Dənli-paxlalı bitkilər zülalla zəngin olduğu üçün əhəmiyyətlidir. Paxlalı bitkilərin dənində insan və heyvan orqanizmi üçün lazım olan bütün aminturşuları mövcuddur. Bitkinin toxum və meyvələrində insan orqanizminin həyat fəaliyyəti üçün lazım olan çoxlu miqdarda A, B1, B2, C və PP vitaminləri vardır. Tərkibindəki zülalın orqanizmdə mənimsənilmə faizi daha yüksəkdir. Dənli-paxlalı bitkilərə noxud, lobya, paxla, nut, mərci, soya, lərgə və gülülü misal göstərmək olar.
Gülül (Vicia) paxlalılar fəsiləsinə aid birillik bitkidir. Bu bitki Azərbaycanda yaz və payız aylarında becərilir. Kənd təsərrüfatında gülül toxumlarından heyvanlar üçün yemlər hazırlanır. Bitkinin quru otu, yaşıl kütləsi və dənində zülali maddələr çoxdur. Gülülün quru otunda 11,5-19% xam zülal, yaşıl kütləsində 69%, dənində 66%, toxumun tərkibində isə 28-30% protein olur. Yemin tərkibi karotinlə zəngindir. 1 kq yaşıl kütlədə 56-78 mq, quru otunda isə 37 mq karotin vardır.
Gülülün 85 növü məlumdur. Azərbaycanda bu bitkinin Lqovskaya 31-292, Nemçinovskaya-72 və Orlovskaya-4 kimi sortları vardır. Lakin yazlıq və payızlıq mədəni növləri daha əhəmiyyətlidir.
Yazlıq gülül mil kök sisteminə malikdir. Mil kökün üzərində kökcüklər, kökcüklərdə isə çoxlu rizobiumlar vardır. Hündürlüyü 50-60 sm, bəzən 100 sm-ə çatır. Yarpaqları lələkvaridir və hər lələkdə 4-8 cütə qədər yarpaq olur. Bənövşəyi çiçəkləri yarpaq qoltuğunda cüt-cüt yerləşir. Tozlanma öz-özünə baş verir. Meyvəsi paxla meyvədir. Paxlanın uzunluğu 6-7 sm olur və hər paxlada 7-9 ədəd toxum yerləşir. Dənin mütləq kütləsi 45-55 qrama qədər çatır. Gülülün toxumları 30C temperaturda cücərməyə başlayır. Cücərtilər şaxtaya davamlıdır. Toxumun yetişməsi üçün lazım olan temperatur 16-200C-dir. Cücərtilər alındıqdan 5-6 gün sonra gövdənin aşağısında budaqlar əmələ gəlir.
Bitki möhkəmləndikdən sonra bu budaqlar məhv olur. Bitkinin suya maksimum tələbatı çiçəkləmə fazasında başlayır. İllik yağıntıların miqdarı 450-500 mm olan bölgələr gülülün becərilməsi üçün əlverişlidir. Vegetasiyanın birinci mərhələsində gülül daha zəif inkişaf edir, qönçələmə və çiçəkləmə fazalarında isə böyümə sürətlənir. Gülül 40-60 gündə çiçəkləyir, toxumu isə 75-120 günə yetişir. Bu bitki 1 ton quru ot məhsulu vermək üçün torpaqdan 17 kq kalium və 6 kq fosfor alır. Torpaqda bor və molibdenin kifayət qədər olması vacibdir. Nəmliklə təmin olunmuş torpaqlarda bitki daha yaxşı inkişaf edir. Gülül bitkisi kökündə olan bakteriyaların hesabına torpağı azotla zənginləşdirir. Buna görə də o, növbəli əkində əlverişli sələf bitkisi hesab olunur. Gülül və vələmir qarışığından sonra tarla alaq otlarından təmizlənir. Bu bitki payızlıq dənli bitkilərdən sonra əkildikdə daha yaxşı nəticə verir. Gülül və qarışıq əkinlər üçün torpağın becərilməsi yazlıq bitkilərdə olduğu kimidir. Sələf bitkisindən sonra sahə üzlənir, həmçinin ön kotancıqlı kotanla 20-25 sm dərinliyində şumlama aparılır. Yazlıq səpinlər üçün nəzərdə tutulmuş sahələrdə payızdan dondurma şumu edilir və daha sonra kultivasiya çəkilərək malalanır.
Payızlıq gülülə nisbətən yazlıq gülülün fosfora daha çox ehtiyacı olur. Bir hektar sahəyə gübrə hissə-hissə verildikdə bitkinin quru ot məhsuldarlığı 8-10 sentner artır. Fosfor bakteriyaların fəaliyyətini artırır və azotun mənimsənilməsini sürətləndirir. Səpin üçün cücərmə qabiliyyəti 95% olan iri toxumlar götürülməlidir. Səpin cərgəvi üsulla aparılır. Səpin norması 1 hektara 70-100 kq-dır. Gülül vələmir və çovdarla qarışıq əkildikdə toxum normalarının nisbətindən asılı olaraq yemdə proteinin miqdarı dəyişir. Toxumluq sahə payızda səpilməlidir. Paxlaların 2/3 hissəsi yetişən kimi yığıma başlanılır. Yığım gecikərsə, aşağı yaruslardakı toxumlar tökülə bilər. Bu dövrdə dənlər mum fazasında olur. Gülül otbiçən maşınla biçilməli və 3-4 gün sonra СK-3 markalı kombaynla döyülməlidir. Döyüldükdən sonra toxumun nəmliyi 15%-ə çatdırılmalı, dezinfeksiya olunmalı və havalandırılan anbarlarda saxlanılmalıdır. Gülülün qarışıq əkilməsi alaq otlarını məhv edir. Zərərvericilərdən yonca sovkası, çəmən kəpənəyi və noxud mənənəsi gülül əkinlərinə ciddi ziyan vurur. Gülül bitkisi daha çox bakterioz, pas, askoxitoz, unlu şeh və peronosporioza xəstəliklərinə yoluxur. Mübarizə məqsədilə kimyəvi preparatlardan istifadə edilir.
İmarət Əsgərli
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi