Badam Bitkisinin Bioloji Göstəriciləri

Badam gülçiçəkkimilər fəsiləsinin gavalı cinsinə aid yarımcins bitkidir. Badam bitkisinin 40-a qədər ağac və kol formalı növü mövcuddur. Ölkəmizdə 4 növü yayılmışdır. Mədəni badam sortları yabanı badam sortlarına yaxın olsa da, meyvəsinin böyüklüyü və qabığının nazikliyi ilə fərqlənir. Badam ağacları yarpaqlar əmələ gəlməmiş mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri tək-tək və ya 2-4 ədəd bir yerdə toplanmış şəkildə olur. Badam ağacının hündürlüyü 6-10 m-dir. Bəzi növlərinin hündürlüyü isə 16-20 metrə çatır. Badam ağacı 4-5 yaşından məhsul verir, 130 il və daha çox yaşayır. Meyvələri iyul-avqust aylarında yetişir və uzunluğu 2,5-3 sm olur. Mədəni badam sortlarının meyvəsi nisbətən iridir. Badam meyvəsində bir və ya iki ləpə olur. Ləpənin tərkibində 40-60% yağ, 20-30% zülali maddə, 13% karbohidrat, 3,6% sellüloza, 2,3% minerallı maddə və B1 vitamini vardır. Yabanı halda bitən badamın ləpəsi acı olur. Bunun da əsas səbəbi tərkibində 2,5-3,5% qlükozidin olmasıdır.

Qlükozid orqanizmdə qlükoza və sinil turşusuna parçalanır. Sinil turşusu qüvvətli zəhər olduğuna görə acı badam qida üçün istifadə edilməməlidir.

 

Müasir dövrdə dünya ölkələrində intensiv tipli bağçılıq inkişaf etdirilir. İntensiv tipli bağlar salınarkən müxtəlif vegetativ calaqaltılardan istifadə edilir. Badam gavalı yarımcinsinə aid olduğu üçün ona calaqaltı olaraq alça, gavalı, ərik, şaftalı və badam toxumacarları seçilir. İntensiv bağçılıqda badamın ən geniş yayılmış calaqaltıları CFF-677 və Garnem calaqaltılarıdır. Bu calaqaltılar, əsasən, biotexnologiya laboratoriyalarında steril şəraitdə kökləndirilərək artırılır. Köklənmiş calaqaltıları açıq havaya uyğunlaşdırmaq üçün 1 ay müddətində kölgəlikdə saxlamaq və aqrotexniki qulluq etmək lazımdır.

Vegetativ calaqaltılar üzərindəki badamlar ikinci ildən məhsula düşür. Badam ağacları 5x4, 5x3 və 5x2 sıxlaşdırılmış əkin sxemlərində əkilir. Buna görə sahədəki ağac sayı və məhsuldarlıq artır. 1 hektar ərazidə əkilmiş 666 badam ağacının hər biri 10-15 kq məhsul verərsə, təqribən 10 ton məhsul yığmaq mümkündür. Badam bağı salınacaq ərazi 1 il əvvəldən təmizlənməli və torpaq yay aylarında şumlanaraq yumşaldılmalıdır. Payızda torpaq yenidən şumlanır. Nəticədə torpaqda zərərvericilərin məskunlaşması və alaq otlarının kök salmasının qarşısı alınır. İkinci şumdan 20-25 gün sonra diskiləmə əməliyyatı aparılaraq torpaq layları dağıdılır. Daha sonra fosfor və kalium gübrələri səpilərək torpaq sahəsi frezlənir, ting əkiləcək yerlər nişanlanaraq çalalar qazılır. Çalaların dərinliyi 50 sm-ə yaxın olur. Tingləri çalalara yerləşdirərkən diqqət etmək lazımdır ki, köklər içəridə düz dayansın. Tingin kök ətrafında olan boşluqlar torpaqla örtülür və gövdəyə 10-15 litr su tökülür. Belə olan halda ağaclar daha yaxşı inkişaf edir. Son zamanlar Azərbaycanda badam, limon, feyxoa, naringi, portağalla yanaşı, digər subtropik bitkilərin becərilməsinə maraq artmaqdadır. Hazırda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasında avokado, manqo, papaya, passiflora kimi meyvə bitkilərinin istixana şəraitində becərilməsi həyata keçirilir. Bu bitkilər ölkəmizə Tailand və İndoneziyadan introduksiya olunmuşdur. Tezliklə tədqiqat işlərinin nəticələrinə əsasən fermerlərə bu bitkilərin əkini və becərilməsi barədə məlumatlar çatdırılacaqdır.

Abbas Hacıyev

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu / Meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri