Aqrar Sığorta Mexanizmi

Aqrar Sığorta Mexanizmi

2020-ci il noyabr ayından etibarən Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi fəaliyyətə başlamışdır. Artıq fermerlər və aqrar sahədə çalışan iş adamları öz təsərrüfatları, əkin sahələri və heyvanlarını sığortalaya bilərlər. Əkin sahələri və bitki məhsullarının sığortalanması işini Aqrar Sığorta Fondu (ASF) həyata keçirir. Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı qərarına əsasən aqrar sığorta ilkin mərhələdə 14 adda bitkiçilik məhsullarını əhatə edir: buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıq. Sadalanan 14 bitkinin becərilməsi ilə məşğul olan fermerlər öz əkin sahələrini sığortalaya bilərlər. Gələcəkdə sığortalanan bitkilərin siyahısının daha da genişlənməsi gözlənilir.

 

Aqrar sığorta bitkiləri aşağıdakı risklərdən sığortalayır:

 

Bu siyahıda göstərilən riskləri bitkilərin sığortalanması üçün “baza paketi” hesab etmək olar. Qaydalara görə, əlavə ödəniş etməklə bitki və məhsulları digər əlavə risklərdən də sığortalamaq mümkündür.

Əlavə sığorta haqqı

Əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilir. Məsələn, dolu meyvənin səthini zədələyir və onun əmtəə görünüşünü pisləşdirir. Nəticədə belə meyvələrin satış qiyməti aşağı düşür və fermerlər zərərlə üzləşirlər. Bundan başqa, əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən və gövdə hissəsində yaranan, həmçinin xəstəlik və zərərvericilərin yayılması riskləri nəticəsində yaranan miqdar itkisinə də təminat verilir. Əlavə ödənişlə taxılın təkcə dən hissəsini deyil, samanını da sığortalamaq olar.

Sığorta müqaviləsi

Fermer və təsərrüfat sahibləri onlara məxsus olan kənd təsərrüfatı bitkiləri və əkin sahələrini sığortalamaq üçün yaşadıqları bölgələrdə fəaliyyət göstərən və sığorta sisteminə daxil olan vasitəçi sığorta şirkətlərinə müraciət etməlidirlər. Bunlar “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir. Fermerlərin müraciətləri və təqdim etdiyi sənədlər idarəedici qurum olan “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-yə yönləndirilir. Bu məlumatlar əsasında müqavilənin bağlanmasına ilkin razılıq verildiyi halda müstəqil ekspert tərəfindən sığorta predmeti olan əkin sahəsinə baxış keçirilir. Müstəqil ekspert baxışın nəticələri ilə bağlı öz rəyini idarəedici quruma təqdim edir. Şirkətin məsul əməkdaşı göndərilmiş məlumat və sənədləri təhlil edərək qərar qəbul edir. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə məbləğ bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsulun miqdarı və qiyməti nəzərə alınaraq hesablanır. Tinglərin sığorta məbləği isə onun bazar qiyməti əsasında hesablanır. Qaydalara əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə riskin qiymətləndirilməsi nəticəsində bağlanılan müqavilələrdə 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur.

Sığortalanmış bitkilərə zərər dəyərsə, 24 saat ərzində hadisə barədə vasitəçi aqrar sığortaçı və ya idarəedici quruma məlumat verilməlidir. Hadisə zamanı dəymiş zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur. Müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir.

Kənd təsərrüfatı bitkilərinin sığortası ilə heyvanların sığortası arasında mühüm fərq vardır. Heyvanları ilin istənilən vaxtı sığortalamaq mümkündür. Bitkilərin sığortalanması üçün isə müraciət ilin müəyyən dövrlərində edilə bilər. Əkin sahəsi və bitkiçilik məhsulları ilə bağlı məlumatların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməsi mütləqdir. Yalnız bu sistemdə qeydiyyatdan keçən fermerlər sığorta üçün müraciət edə bilərlər. Bu zaman təqdim edilən məlumatların doğruluğu həmin gün ərzində yoxlanılır. Bundan əlavə, bitki və ya əkin sahəsinin sahibi sığortalanmış predmetlərə dair aqrotexniki, bioloji və kimyəvi tədbirləri vaxtında həyata keçirməlidir.