Suya qənaət mövzusuna innovativ baxış

Qlobal iqlim dəyişikliklərinin fəsadları ildən-ilə daha çox özünü büruzə verməyə başlayır. Proqnozlara əsasən bir çox ölkələr gələcəkdə su qıtlığı problemi ilə üz-üzə qalacaq. Bu problemin həll olunmasında suya qənaət mövzusunda həyata keçirilən innovativ yanaşmalar mühüm rol oynayır. 10 iyun 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hakaton baş tutdu. Hakaton proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hakatonun məqsədi yerli proqramçılar, şəbəkə inzibatçıları və texnologiya həvəskarlarının yarışma çərçivəsində öz biliklərini yoxlayaraq müəyyən problemə həll yolu tapmalarıdır. Bu yarışma 48 saat davam edir. “Aquahack” adlandırılan hakaton suyun kəmiyyət və keyfiyyətinin qorunması, həmçinin su ehtiyatlarına təzyiqlərin azaldılması üçün texnoloji həllərin tapılması məsələlərinə həsr olunmuşdur. Bu yarışmada ümumilikdə 36 komanda iştirak etmişdir. Azərbaycanın dörd bir yanından yarışmaya qatılan iştirakçılar mövcud su problemlərini həll etmək üçün maraqlı layihələr təklif ediblər. Müraciət prosesi başa çatdıqdan sonra seçilmiş komandalara konkret problemlər və mövzu ilə daha yaxından tanış olmaq məqsədilə ardıcıl vebinarlar təşkil edilmişdir. Layihələr arasında maşın öyrənməsi texnologiyasından istifadə edən və daşqınları proqnozlaşdıran tətbiqlər, həmçinin ağıllı suvarma sistemləri kimi innovativ həllər vardı.

Su üzrə yerli və xarici mütəxəssislər və innovatorlardan ibarət olan münsiflər heyəti komandaların hazırladıqları layihələri dəyərləndirərək qalibləri müəyyən etmişdir.

I yeri alternativ enerji mənbələrindən istifadə edərək dəniz suyundan təmiz su çıxarmaq üçün yeni bir həll yolu təqdim edən “Aducoman” komandası, II yeri suyun nə vaxt və nə qədər istifadə olunduğunu göstərən IoT (əşyaların interneti) əsaslı cihazı hazırlayan “Aquahakermaks” komandası, III yeri isə suyun israfını azaltmaq üçün ağıllı suvarma sistemini təqdim edən “Satellite” komandası tutub.

I, II və III yerləri tutan komandalar müvafiq olaraq 5000, 3000, 2000 manat məbləğində pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılıb. “Aquahack” müsabiqəsində qaliblərlə yanaşı, ideyaları ilə fərqlənən və münsiflər tərəfindən xüsusi olaraq qeyd edilən komandalar da oldu. IV yeri tutan “Conwat” komandası kondensasiya prosesi nəticəsində ixrac olunan suyun toplanılaraq həmin ərazinin ətrafında olan yaşıllığın suvarılması üçün qurğu təqdim edib. V yeri tutan “Lily” komandası suya həssas sensor vasitəsilə yağış sularının yaşayış binaları və təsərrüfatda daha səmərəli istifadəsini təmin etmək üçün cihaz hazırlayıb. Hakatona Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, ASAN Xidmət, Aqrar Elm və İnnovasiyalar Mərkəzi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Cyber Security Academy, Sumaks, Techland, Caspian European Club, Innoland, eaziSTART, Next Step İnnovasiya Mərkəzi, İdrak, Qlobal Proqramçılar Klubu, GDG Baku, Yer, İlk Addımlar, AzCloud, AzInTelecom və Məlumat Hesablama Mərkəzi kimi qurum və təşkilatlar dəstək olmuşdur.

Vüsal Kərimli

“SUP.VC” şirkətinin direktoru