Yonca bitkisinin becərilmə texnologiyası

Yonca paxlalılar fəsiləsinə mənsub olan çoxillik yem bitkisidir. Güclü kök sisteminə malik olmaqla yanaşı, soyuğa və istiyə davamlıdır. Əsas kökləri yoğun, əlavə kökləri isə nazikdir. Gövdəsi dairəvi, dördqatlı, içi boş və budaqlanandır. Hündürlüyü 0,7-1,3 metrə çatır. Kök boğazı torpağın üst səthində 6-8 sm dərinlikdə yerləşir. Əsas və yan gövdələrin üstündə yerləşən çiçəkləri salxımlıdır, hər salxımda 14-26 ədəd çiçək olur. Həşəratla çarpaz tozlanan bitkidir. Dairəvi formada olan toxumlar 80-120ºC temperaturda cücərtilər verməyə başlayır. Təcrübələr göstərir ki, il ərzində yoncadan 4-5 çalım aparmaqla 1 hektardan 1000-1500 sentnerədək yaşıl kütlə və ya 200-300 sentner quru ot məhsulu əldə etmək olar. Yüksək məhsuldarlıqla yanaşı, yoncadan quru ot, senaj, ot unu, briket və digər növdə yemlər hazırlanır. Yoncanın 1 kq quru maddəsində 105-180 q həzm olunan protein, 10-20 q kalsium, 3-8 q fosfor, 40-250 mq karotin olur. Yoncanın zülal tərkibi süddə zülalın miqdarını artırır. Xam sellüloza isə heyvanlarda həzm və gövşəmə fəaliyyətini yaxşılaşdırır. Yonca əkini üçün münbit torpaqlar seçilməlidir. Torpaq səpin üçün yay və payız fəsillərində hazırlanmalıdır. Yonca əkinləri üçün əsas şum əməliyyatı torpağın tipindən asılı olaraq 25-30 sm dərinlikdə aparılır. Bu proses noyabrın 20-dən gec olmayaraq başa çatdırılmalıdır. Səpin zamanı yoncanın “Abşeron”, “Aran”, “Ağstafa-1” sortlarından istifadə etmək daha məqsədəuyğundur. Yonca bitkisinin yemlik keyfiyyəti onun inkişaf fazasından asılı olaraq dəyişir. Bitki inkişaf etdikcə tərkibindəki protein, yağ, mineral maddələr və karotinin miqdarı azalır, əksinə sellülozanın miqdarı artır.

Qida maddələri və karotinin ən çox toplama miqdarı bitkinin qönçələmə, ən az toplama miqdarı isə tam çiçəkləmə fazasında müşahidə edilir. Odur ki, fermerlərə hər hektar sahədən daha çox qida maddələri toplamaq üçün yoncanın qönçələmə fazasında çalınması tövsiyə edilir.

Yonca əkinlərinə qulluq işləri vaxtında gübrələrin verilməsi, suvarma işlərinin aparılması, alaq otları, xəstəlik və zərərvericilərə qarşı mübarizədən ibarətdir. Payızda yoncalıqlara fosfor və kalium gübrələri verildikdə onların qışa davamlılığı artır. Buna görə də 1 hektar sahəyə toxumla birlikdə 50 kq superfosfatın verilməsi vacib şərtlərdən biridir. Həmçinin torpağı 5-6 sm dərinlikdə iki istiqamətdə ziqzaq maladan istifadə edərək malalamaq lazımdır.

Yonca otunun tədarük edilməsində əsas məsələlərdən biri çalınmış otun qurudulmasıdır. Yüksək keyfiyyətli yem istehsal etmək üçün yoncalıqların vaxtında çalınması vacib şərtdir.

• Bitkilərin qönçələməsi 90-95% təşkil etdiyi vaxt yoncalıqlarda çalıma başlamaq lazımdır; • Yoncadakı yarpaqların hamısını toplamaq üçün otu kök boğazından 5-7 sm yuxarı biçmək lazımdır; • Quru ot tədarükü işində əsas məsələlərdən biri çalınmış otun vaxtında toplanmasıdır. Biçilmiş otu qurutduqdan sonra yığıb qotmanlamaq və çürüməməsi üçün tayalara vurmaq lazımdır.

Bu tədbirlərin hər biçimdən sonra təkrarlanması məqsədəuyğundur. İtkiyə yol verilməməsi üçün biçilmiş otlar səhər və ya axşam tayalara vurulmalıdır. Yonca bağları tayaya bərabər qalınlıqda yığılıb möhkəm tapdalanmalıdır. Tayanın başına küləş qoyulması məsləhətdir.

Yonca bitkisi suvarma şəraitində yüksək ot və toxum məhsulu verir. Bunun üçün yonca əkinləri alaqlardan təmizlənməli, suvarma müddəti və normaları düzgün müəyyən edilməlidir. Yazda suvarmanı çiçəklənmənin başlanğıcında aparmaq lazımdır. Yoncanın birinci ili məhz 6-7 yarpaq dövrü hesab edilir ki, bu zaman 1 hektar sahəyə 300-400 m3 suyun verilməsi tələb olunur. Qrunt səviyyəsi, torpağın nəmliyi və suvarma üsulundan asılı olaraq bölgələrdə 15-25 gündən bir suvarma əməliyyatı həyata keçirilməlidir. Payız səpinindən sonra yonca sahələrini şaxtalar düşənə qədər 2 dəfə suvarmaq lazımdır. Aran bölgələrində növbəti suvarma mart ayında aparılır. Yoncanın ən intensiv su sərfi birinci çalımdan sonra, yəni qönçələmədən çiçəkləmənin əvvəlinə qədər olan dövrdə müşahidə olunur. Buna müvafiq olaraq həmin dövrdə yonca əkinləri aqrotexniki tələblərə uyğun suvarılmalıdır. Əgər yonca sahələri hər biçindən sonra 2 dəfə suvarılarsa, 5 dəfə biçin əməliyyatının aparılması mümkündür.

Tünzalə Rüstəmova

Əkinçilik Elmi-Tədqiqat İnstitutu Otlaq və biçənəklər şöbəsinin böyük elmi işçisi