Lavanda bitkisinin kənd təsərrüfatında əhəmiyyəti

Lavanda çoxillik ot bitkisidir. Kök sistemi saçaqlı və odunlaşmışdır. Hündürlüyü 40-60 sm olan əsas gövdədən 800-ə qədər budaq ayrılır. Yarpaqları 2 il yaşayır. Lavanda iyun ayının ortalarından başlayaraq 20-35 gün ərzində çiçəkləyir. Çarpaz tozlanır. Bu bitki ədviyyat və efir yağlarının alınması məqsədilə yetişdirilir. Tərkibində 0,8-3% efir yağı, 12%-ə qədər aşı maddəsi, qətran və digər acı maddələr mövcuddur. Fransa lavanda bitkisindən ildə 60-70 ton efir yağı alır. Efir yağının əsas komponenti linalool və linaliasetatdır.

Lavanda bal verən bitki hesab olunur. Güclü arı ailəsi 1 ha lavanda sahəsindən 200 kq bal, 40 kq nektar və külli miqdarda çiçək tozcuqları toplaya bilər. Bu baldan tənəffüs yollarının müalicəsində istifadə olunur.

Avropada lavanda XVI əsrin sonlarından etibarən becərilmişdir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur. Lavanda öz ətrini 3 min il saxlaya bilir. Belə ki, 1922-ci ildə Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılmışdır. Dünyanın bir çox ölkələrində, o cümlədən İspaniya, İtaliya və Fransada lavandanın çoxlu cinsi var. Bunlardan ən əhəmiyyətlisi “lavandula anqusfoliya” cinsi hesab olunur. Məhz lavandanın bu cinsi parfümeriya sahəsində liderlik edir. Lavanda həmişəyaşıl bitkilər qrupuna aid olan və yarpaq dəyişməsi hər 2 ildən bir baş verən bitkidir. Düzgün aqrotexniki qulluq işləri aparılarsa, lavanda 25 il məhsul verə bilər. Aralıq dənizi mənşəli olmasına baxmayaraq, soyuğadavamlıdır və 250C-dək şaxtaya dözür.

Lavandanın aqrotexnikası

Lavanda bitkisini həm vegetativ, həm də generativ yolla çoxaltmaq mümkündür. Ən geniş yayılan çiliklə çoxalma üsuludur. Çiliklər 8-10 sm olmaqla sentyabr-oktyabr aylarında kəsilir. Onlar istixanada 4-5 sm dərinlikdə sahəyə basdırılır. Lazım gəldikdə havası dəyişdirilir, suvarılır və alaqlar təmizlənir. Yazda çiliklərdən əmələ gəlmiş cücərtilərin hündürlüyü 5 sm olduqda ucları vurulur. Oktyabr ayında şitillər çıxarılır və sortlaşdırılaraq əkilir. Lavanda şitilləri LPM-4 markalı maşınla və ya əl ilə əkilir. Əkin zamanı onun kök boğazı torpağın 5-6 sm dərinliyində qalmalıdır. Hər bir şitil əkiləndə suvarılır və dibi 3-5 sm qalınlıqda torpaqla doldurulur. Yeni plantasiya salınacaq tarlalar vaxtında hazırlanmalıdır. Sələf bitkisi yığıldıqdan sonra torpaq diskli üzləyicilərlə 7-8 sm dərinlikdə yumşaldılır. Alaq otlarına qarşı gavahınlı kotanla 10-12 sm dərinlikdə şumlama aparılır. Şumlamadan əvvəl hər hektara 35-40 ton peyin, 40-60 kq kalium, 100-120 kq azot və fosfor gübrəsi verilir. Daha sonra plantaj kotanı ilə 45-50 sm dərinlikdə şum aparılaraq torpaq hazırlanır. Yaz və yay aylarında isə 3-4 dəfə kultivasiya aparılır. Lavanda bitkisi texniki yetişkənliyə çiçəkləmə fazasında çatır. Bu faza 17-20 gün davam edir. Kolun üzərindəki çiçəklərin 50%-i açılanda lavanda yığımına başlanılır. Yığım LUM-2 maşını ilə aparılır. Maşının kəsici alətləri elə nizamlanır ki, ancaq bitki üzərindəki çiçəklər kəsilib götürülür. Lavanda çiçəkləri təzə halda emal edilir.

Əkinlərə qulluq işləri

Gövdələrin böyüməsi üçün çiçəklər əmələ gələn zaman onları xüsusi markalı maşınla kəsirlər. Payızda tarlada təmir işləri aparılır. Bu məqsədlə məhv olmuş bitkilərin yerinə standart şitillər əkilir və cərgəaraları 12-15 sm dərinlikdə kultivasiya edilir. Lavanda plantasiyaları ikinci il istismara verilir. Plantasiyalara qulluq işləri cərgəaralarının becərilməsi, herbisidlərin verilməsi və kəsimlərin aparılması işlərindən ibarətdir. Cərgəaralarının ortaları 10-12sm dərinlikdə yumşaldılır. Payızda torpaq 15-18 sm becərilir və 2 ildə 1 dəfə simazin herbisidi verilir. Yazda lavandanın bölünməsindən əvvəl isə hektara 6 kq prometrin verilir. Adətən 6-7 ildən sonra budaqların böyüməsi və məhsuldarlığı azalır. Məhsuldarlığı bərpa etmək üçün kollar cavanlaşdırılır. Bunun üçün yazın əvvəlində kollar aşağıdan KİR-1,5 və ya POL-1 markalı maşınlarla biçilir. Budaqlar yığıldıqdan sonra hektara 4 kq təsiredici maddə hesabı ilə simazin verilir. Sonrakı 5-6 il ərzində isə bitkilərə adi qulluq göstərilir. Lavanda xəstəlik və zərərvericilərə zəif yoluxur. Zərərvericilərdən ən çox qamma sovkası, cırcırama, çəmən kəpənəyi, yaşıl çəyirtkə, fır nematodu, xəstəliklərdən septorioz və kök çürüməsi ona ziyan vurur. Zərərvericiləri məhv etmək üçün vegetasiya müddətində lavanda bitkisinə fosfamid, xəstəliklərə qarşı isə misxlroksidin 0,4%-li suspenziyası və yaxud sineb çilənir. Distillə yolu ilə alınmış efir yağlarından tibb, kosmetologiya və ətriyyat sahəsində istifadə olunur. Lavanda spirti antiseptik təsirli vasitə kimi bəzi linimentlər və məlhəmlərin tərkibində də olur. Bunlardan əlavə, lavanda ədviyyat bitkisi kimi italyan, fransız və ispan kulinariyasında xüsusilə ət yeməklərinin hazırlanmasında istifadə olunur.

Sevil Abbasquliyeva

Əkinçilik Elmi-Tədqiqat İnstitutu Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyasının müdiri / Aqrar elmlər üzrə fəlsəfə doktoru