Pambıqçılıqda nüvə texnologiyasının tətbiqi

Pambıqçılıq Azərbaycan Respublikasının iqtisadiyyatında mühüm rol oynayır. Ölkədə pambıq istehsalının davamlı artımına nail olmaq üçün nüvə enerjisi və seleksiya üsullarından istifadə etməklə ekoloji şərait və stress amillərinin mənfi təsirinə davamlı pambıq sortları yaradılmalıdır. Pambıq bitkisinin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması da əsas şərtlərdən biridir.

2018-ci ilin aprel ayında Prezident İlham Əliyev və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Direktoru Yukiya Amano arasında keçirilən görüşdə pambıq istehsalında məhsuldarlığın artırılması üçün mutasiya yolu ilə toxumların yetişdirilməsi məsələsi müzakirə edilmişdir. Səfirlik və AEBA arasında sıx əməkdaşlıq nəticəsində “Mutasiya yolu ilə pambıq toxumlarının xəstəliklərə, quraqlığa və şoranlaşmaya qarşı inkişaf etdirilməsi” layihəsi hazırlanmışdır. Layihə çərçivəsində Azərbaycanda pambıqçılıqla bağlı vəziyyətin qiymətləndirilməsi məqsədilə ölkəmizə ekspert missiyalarının səfəri baş tutmuşdur. Nüvə texnologiyalarının tətbiqi ilə pambıqçılığın inkişafına nail olmaq olar. Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən seçilmiş pambıq toxumlarının AMEA-nın Radiasiya Problemləri İnstitutunda şüalandırılması və şüalandırılmış toxumlarla tədqiqatların aparılması nəzərdə tutulmuşdur.

AEBA-nın məlumatına görə təcrübi mutagenez metodu ilə 3000-dən artıq bitki sortu alınmışdır. Kimyəvi və fiziki mutagenlərin stimullaşdırıcı təsiri nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 2-3 dəfə artır, seleksiya prosesi surətlənir, mədəni bitkilərin genetik müxtəlifliyi artır. Bəzi hallarda baş verən mutasiya nəticəsində tamamilə yeni əlamətlərə malik, həmçinin təbiətdə rast gəlinməyən formalar əmələ gəlir. Layihənin icrası Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna həvalə olunmuşdur. Seleksiyaçıların yaratdığı Gəncə-78 və Gəncə-80 pambıq sortlarının elit toxumları Co60 izotopu ilə şüalandırılmışdır. Həmçinin AMEA-nın Radiasiya Problemləri İnstitutunda ABEA-nın əməkdaşı Fatma Sarsunun təqdim etdiyi metodikaya uyğun Co60 izotopunun 150 q, 300 q və 450 q dozaları ilə şüalandırılmışdır. Təcrübələr Samux rayonunda yerləşən Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzində xəstəliklərə qarşı və Ucar rayonunda Şirvan Təcrübə Stansiyasında quraqlığa və şoranlığa qarşı davamlı mutant xətlərin yaradılması istiqamətində aparılmışdır. Hər bölgə üçün 6 variant və hər birində 1000 toxum olmaqla, 2 bölgə üçün cəmi 12000 toxum şüalandırılmışdır. Mutagenez üsulla aparılan tədqiqatlarda hər yuvada məhdud miqdarda toxum hesabı ilə səpin aparılmışdır. Təcrübə zamanı bitkilərdə seyrəltmə aparılmamışdır. Əgər sahədə seyrəltmə aparılarsa, mutasiya çıxımı faizi pozulur və müsbət istiqamətdə dəyişilmiş bitkilər məhv olur. Səpindən 1 gün sonra qozaların açım tempi də müəyyənləşdirilmişdir. Müşahidələr zamanı toxumların fazalar müddəti, tarla cücərməsi, bitkinin hündürlüyü və həyatilik qabiliyyətləri ilə yanaşı, kolda simpodial və monopodial budaqların sayı, birinci bar budağın yeri, qozanın sayı, budaqlanma tipi, rəngi, həmçinin bitkilərin xəstəlik və zərərvericilərə, quraqlığa və şoranlaşmaya qarşı davamlılığı öyrənilmişdir.

Laboratoriya təhlilləri nəticəsində bir qozadan alınan xam pambığın kütləsi, lif çıxımı və uzunluğu da müəyyənləşdirilmişdir. Bütün vegetasiya müddətində M1 nəslində sistematik olaraq fenoloji müşahidələr aparılmışdır. Vegetasiyanın sonunda isə M1-də fenotipik əlamətlərinə görə seçilən dəyişmiş bitkilərin genetik təhlili verilmişdir. Bitkilərdə əmələ gəlmiş steril və qeyri-tipik formalar, həmçinin makromutasiya dəyişkənlikləri cədvəldə qeyd edilmişdir. Şirvan Təcrübə Stansiyasında 1360, Gəncə RAEİM-də isə 1447 dəyişilmiş bitkidən xam pambıq yığılmışdır. Xam pambığın yığımına fərdi seçmələrin yığımından başlanmışdır. Bu məqsədlə dəyişmiş və dəyişkənlik əmələ gəlməmiş bitkilər fərdi seçmə kimi yığılmışdır. Samux və Ucar rayonlarında 3000-dən artıq fərdi seçmə yığılmışdır. Sonda fərdi seçmələrin təhlili aparılmışdır. İkinci tədqiqat ilində M2-də dəyişilmiş bitkilərin irsi xarakter daşıdığı müəyyənləşdirilmişdir. Qeyri-tipik və yararsız bitkilərlə yanaşı, biomorfoloji və təsərrüfat qiymətli formalar ailə kimi əkilmiş, həmçinin onlarda seleksiya istiqamətli işlər həyata keçirilmişdir.

Ələddin Tağıyev

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu Texniki bitkilərin seleksiyası şöbəsinin müdiri  / http://aqroskop.az/uploads/images/c3(2).PNGAqrar elmlər üzrə elmlər doktoru