibi və qidalılıq dəyərinə görə mal əti orqanizmin bütün qida maddələrinə olan tələbatını ödəyə bilir.

Qaramalın köklük dərəcələri aşağıdakı tələblərə cavab verməlidir:

• Yüksək köklüyə diri çəkisi yuxarı, ət çıxarı daha çox olan heyvanlar aid edilir. Belə heyvanların əzələsi inkişaf etmiş, gövdə görünüşü dairəvi, budları dolmuş, onurğası geniş və ətli şəkildə olur;

• Əla köklükdə olan heyvanların gövdə görünüşü dairəvi olub kürəkləri az nəzərə çarpır, döş fəqərələrinin arxa çıxıntıları qabarmır;

• Orta köklükdə olan heyvanlarda əzələlər kafi inkişaf etmiş və gövdənin forması bir az bucaqlı olur. Kürək və döş fəqərələrinin arxa çıxıntıları az nəzərə çarpır;

• Orta dərəcədən aşağı köklükdə olan heyvanlarda əzələlər qeyri-kafi inkişaf etmiş və budlar yastı olur. Kürək və döş fəqərələrinin arxa çıxıntıları qabarıq nəzərə çarpır.

Əhalini yüksək keyfiyyətli ərzaqla təmin etmək üçün mövcud imkanlardan səmərəli istifadə edilməli və qaramalın kökəldilməsinə xüsusi fikir verilməlidir.

 

Mirzə Həsənov

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi / Aqrar elmlər üzrə fəlsəfə doktoru