Torpağın münbitliyinin qorunmasında bioloji müxtəlifliyin rolu

Bir sıra nüfuzlu beynəlxalq təşkilatların verdiyi proqnozlara əsasən dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda fasiləsiz olaraq iqlim dəyişiklikləri baş verməkdədir. İqlim dəyişiklikləri nəticəsində havanın orta temperaturu artmış, atmosfer çöküntülərinin miqdarı azalmış və bu da torpaqların rütubət tutumunun xeyli azalmasına gətirib çıxarmışdır. Nəticədə ekoloji həssaslığının artması ilə kənd təsərrüfatı bitkilərinin adaptasiya qabiliyyətinin zəifləyəcəyi proqnozlaşdırılır. Hazırda Azərbaycanda torpaqların analizi məqsədilə elmi-tədqiqat institutları tərəfindən müxtəlif tipli torpaqlarda humusun toplanması, üzvi maddələrin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, bioloji proseslərin intensivliyi, dövri fazaları və zonal ekosistemlərdə dəyişilməsi məsələləri üzrə araşdırmalar aparılır. İntensiv əkinçilik sistemində torpağın münbitliyi ona lazımi miqdarda üzvi və mineral gübrələrin verilməsi, düzgün becərilmə və zəruri meliorativ tədbirlərin görülməsi və kənd təsərrüfatına yararlı torpaqlarda səmərəli bioloji müxtəlifliyin yaradılması ilə təmin edilir. Aparılan tədqiqatların nəticələri göstərir ki, növbəli əkinlərdə əsas bitkilərə, xüsusilə taxıla daha çox yer verilməsi vacibdir.

Sürətlə inkişaf etməkdə olan taxılçılıq, pambıqçılıq, tütünçülük və tərəvəzçilik bölgələrində həmin bitkilərin xüsusi çəkisinə xələl gətirmədən intensiv yerləşdirilməsi mütləqdir. Bu həm növ müxtəlifliyinin yaradılması ilə torpaq münbitliyinin bərpası, həm də təbii-iqtisadi zonaların spesifik xüsusiyyətləri nəzərə alınmaqla heyvandarlığın hazırkı tələbatına uyğun surətdə yem bazasının yaradılması deməkdir. Əkin sahələrində bitkilərin növbələşdirilməsi torpaq münbitliyinin qorunması və bərpası ilə yanaşı, fitosanitar şəraitin yaxşılaşmasına, xəstəlik və zərərvericilərin minimuma enməsinə də səbəb olur.

Material və metodlar

Təcrübələr Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatı ərazisində 2 sxemdə suvarma şəraitində aparılmışdır. Tədqiqatların obyekti kimi soyanın “Biyson”, buğdanın “Qobustan”, arpanın “Cəlilabad-19”, noxudun “Sultan”, qarğıdalının “Zaqatala-420” və rapsın “Radikal” sortlarından istifadə edilmişdir. Tədqiqat zamanı növbəli və fasiləsiz əkinlərdən istifadə edilməklə müxtəlif quruluşa malik olan bitkilərin kök kütləsi və kövşən qalıqlarının miqdarı təyin edilmişdir.

Nəticələr və onların müzakirəsi

Torpaq münbitliyinin yüksəldilməsində kök kütləsinin laylar üzrə paylanmasının mühüm əhəmiyyəti vardır. Bioloji xüsusiyyətləri və əmələ gətirdiyi məhsulun miqdarından asılı olaraq növbəli və fasiləsiz əkinlərdə becərilən bütün bitkilər üzrə kök kütləsinin əsas hissəsi torpağın üst qatlarında toplanmışdır. Müxtəlif quruluşa malik olan bitkilərin kök kütləsi və kövşən qalıqlarının miqdarı növbəli əkinlərdə daha yüksək olmuşdur. Bir çox tədqiqatçılar yüksək zülallı qida və yem məhsullarına olan tələbatın həllini bitkilərdə axtarırlar. Toxumları zülal, nişasta, yağ və aminturşuları ilə zəngin olan paxlalı bitkilər bu baxımdan çox əhəmiyyətlidir.

Bu bitkilər atmosferin sərbəst azotunu mənimsəyərək torpaqda azotun miqdarının artmasında böyük rol oynayır və onu minerallaşdırır. Paxlalı bitkilər torpağa 100-140 kq/ha minerallaşmış azot verir. Dünyanın bir çox ölkələrində qidada zülal balansını nizamlamaq və kənd təsərrüfatı heyvanlarının yem bazasını möhkəmləndirmək üçün dənli-paxlalı bitki olan soyanın əkilib-becərilməsi geniş vüsət almışdır. Hazırda respublikamızda da bu bitkiyə maraq artmışdır. Aparılan tədqiqatlarda soyanın inkişaf mərhələləri üzrə yaşıl kütlə və quru maddənin toplanma dinamikası öyrənilmişdir. Soyanın yaşıl kütləsi budaqlanma mərhələsində hektardan 77,7 sentner, çiçəkləmədə 220 sentner, paxla əmələgəlmədə 262,1 sentner və dən əmələgəlmədə 254,7 sentner olmuşdur. Növbəli əkində quru maddənin miqdarında fasiləsiz əkinə nisbətən artım müşahidə olunmuşdur.

Cədvəldən göründüyü kimi, növbəli əkinlərdə bir hektardan arpa 2,6 sentner, noxud 2,5 sentner, rapsın yaşıl kütləsi 42,3 sentner, payızlıq buğda 5,5 sentner, qarğıdalı dəni 6,5 sentner və soyada 1,5 sentner artım olmuşdur. Tədqiqatlar Abşeronun suvarma şəraitində dənli-sünbüllü, dənli-paxlalı və yem bitkilərinin diversifikasiyası zəminində torpağın münbitliyinin qorunması və bərpası istiqamətində aparılmışdır. Növbəli əkinlərin tətbiqi ilə bitkilərin məhsuldarlığı nəzərə çarpacaq dərəcədə yüksəlmişdir. Torpağı üzvi maddələr və qida elementləri ilə zənginləşdirən kök kütləsi, kövşən qalıqları və sideratlar böyük təsərrüfat əhəmiyyətinə malikdir. Fasiləsiz əkinlə müqayisədə növbəli əkinə soya, noxud və raps bitkilərinin daxil edilməsi torpaq münbitliyinin qorunması və məhsuldarlığın artmasına şərait yaradır. İntensiv əkinçilik sistemində torpaqların münbitliyini qoruyub saxlamaq məqsədilə becərilən bu bitkilərin yüksək ekoloji sabitliyə malik olması üçün növbəli əkin sistemində bioloji müxtəlifliyin yaradılmasına ciddi fikir verilməlidir.

Şikar Əhmədov

Əkinçilik Elmi-Tədqiqat İnstitutu  Ümumi işlər üzrə direktor müavini / Aqrar elmlər üzrə fəlsəfə doktoru