Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçrilib

Bu gün biz su təsərrüfatında mövcud olan problemləri müzakirə edəcəyik, həmçinin görüləcək işlər haqqında danışacağıq. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edir. Əgər biz bu layihələri icra etməsəydik, bu gün ölkəmizin dayanıqlı inkişafı mümkün ola bilməzdi. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramı qəbul olunarkən prioritetlər çox açıq şəkildə ortaya qoyulmuşdur. Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapmışdır. Son illərdə bu sahədə də böyük işlər görülmüşdür. Sadəcə olaraq, bir neçə rəqəmi ictimaiyyətin diqqətinə çatdırmaq istərdim. Regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40% idi. Bu gün isə bu rəqəm 70%-ə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29% idi. Bu gün bu rəqəm təxminən 82%-ə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9% idi. Bu gün bu rəqəm 63%-dir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu insanların sağlamlığı, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bu rəqəmlər hələ istədiyimizə tam nail ola bilmədiyimizi göstərir. Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər və mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi yaradılsın, ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planı icra edilsin. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100% olmalıdır.

Aqrar sahədə həyata keçirilən davamlı tədbirlər

Quraqlıq və su çatışmazlığının təsir etdiyi ən böyük sahələrdən biri kənd təsərrüfatıdır. Ölkə üzrə su istehlakının 80%-ə yaxını məhz kənd təsərrüfatının payına düşür. Bu ilin əvvəllərindən havaların quraq keçməsi və yağıntıların miqdarının azalması əkin balansının əsas hissəsini təşkil edən taxılın becərilməsində problemlər yaratmışdır. Mart-aprel aylarında havaların yağıntılı olması vəziyyəti qismən xilas etsə də, Aran rayonlarında 100 min hektar ərazidə taxıl sahələrinə ziyan dəymişdir. Suvarma problemi yaşanmayan digər rayonlarda məhsuldarlıq əvvəlki illə müqayisədə xeyli yüksək olsa da, bu il taxıl üzrə ümumi nəticə ötən ilə nisbətən 5,5% az olmuşdur.

Quraqlıq və su çatışmazlığı pambıq bitkisinin becərilməsinə də öz təsirini göstərməkdədir. Cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilmişdir. Pambıq əkinləri üzrə 7 min hektar sahədə I vegetasiya suvarması hələ də başa çatmayıb. Eyni zamanda 49 min hektar sahədə II vegetasiya suvarması həyata keçirilib ki, bu göstərici ötən illə müqayisədə 23 min hektar azdır. Hazırda pambığın suvarılması üzrə əsas problemlər daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında müşahidə olunur. Bundan əlavə, 35 rayon üzrə 50 min hektar sahədə təkrar qarğıdalı əkini nəzərdə tutulmuşdur. Bu günədək 36 min hektar sahədə səpin aparılıb. Hazırda suvarma problemi ilə əlaqədar bu işin həyata keçirilməsində çətinliklər yaşanılır. Mövcud vəziyyət meyvə bağları, yem bitkiləri və təbii yem mənbələrinə də mənfi təsir göstərir. Suvarma kifayət qədər olmazsa, yem bitkiləri üzrə məhsuldarlıq xeyli dərəcədə azala bilər. Həmçinin yağıntının azalması səbəbindən otlaq sahələrində təbii ot örtüyünün zəif inkişafı müşahidə olunmuşdur. Bu da heyvandarlığın inkişafına maneələr yaradır. Hazırda aqrar sektorda təsərrüfat fəaliyyətinin ən qızğın dövrüdür. Növbəti aylarda da su təminatı ilə bağlı çətinliklərin davam etməsi gözlənilir. Belə ki, əsas su kanallarına verilən suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə iyulun sonunadək 30%-ə qədər, avqustda isə 40-50% düşməsi gözlənilir. Söhbət Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarından gedir. Su çatışmazlığı, o cümlədən izafi su itkisi torpaqların şoranlaşması, eroziya və səhralaşmaya səbəb olur. Sadalanan problemlər torpağın münbitlik göstəriciləri və məhsuldarlığının aşağı düşməsinə gətirib çıxarır. Hazırda su çatışmazlığı fermerləri narahat edən ən aktual problemlərdəndir. Bununla əlaqədar nazirliyə 2500-dən çox müraciət daxil olmuşdur. Müraciətlər əsasən suvarmada yaranmış çətinliklər, subartezian quyularının istismarı və qazılmasında yaranmış problemlər, irriqasiya sistemlərinin nasazlığı və suvarma qrafiklərinin pozulması ilə bağlı olub. Mövcud su ehtiyatlarının ədalətli bölünməsi üçün 53 rayon üzrə 580 mindən çox suvarma qrafiki tərtib olunub Kənd Təsərrüfatı Nazirliyinin saytında yerləşdirilmişdir. Qrafiklərə əməl edilməsi ilə bağlı yerlərdə maarifləndirmə və nəzarət işləri həyata keçirilir. Daxil olan müraciətlər baxılması üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə göndərilir. Müraciətlərin sayına görə Goranboy, Sabirabad, Ucar, İmişli, Kürdəmir, Xaçmaz, Ağcabədi, Beyləqan, Biləsuvar və Salyan rayonları üstünlük təşkil etmişdir.

