Mövsümi xəstəliklər

Havanın temperaturunun tədricən yüksəlməsi, heyvanların otlaq sahələrinə çıxarılması və köçəri təsərrüfatların yaylaqlara köçməsi ilə əlaqədar olaraq, heyvanlarda mövsümi xarakterli xəstəliklər müşahidə edilir. Mövsümi xarakterli xəstəliklərə kənd təsərrüfatı heyvanları arasında geniş yayılmış invazion-helmintoz və qan-parazitar xəstəliklərini aid etmək olar.

Helmintoz

Helmintoz müxtəlif parazit qurdların – helmintlərin törətdiyi parazitar xəstəlik olub kənd təsərrüfatı heyvanları və ev quşları arasında geniş yayılmışdır. Respublikamızın müxtəlif coğrafi bölgələrində 119 növ helmint təyin olunmuşdur. Kənd təsərrüfatı heyvanlarında helmintozun yayılmasında sinantrop sahiblər sayılan it və pişiklərin rolu böyükdür. Belə ki, onlarda 82 növ helmint parazitlik edir. Bunların 32 növü insanlarda, 26 növü isə heyvanlarda ümumilik təşkil edir. Qoyunlarda 85, keçilərdə 54, qaramalda 83, camışlarda 53, zebularda 52, atlarda 28, dəvələrin hər iki növündə 29 və ev toyuqlarında 18 növü müşahidə olunmuşdur. Heyvanlar helmintlərə otlaqlarda yoluxur. Bataqlıqlar, gölməçə ətrafındakı otlaqlar, rütubətli çəmənliklər helmintlərin yumurta və sürfələrinin inkişafı üçün əlverişli təbii ocaqlardır. Belə əlverişli şəraitdə invazion yumurtalar və sürfələr heyvan orqanizminə yem və su vasitəsilə daxil olub onları yoluxdurur. Son illərdə təsərrüfata ciddi iqtisadi zərər vuran moniezioz, fassiolyoz, dikroselioz, paramfistomatoz xəstəlikləri yüksək intensivlik və ekstensivliklə müşahidə olunmaqdadır.

Diri çəki və məhsuldarlığın azalması, boy inkişafından qalma, balasalma halları, yunun keyfiyyətinin aşağı düşməsi və immunitetin zəifləməsi xəstəliyin ilk klinik əlamətləri sayılır.

Təsərrüfatdakı heyvanlar mütəmadi olaraq koproloji müayinədən keçirilməlidir. Heyvanların orqanizmində xəstəlik aşkar edilərsə, kimyəvi preparatlardan istifadə etməklə dehelmintizasiya aparılmalıdır. Dehelmintizasiya tədbirləri çərçivəsində məcburi, profilaktik, preimaginal, imaginal və diaqnostik antihelmint tədbirlərin aparılması zəruridir. Bunun üçün heyvanlar yaşa görə qruplaşdırılıb otlağa çıxarıldıqdan 25-30 gün sonra antihelmint preparatlarla dehelmintizasiya edilməlidir. Qurdlara qarşı dehelmintizasiya məqsədilə Ricofix, Avromec-Fac, Fasciol, Levozan, Brontel plus və Albamelin preparatlarından daha çox istifadə edilir. Həmçinin heyvanların gölməçələrdən kənarda antihelmintik təsirə malik yovşan, dəvətikanı, çaşır kimi bitkilərdən ibarət otlaqlarda otarılması daha məqsədəuyğundur.

