Bitkilərlə söhbət edə bilsəydik, nə baş verərdi?

Bitki inkişafına təsir edən faktorları öyrənmək onunla söhbət etmək kimi bir prosesdir. Çünki dünyanın ən yaxşı kənd təsərrüfatı araşdırma mərkəzlərindən tutmuş sadə lokal institutlara qədər hər bir obyektin əsas istiqaməti bugünə qədər bitkinin ehtiyacı olan suyu, mineralı, yaranan xəstəlik və zərərvericiləri öyrənməyə həsr olunur. Bu işi uğurlu görən təşkilatlar yüksək nəticələr əldə edir.

Ağıllı kənd təsərrüfatı bilikyönümlü əkinçilik yanaşmasıdır. Bu yanaşma istehsalda daha keyfiyyətli məhsul əldə etmək üçün iqtisadi və ekoloji cəhətdən əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsindən ibarətdir. Odur ki, ağıllı kənd təsərrüfatı yeni bir yanaşma deyil, əslində mövcud olan ənənəvi təsərrüfata elmin inteqrasiyasıdır.

Yaşlı bir fermer illərdir öz sahəsində işləyirsə, onun gözü elə ən yaxşı skanerdir. Çünki o torpağının hansı hissəsinin daha məhsuldar olduğunu və ya suvarma zamanı nələrə diqqət etməli olduğunu yaxşı bilir. Hazırda hər bir rayon və kənddə mütləq ölkənin orta məhsuldarlığından daha yüksək göstərici əldə edən bir və ya bir neçə şəxs var. Bunun səbəbi də yuxarıda qeyd etdiyim məqamdır. Avropa Birliyi ağıllı kənd təsərrüfatı sahəsində liderdir.

Məsələn, Niderland son 10 illə müqayisədə istixanalarda 50%-ə qədər daha az su və gübrə, həmçinin pestisid istifadə edir. Buna səbəb dünyanın ən yaxşı kənd təsərrüfatı və araşdırma universiteti olan Vağeningen Universitetinin Niderlandda yerləşməsidir. Onların əldə etdiyi nəticələrin hər biri bu gün Niderlanda ciddi iqtisadi gəlir qazandırır. Ümumi Avropa regionu səviyyəsində azot əsaslı gübrələrlə bir “müharibə siyasəti” tətbiq olunur. Hətta alman fermerləri bəzi hallarda buna etiraz edirlər. Buna səbəb azotun əkinaltı torpaqlarda aşağı səviyyədə olmasıdır. Lakin bu o demək deyil ki, onun yeganə mənbəyi sintetik gübrələrdir. Azotun mənbəyi atmosfer və orqanik qalıqlar da ola bilər. Orqanik maddə isə intensiv ənənəvi kənd təsərrüfatında hər ötən gün azalmaqda davam edir. Orqanik maddə torpağı daş və süxurdan fərqləndirir, həmçinin onu canlı bir substrat kimi qəbul etdirir.

Ağıllı əkinçilik kənd təsərrüfatında istehsalı yaxşılaşdırmaq üçün texnologiyanın istifadəsinə yönələn ve eyni zamanda müəyyən ölçüdə xərcləri azaldan müasir əkinçilik anlayışıdır.

Odur ki, biz hər zaman bildiyimiz və nəzəriyyədə saxladığımız anlayışları məhz Azərbaycan olaraq rəflərdən çıxarıb torpaq və əkinlərə tətbiq etməliyik. Ağıllı kənd təsərrüfatı təcrübə və texnologiyaları bu prosesi daha da asanlaşdırır.

“NPC Agro” komandası müxtəlif texnologiyalar vasitəsilə səpilən karbamid gübrəsinin neçə gün ərzində amonium və ya nitrat formasına keçə biləcəyini, biokimyəvi prosesə təsir edən ətraf mühit faktorlarını və yaxud bir bitkinin yanına onun kökünə simulyasiya edən qurğu qoyaraq günlük nə qədər enerji sərf edib torpaqdan su çəkəcəyini müəyyənləşdirə bilir. Biz, həmçinin bağ şəraitində 10.000-dən çox, birillik əkində isə 1 milyondan çox ağac olan 20 ha sahədə hər bir bitkini 25 dəqiqədən bir yoxlayan qurğulara sahibik. Bir bitki hər hansı bir səbəbdən stressə düşəndə xlorofili azalmağa və saralmağa başlayır.

Bunu da insanlar görməsə belə, bizim kameralar çəkir. Beləliklə, fermer xəstəlik geniş yayılmamış lazımi tədbirlər görür. Buna NDVİ (Normallaşdırılmış Diferensial Vegetasiya İndeksi) məlumatı deyilir, hansı ki, müxtəlif mənbələrdən fermerin özü tərəfindən də əldə edilə bilər. Qeyd olunan fikirləri ümumiləşdirsək, ağıllı kənd təsərrüfatı texnologiyaları bahalı yanaşma tələb etmir, əksinə çox qısa müddətdə xərcləri azaltmaqla təbiəti və insanı qoruyur.

Surxay Novruzov

“NPC Agro” şirkətinin direktoru