Dövlət tərəfindən müasir suvarma sistemlərinin qurulması təşviq edilir. Belə ki, suvarma sistemləri dövlət tərəfindən subsidiyalaşdırılan avadanlıqlar siyahısına daxildir. Son 2 il ərzində nazirlik xətti ilə 9,3 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 28,8 milyon manat subsidiya verilmişdir.

Həmçinin fermerlərin müraciətləri ilə bağlı müvafiq komissiyaya hər gün operativ məlumatlar göndərilir və problemlərin aradan qaldırılması üçün yerlərdə Meliorasiya və Su Təsərrüfatı ASC və yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət göstərilir. Görülən tədbirlərin əsas məqsədi su balansının elektronlaşdırılması və sudan səmərəli istifadəni özündə ehtiva edən subsidiya mexanizminin formalaşdırılmasıdır. Məhdud su resursları kontekstində suvarmanın səmərəliliyinin artırılması üçün suvarma zəncirinin bütün mərhələlərində, o cümlədən birbaşa suvarma fazasında innovasiyaların tətbiqi artıq zərurətə çevrilmişdir. Suvarma zəncirinin son mərhələsi olan birbaşa suvarmada fermerlərin pivot, damlama, yağış yağdırma və tamburlu suvarma sistemlərinə marağı yüksəkdir. Hazırda yazlıq əkinlər üzrə suvarılmanın aparıldığı aktiv dövrdür. Su çatışmazlığının əkinlərə mənfi təsirinin minimuma endirilməsi üçün nazirlik və müvafiq komissiyanın koordinasiyası ilə digər qurumlar tərəfindən davamlı tədbirlər görülür.

Prezident İlham Əliyevin yekun çıxışı

Müşavirənin yekunu olaraq, Prezidentin Sərəncamı hazırlanmalıdır. Bütün tapşırıqlar orada yer almalıdır. Hesab edirəm ki, bütün bu işlərdə aidiyyəti qurumlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak etməlidir. İlk növbədə alimlər və ekologiya üzrə mütəxəssislər bu işlərə mütləq cəlb edilməlidir. Biz sudan ekoloji tarazlığa mənfi təsir göstərmədən istifadə etməliyik. Bizim bu müşavirəmiz də bir növ vətəndaşlara verilən hesabatdır. Ona görə bu müşavirə də ictimaiyyət üçün açıq olacaq. Hesab edirəm ki, yerlərdən gələn təkliflər işimizə köməklik göstərəcək. Bütün bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bundan sonra bu işlər komissiya və aidiyyəti qurumlar tərəfindən ancaq koordinasiyalı şəkildə görülməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurumumuz var - “Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlar bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti bu problemlərin həll olunmasına nəzarət etməlidirlər.

İlham Əliyev

Prezident