Qan-parazitar xəstəlikləri

Kənd təsərrüfatı heyvanlarının mövsümi xarakterli digər invaziyasına qan-parazitar xəstəlikləri aiddir. Bu xəstəliklər təbii iqlim şəraitindən asılı olaraq mart ayının sonlarından oktyabr ayına qədər davam edir. Qan-parazitar xəstəlikləri kənd təsərrüfatı heyvanlarının anemiya, qızdırma, atoniya, mədə-bağırsaq sisteminin pozğunluğu ilə xarakterizə edilən, həmçinin iti və xroniki formada özünü büruzə verən invaziyalarıdır. Xəstəlik keçiriciləri ixodidae fəsiləsinə aid otlaq gənələridir. Törədicilər gənələrin toxuma, hemolimfa və yumurtalarında, heyvanların orqanizmində isə qırmızı qan hüceyrələrində lokalizasiya edir. Heyvanlarda əvvəlcə daxili orqanlarda, daha sonra periferik qanda çoxalır. Torpaqda yatmış gənələr havanın temperaturu yüksəldikcə otlaqlarda aktiv həyat tərzinə keçir. Nəticədə gənələr heyvanlara yapışaraq parazitləri qana ötürür.

Qan-parazitar xəstəliklərinin yüksək ölümlə nəticələnən 5 tipi mövcuddur:

Respublikanın müxtəlif coğrafi bölgələrində qan-parazitar xəstəliklərinə yoluxma mövsümdən asılı olaraq dəyişir. Belə ki, intensiv yoluxma düzənlik ərazilərdə yazın sonu və yayın əvvəli, dağlıq və dağətəyi ərazilərdə isə yayın ortalarında müşahidə edilir.

Xəstəliyin ilk klinik əlamətləri aşağıdakılardır:

Yüksək hərarət (41-420C);

Limfa vəzilərinin şişkinliyi;

Selikli qişanın saralması;

Sidikdə qan olması;

Quru öskürək;

Qanda eritrositlərin 3 dəfə azalması;

Hemoqlobinin aşağı düşməsi;

Burundan irinli selik ifrazı.

Vaxtında müalicə aparılmadıqda tələfat baş verir, xüsusilə cavan heyvanlarda 60-80% itkiyə səbəb olur. Törədicinin növündən asılı olaraq xəstəliyin inkubasiya dövrü 6-30 gün müddətində davam edir. Səhv diaqnoz və vaxtında aparılmayan müalicə 1 həftə ərzində heyvanların ölümünə səbəb ola bilir. Buna görə də xəstəliyi keçirən gənələr vaxtında məhv edilməli və heyvanlar akarisid preparatlarla mart ayının sonuncu 10 günlüyündən başlayaraq çimizdirilməlidir. Transmissiv mövsümi xarakterli qan-parazitar xəstəliklərinin yayılmasının qarşısını almaq üçün invaziyanın təbii ocaqlığı təyin olunmalı, xəstəliyin başvermə ehtimalı olan bölgələrdə epizootik vəziyyət daima nəzarətdə saxlanılmalı, heyvanlar mütəmadi müayinədən keçirilməli, xəstəliyin yayılma mövsümü və inkubasiya müddətini nəzərə alaraq klinik və laborator qan analizləri aparılmalıdır. Xəstəlikkeçirici gənələrin heyvan üzərində məhv edilməsi və otlaqlarda onların yayılmasının qarşısının alınması məqsədilə dezinseksiya tədbirləri də aparılmalıdır. Dezinseksiya gənə və həşəratların mexaniki, kimyəvi, bioloji üsullarla məhvinə yönəlmiş kompleks mübarizə tədbirləridir. Xəstəliyin kütləvi hala keçməməsi üçün təcili şəkildə xəstə heyvanlar təcrid olunub kimyəvi preparatlarla müalicə olunmalı və profilaktik tədbirlər görülməlidir. Xəstəliyin müalicəsində Butaleks, Bupajekt, Bupartek, 5%-li Bupa-Smart və Buparvakvon preparatları parazitlərə qarşı mübarizədə yüksək effektə malikdir. Parazitotrop müalicə ilə yanaşı, mütləq simptomatik müalicə də aparılmalıdır. Heyvanlarda rezistentliyin yüksəldilməsi məqsədilə onlara fizioloji tələblərə uyğun olan A, C, B12 vitaminləri, həmçinin mikroelementlərlə zəngin yemlər verilməlidir.

Aygün Əzizova

Baytarlıq Elmi-Tədqiqat İnstitutu Parazitologiya şöbəsinin müdiri / Biologiya elmləri üzrə fəlsəfə doktoru